Əsas Səhifə > Şou-biznes > “Qərb mediası Azərbaycan daxilində adam axtarır ki, hakimiyyəti söysün”

“Qərb mediası Azərbaycan daxilində adam axtarır ki, hakimiyyəti söysün”


24-10-2020, 09:22
“Qərb mediası Azərbaycan daxilində adam axtarır ki, hakimiyyəti söysün”
Əgər Azərbaycan əsgəri Əfqanıstanda, yaxud Suriyada boz səhralar uğrunda böyük güclərin maraqlarına qurban getsəydi, ölüb-öldürsəydi, pasifistlərə haqq qazandırmaq olardı - axı niyə o torpaqlar üçün döyüşürsən?! Amma söhbət öz yurdu, düşmənin 27 ildir tapdağı altında olan Qarabağ üçün savaşmaqdan, can verməkdən, işğala son qoymaqdan gedir. Di gəl, bəzi “kosmopolit” və “sülhpərvər”, “NoWar” - “Müharibəyə yox!” deyən həmvətənlərimiz absurd ideyalarına fasilə vermədən sosial mediada elə hey yazırlar: müharibə dayansın, bu döyüşlər Azərbaycan hakimiyyətinin ömrünü uzatmağa hesablanıb və s. ilaxır...

Yaxşı, nə edək, Zəngilan, Cəbrayıl və Füzulini azad etdikdən sonra dayanaq, deyək ki, Şuşa, Laçın, Xankəndini istəmirik, təki qan tökülməsin, gəlin ruhi xəstə Paşinyanla bir masada oturaq?! Belələri azmış kimi, üstümüzə bir də bəsirət gözləri bağlanmış Qərb mediası gəlir. Azərbaycan haqda nə gəldi yazırlar, amma bizi dinləmirlər. Bütün bu söhbətlərin son günlərdə, açığı desək, lap ağı çıxıb və Avropada yaşayan soydaşlarımızın da bir çoxunun səbrini daşırıb.

Bu mövzularda həmsöhbətimiz Almaniyanın Berlin Humboldt Universitetində çalışan kulturoloq, bəstəkar və musiqişünas Elmir Mirzəyevdir. Onun “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

- Elmir bəy, Qərb, xüsusən yaşadığınız ölkənin mətbuatına yaman qəzəblisiniz. Səbəb nədir?

- Əsasən alman mətbuatını oxuyuram, ingilisdilli medianı da izləyirəm. Bu yaxınlarda “Washington post” biabırçı yazı vermişdi. Həmin məqalə barədə AzLogos portalımızda “Washington post” və çöl donuzları" başlıqlı bir yazım da yayımlanıb. Qəzet “Suriyalı muzdluların ölümü Türkiyə və Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə necə cəlb oluna biləcəyini göstərir” adlanırdı. Müəllifi kim olsa yaxşıdır, özü Moskvada yaşayıb bu qəzetin xarici müxbiri kimi çalışan İsabella Xurşudyan adlı xanım... kiminsə şübhəsi ola bilərdi ki?

Ən dəhşətlisi odur ki, bu yaxınlarda bir nüfuzlu alman qəzetinə 6 saat müsahibə verdim. Müxbir saatlarla gözünü döyüb üzümə baxdı, ona heç cür inandıra bilmədim, bütün faktları, beynəlxalq konvensiyaları, nə bilim BMT-nin qətnamələrini, həqiqətlərin hamısını açıqladım, yenə xeyri olmadı. Onlar istəyir ki, sən deyəsən Azərbaycanda avtoritar idarəçilik var, müxalifət və ölkəmizdəki erməni azlıq “əzilir”. Bu avropalıları başa sala bilmirsən ki, Azərbaycana kim istəsən rəhbər olsa, Əliyev yox, Məmmədov, Həsənov, lap tutaq ki, elə Karapetyan soyadlı belə olsa, hətta uzaq Liviyadan da bir siyasətçini gətirib prezident qoysan, Qarabağ məsələsində yalnız bu siyasəti yeritməlidir. Başqasını xalq qəbul etməz. Onlarsa, yəni Qərb mediası Azərbaycan daxilində adam axtarır ki, hakimiyyəti söysün, bu siyasəti pisləsin. Onu da tapa bilməzlər. Mənim müsahibəmi çap etmədilər, sonra bir alman professorun da başına eyni iş gəldi.

