Əsas Səhifə > Şou-biznes > “Səhərə kimi mahnı ifa etmişəm ki, səsim batıb”
“Səhərə kimi mahnı ifa etmişəm ki, səsim batıb”11-11-2020, 15:10 |
Noyabrın 9-dan 10-a keçən gecə saat 2 radələrində bütün ölkəyə qələbə xəbəri yayıldı. Müharibə bitdi! Qarabağ bizimdir! Hər kəsin statusunda bu cümlələr əks olunurdu. Səbəbi isə Ermənistanın baş naziri Nikol Paşinyanın Feysbuk səhifəsində xalqına müraciət etməsi, bir növ təslim olduğunu açıqlaması idi. Düzü, sevinirdik, yenə də cənab Ali Baş Komandanın xəbəri təsdiqləməsini gözləyirdik. Elə də oldu. Döyüş əməliyyatlarının dayandırılmasına dair bəyanat imzaladı. Və ölkə başçısı birbaşa özü qələbə xəbərini xalqa duyurdu. Ümumilikdə 9 bənddən ibarət olan razılaşma Ermənistanın məğlubiyyətinin növbəti sübutudur. Tarixi ədaləti bərqərar edən sənəddir. Elə bu səbəbdən də Azərbaycan xalqı doya-doya qələbə sevincini yaşayır. 10 noyabr səhər saatlarından etibarən insanlar küçədə, yollarda xoşbəxtliklərini nümayiş etdirirlər. Eynən Xalq artisti Mənsum İbrahimov kimi... Sənətkar zəfər hissini xalqla bir yerdə meydanlarda yaşayır... “Sherg.az”la həmsöhbət olarkən isə böyük qələbənin təsirindən danışıb: “Hamımız sevincliyik, qələbə hissləri yaşayırıq. Uzun illərdir bu duyğular bizə qismət olmurdu. 30 ildən sonra Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz dastan yazdı. Düşmən məğlub oldu, biz qazandıq. İndi qalib kimi öz qələbəmizi qeyd edirik.Millət meydanlarda, küçələrdə bayram ab-havasındadır. Xalqımızı, Ali Baş Komandanımızı təbrik edirəm. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm, allah ordumuzu, cənab prezidenti qorusun. Ona görə ki, bu zəfər bayramını bizə bəxş etdilər. Yenidən Qarabağımıza qovuşduq, bundan gözəl hiss ola bilməz”. M.İbrahimov, həmçinin səhər saat 4-də “Şəhidlər Xiyabanına”getdiyini söyləyib: “Evdə otura bilmədim, televizorda gördüm, Şəhidlər Xiyabanına gəldim... Oradakı camaata qoşuldum, canlı efirlərə bağlandım. Səhərə kimi o qədər mahnı ifa etmişəm ki, səsim batıb. İstədim bayramımızı xalqımızla birgə qeyd edim.Onlarla zəfər sevincini yaşayım. Çox möhtəşəmdir. Həmin hissləri dillə izah etmək mümkün deyil. Onu da deyim ki, Qarabağ xalqımızı yumruq kimi birləşdirdi. Birliyimizi Allah bizə çox görməsin. Həmişə belə qalaq. Həmrək olanda bizi heç kim yenə bilməz. Çünki bizimki haqq işidir”. Geri qayıt |