Əsas Səhifə > Şou-biznes > “Duet oxumaq, kiminsə kölgəsində özümü reklam etdirmək istəmirəm”
“Duet oxumaq, kiminsə kölgəsində özümü reklam etdirmək istəmirəm”21-01-2017, 09:40 |
Şou-biznes elə bir aləmdir ki, yeniliyi, gözəlliyi sevir. Hər il bu aləmə yeni-yeni simalar, səslər gəlir. Və beləliklə, gündəm dəyişir. Onlardan kimisi sevilir, kimisi də kölgədə qalır. Yeni səslərin gəlişi ilə insanların bir növ qulaqlarının pası açılır. Fərqli səsi və siması ilə qısa bir zamanda tanınan Səbinə Əsgərova ötən gün qonağımız oldu. Qeyd edək ki, ifaçı tanınmış prodüser Təranə Səmədova ilə işbirliyinə də başlayıb. Prodüser bu işdə ifaçıya dəstək olur və ona doğru insanlarla çalışmağın labüd olduğunu məsləhət görür. Səbinə "Səndən sonra”, "Yağ yağışım” mahnıları ilə son dönəmlərin ən çox dinlənilən ifaçılarındandır. Onun uşaqlıqdan incəsənətə, musiqiyə böyük marağı olub. Ancaq nədənsə özünü sınamaqdan çəkinib. Qismətə inanan ifaçı yalnız öz yaradıcılığı ilə insanları təəccübləndirəcəyini deyir. Beləliklə, şou aləminin yeni siması ilə siz də daha yaxından tanış olun. - Səbinə xanım, son dönəmlər sizin ifa etdiyiniz "Yağ yağışım” mahnısı böyük diqqət cəlb etdi. Bu mahnı ən çox dinlənilən mahnılar sırasında öz yerini tutub. - Elədir. Bu mahnı mənim də ürəyimə yatdı. Mahnını ilk dəfə dinləyərkən əgər mənim könlümə yol tapırsa, o, mütləq uğur qazanır. İnanıram ki, bu mahnı mənə böyük uğur gətirəcək. - Mahnının klipi də qısa zaman ərzində 500 mindən çox baxış sayı qazandı və bu da klipə olan tələbatdan xəbər verir. - "Yağ yağışım” mahnımın klipinin bu qədər izləniləcəyini gözləmirdim. Əslində bu məni çox sevindirir. Qeyd edim ki, klipin rejissoru Anar Hüseynovdur. Klipin süjet xətti yoxdur. Əslində indi çəkilən kliplərdə süjet xətti olmur. Bu, dünya şou aləmində də belədir. Mahnının mövzusu elədir ki, o klipdə süjet xəttinə ehtiyac yox idi. Klipin maraqlı alınması üçün mahnının gözəl olmasını zəruri hesab edirəm. Mahnıdakı sözlər bir qədər məni özünə cəlb etdi. Həmin mahnının sözləri və musiqisi İsmayıl Əsədova məxsusdur. - Mahnı seçərkən nəyə daha çox diqqət göstərirsiniz? - Mahnının sözləri mənim üçün çox önəmlidir. Bir də onun aranjemanı. Bəzən görürük ki, mahnın sözləri də, musiqisi də çox gözəldir, ancaq elə aranjeman olunub ki, qulağa xoş gəlmir. Ona görə əgər bir mahnı ərsəyə gətirməyə çalışırıqsa, sözlərindən tutmuş, aranjemanına qədər hər şeyi səliqəli olmalıdır. Bu mənim üçün çox önəmlidir. - Necə hesab edirsiniz, ifaçı kimi tanınmaq üçün səs önəm daşıyırmı? - İfaçı üçün səs çox önəmlidir. Ancaq indi tanınmaq üçün səsin o qədər də önəm daşıdığını düşünmürəm. Çox da kənara çıxmıram, elə ölkəmizdə o qədər gözəl səs imkanlarına malik olan gənclərimiz var ki. Onlar haradadırlar? Bunun üçün digər amillər daha çox rol oynayır. Tanınmaq üçün səs haradasa 3-4-cü yerdə dayanır. - Şou aləminə daxil olmaq çox çətin məsələdir. Şou dünyası gənc müğənniyə hansı çətinlikləri yaşadır? - Heç bir iş insana asan başa gəlmir. Əgər bir yerə gəlib çıxmaq istəyirsənsə, mütləqdir ki, ilk növbədə öz üzərində çalışasan. Bir də çalışmaqdan əlavə, maddi vəziyyətin də qaydasında olmalıdır. Müğənni öz üzərinə yatırım etməlidir ki, onun bəhrəsini görsün. Tanınmaq üçün ilk növbədə yaxşı mahnı yazdırmalı, klip çəkdirməlidir ki, bunun hamısı maddiyyat tələb edir. Tanınandan sonra da layihələrə, geyimə, hər şeyə pul verməlisən. Pul qoymalısan ki, ondan pul götürəsən. Bu sahədə tanınmaq üçün daim mübarizə aparmalısan. Neçə ilin müğənnisi olursan-ol, mütləqdir ki, yeni mahnılara pul xərcləyəsən. Bəzən şahidi oluruq ki, siması tanınan ifaçılar belə, pul xərcləməməyin dərdindən aranjerovkası sıfra bərabər olan mahnılara müraciətlər edirlər. - Səbinə xanım, gələcəyə dair hədəfləriniz nələrdən ibarətdir? - Əslində elə böyük hədəflərim yoxdur ki, bir neçə ildən