Yaxşı, tutalım bunların gözündə mən azərbaycanlıyam, yəni tərəf tuturam (!), indi təsəvvür edin ki, “Berliner Zeitung” qəzeti hörmətli professor Mixail Reinhard Hesi çağırır, ondan müsahibə alır, sonra münaqişə ilə bağlı dediklərini dərc etmir. O da facebook hesabımda şərh yazaraq özü qeyd etdi ki, alman mətbuatından xəcalət çəkir. Bax, vəziyyət budur. Ümumiyyətlə, alman və Qərb mediası haqda anlayışım varıydı, bilirdim ki, hamısı daşnaklardan yana sino gedir. Amma daha bu qədər də olduğunu ağlıma gətirmirdim. İndi də qırsaqqız olublar ki, niyə Azərbaycanın dövlət başçısı sapsarı “Bild” dərgisinə müsahibə verməkdən imtina edib. Ay adam balası, Almaniyada hamı bilir ki, “Bild” kimi “sarı nəşr”ə nəinki dövlət rəhbəri, özünə lap azacıq hörmət qoyan sıradan vətəndaş da müsahibə verməz, ona yaxın durmaz.

- “Müharibəyə yox” deyənlər az qala Azərbaycanı günahkar çıxarırlar. Kənardan bu baxışlar necə görünür?

- Sülhdən danışanları heç zaman qınamamışam, əsla. Bizə sülh və sülhdən danışan insanlar çox lazımdır, gərəklidir. Onlar azlıqdadır və indiki halda sülh haqda danışmaq çətindir. Çünki müharibə gedir və başqa çıxış yolumuz yoxdur. Bütün müharibələr də yalnız sülh üçün aparılır. İnşallah, tezliklə qalib gələcəyik və ümid edirəm ki, müzəffər zəfərə lap az qalıb. Ondan sonra bizə dayanıqlı sülh lazımdır. Bunun üçün hamımız gərək sülhdən danışaq. Hakimiyyət də bunu edir və kifayət qədər doğru siyasətdir, çünki erməni azlıqla dil tapmalıyıq. Bu haqda bizim AzLogos portalında Hacı Hacıyevin “Marşal planı” adlı yazısı gedib, gələcəkdə tərəflərin münasibətləri bərpasında reabilitasiyanın rolu haqda geniş izah verilib. Bu işlərdən xəbərdar olan biri kimi bircə onu qeyd edim ki, bizim sülhpərvərlərin çoxu sadəlövh adamlardır. Erməni tərəfdən həmin sülh platformasına imza atanların səhifələrinə baxanda görürsən ki, az qala faşist təbliğatı aparırlar. Uzun illər azərbaycanlılarla ermənilər arasında sülh platformalarını izləmiş biri kimi əminliklə deyə bilərəm ki, bu layihələr yalnız Azərbaycanın qeyd-şərtsiz kapitulyasiyasını tədricən qəbul etdirməyə hesablanmışdı. İndi isə, Azərbaycan qalib gəldikdən sonra həmin qrantla olan sülh platformaları bitdi artıq, olmayacaq. Həmin platformaların məğzi beləydi ki, status-kvonu, “müharibənin gətirdiyi reallıqları” sonda qəbul etməlisiniz. Bu idi məsələnin kvintessensiyası. Necə ki, rəsmilər Azərbaycan prezidentinə, diplomatlarımıza söyləyirdilər, sülh platformaları da bizimkilərə çatdırırdı ki, təslim olun, reallıq belədir.

Nə Qərbə, nə ermənilərə belə sülh lazımdır, əksinə, bizə lazımdır. Ona görə müharibə qələbə ilə başa çatdıqdan sonra özümüz sülh platformaları təşkil etməliyik. Odur ki, sülhdən danışan adamlara qarşı qəddar olmaq lazım deyil. Hansısa psixi xəstələr, “qəhrəman” obrazı düzəldilmiş bəziləri haqda heç danışmaq, adlarını çəkmək istəmirəm. Bircə onu deyim ki, o adamları hüquq-mühafizə orqanları basqılardan qorumalıdır. Əvvəla, heç bir insanı hansısa fikrinə, sözünə görə linç etmək olmaz, bir də ki, biləsiniz - başlarına bir iş gəlsə, Qərb mediası həşir qoparacaq, bunu əlində “kozır” edəcək.

- Yeri gəlmiş, həmin “beyin sahib”ləri danışır ki, bu müharibə guya iqtidara əbədi hakimiyyətdə qalmaq üçün lazım imiş. Halbuki YAP müharibəsiz dövrlərdə də iqtidarda qalmağı bacarıb. Lakin faktiki olaraq ortada 27 sentyabrdan sonra tam fərqli bir Azərbaycan və onun rəhbərliyi var. Hətta deyərdim ki, cəmiyyət prezidentin potensialına bu dərəcədə bələd deyildi. Siz necə düşünürsünüz və müharibələr hakimiyyətlərə lazımdırmı?

- Bu günlərdə İlham Əliyev sözün həqiqi mənasında milli liderə çevrilib və artıq buna kimsə şübhə etməyəcək. Xalqın istəklərini tamamilə reallaşdıran, çox praqmatik bir siyasətçidir. Deyərdim ki, virtuoz, diplomatik geosiyasi durum yaratmaqla hiyləgər düşməni elə bir dalana salıb, heç bir müqavimət göstərə bilmirlər. Ümid edirəm ki, müharibədən sonra ölkədə böyük milli barış olacaq. Prezident bütün vətəndaşlarımız tərəfindən onların istəklərini maksimal, çağdaş vasitələrlə, qəhrəman Azərbaycan ordusunun şəxsi heyətində böyük tələfat, qırğınlar olmadan həyata keçirmiş bir milli lider kimi artıq qəbul olunur. Ali Baş Komandan kimi indi hamı onun siyasətinə inanır, doğru olduğunu başa düşür. Bu siyasətin ən vacib tərəfi onun praqmatik və çağdaş olmasıdır.

Mən bu prosesləri uzun illər izləmişəm, məsələni incələmiş bir çox hərbi icmalçılar, bütün xarici ekspertlər, Tomas De Vall və digərləri də deyirdi ki, Azərbaycan bunu edə bilməyəcək, münaqişənin hərbi yolu yoxdur, çünki çox ağır relyefdir, güclü istehkamlar qurulub və bu əməliyyatda yüz minlərlə insan həlak olacaq. Mən də düşünürdüm ki, bunu necə edə bilərik, çoxlu itkilərimiz ola bilər. Lakin İlham Əliyev sübut etdi ki, ən çağdaş taktika ilə bu əməliyyatları həyata keçirmək olar. Çox inanıram ki, canlı itkilərimiz azdır.

Burada İlham Əliyevin zəhməti, siyasətçi kimi bu işi ardıcıl, praqmatik şəkildə qurması yüksək dəyərləndirilməlidir. Onu da deməliyəm ki, bu azadlıq müharibəsinin planını qurmağa, onu başlamaq əmrini verməyə özündə güc, cəsarət tapmış milli lider İlham Əliyev bu qələbəmizin memarıdır. Eyni zamanda Azərbaycanın rəşadətli Ordusuna, əsgərinə, zabitinə, şəxsi heyətinə eşq olsun, onların qarşısında baş əyirik. Onlar da bilirlər ki, ortalığa çox ciddi siyasi və milli iradə qoyulub. Bunu qeyd etmək də vacibdir, çünki bildiyiniz kimi qələbənin ətrafına həmişə yığılanlar çox olur, məğlubiyyət yetim alır. Əgər bu yolda nəsə doğru getməsəydi, inanın ki, hamı İlham Əliyevi tənqid edəcəkdi, düzgün siyasət yürütmədiyini deyəcəkdilər. İndi zəfər qazanırıq deyə, çox adam bu haqda danışır, lakin onun memarının kim olduğunu qeyd etmək borcumuzdur.
“Yeni Müsavat”

Geri qayıt