sonra sənətdə partlayış edəcəm və ya şou aləminə yeniliklər gətirəcəm. Elə deyil. Hələ ki öz yolumuzla gedirik. Qismətin qarşımıza nələr çıxaracağını isə bircə Allah bilir. Hər şeyi yaşayarıq, görərik. - Bəs gələcəkdə albom hazırlamağı düşünürsünüzmü? - İndiyə qədər 8 mahnım var. Hazırda Ceyhun Əliyevdən yeni mahnı götürmüşəm. O mahnı da hazır olduqdan sonra alboma daxil etməyə yetərincə mahnım olduğuna görə, mahnılarımı toplayıb bir albom hazırlamağı düşünürəm. Hələ ki bu haqda danışmaq tezdir. - Duet necə, gözlənilirmi? - Hələ ki kiminləsə duet oxumağı planlaşdırmıram. Düşünürəm ki, hər hansı tanınmış müğənni ilə duet oxusam, sonra deyər ki, "sayəmdə tanındı”. Elə bir xasiyyətə malik insanam ki, kiminsə kölgəsində özümü reklam etdirmək istəmirəm. Ola bilər ki, bu sənətdə sözümü deyəndən sonra kiminləsə duet oxuyum. - Özəl həyatınızda vəziyyət necədir? - Özəl həyatımda hər şey qaydasındadır. - Bəs sevdiyiniz şəxs? - Hələ ki sevdiyim şəxs yoxdur. Həyatımdan məmnunam. Sevgidən bir qədər qorxuram. Sevəndə ya tam sevir, ya da heç sevmirəm. - Bəs sevdiyiniz adam qarşınıza şərt qoysa ki, ya ailə, ya da sənət, onda necə? - (Gülür) Bu mümkün deyil. Sevdiyim insanı ataram, ancaq sənətimi əsla. Çünki mən tanınmaq, bu sənətdə söz deyə bilmək üçün həm maddi, həm də mənəvi cəhətdən çox əziyyət çəkmişəm. Bunların hamısını kiməsə görə dəyişməyə dəyməz. Onu da bilirəm ki, sonrakı peşmançılıq heç bir fayda vermir. - Bu gün müğənnilərin əksəriyyəti özlərini filmlərdə, seriallarda da sınayırlar. Bəs siz belə təkliflər alırsınızmı? - Seriallara təkliflər alıram. Ancaq çox istərdim ki, maraqlı və səviyyəli bir filmdə baş rolda çəkilim. Komediyada oynamaq istəmərəm. İnsanları güldürmək daha çətindir, nəinki ağlatmaq. - Sosial şəbəkələrdə aktivsiniz? - Sosial şəbəkələrdə qeydiyyatdan keçsəm də, ancaq "Facebook” diqqətimi daha çox cəlb edir. Əslində sosial şəbəkə xəstəsi deyiləm. Ehtiyac duymasam, sosial şəbəkəyə girmirəm. Elə olur ki, günlərlə sosial şəbəkədəki səhifəmdən xəbərim olmur. Bəzən də olur ki, gün ərzində 3, 4 şəkil paylaşıram. - Səbinə Əsgərova Azərbaycan şou-biznesinə hansı yenilikləri gətirəcək? - Mən deyə bilmərəm ki, Azərbaycan şou-biznesinə yenilik gətirəcəyəm, yaxud da kiminsə çörəyini əlindən alacağam. Bunu edə bilmərəm. Elə söz verim ki, onun arxasında dura bilim. Öncədən danışmağı xoşlamıram. - Adətən sənətə başlayan gənclər beynəlxalq müsabiqələrdə ölkəmizi təmsil etmək istəyirlər, bəs siz necə? - Əslində mən bunun tərəfdarı deyiləm. Ola bilər ki, mən müsabiqədə yer tuta bilməyim. Bu mənə mənəvi təsir edə bilər. - Beynəlxalq yarışmalarda iştirak etmək üçün gözəl səs imkanlarına və simaya məxsus olmaq şərtdir. Bu da sizdə var. - (Gülür) Orada bilirsiniz məndən nə qədərdir? Onları mənim simamla təəccübləndirə bilmərik. Mənim simamdan onlarda çoxdur. - Adətən bizim yerli müğənnilərimiz Türkiyə şou-biznesinə qatılmaq istəyirlər... - Türkiyə şou-biznesinə qatılmaq istəmirəm. Onlara biz heç lazım da deyilik. Onlar bizim müğənnilərin mahnılarına o qədər də əhəmiyyət vermirlər. Nədənsə bizi qəbul etmirlər. Öz müğənnilərini atıb bizi tutmurlar. Onlar öz müğənnilərini daha uca tuturlar. Bizdə bir qədər proses fərqlidir. - Danılmaz faktdır ki, bu gün müğənnilərin əsas gəlir mənbəyi toylardır. Toylara dəvət alırsınızmı? - Alıram. Ancaq hər toya da getmirəm. Toylarda öz repertuarımda olan mahnıları da oxuyuram. Toylar üçün bir neçə popuri mahnılar da yazdırmışam. Bunu toylarda ifa edirəm. Ancaq bu popurilər efir üçün nəzərdə tutulmayıb. Efirin efir, toyun isə toy mahnıları var. Toya getmək ayıb deyil ki. Bəs müğənnilər necə gəlir əldə etsinlər? Müğənninin başqa biznesi yoxdur axı. Azərbaycanda nə qədər ki albomdan, konsertdən gəlir əldə edilməyəcək, müğənninin toydan başqa gəlir yeri olmayacaq. \\kaspi.az\\ Geri qayıt |