Əsas Səhifə > Şou-biznes > Gənc ekstrasens müğənnilərimizin başına gələcəklərdən danışdı

Gənc ekstrasens müğənnilərimizin başına gələcəklərdən danışdı


1-11-2016, 08:24
Gənc ekstrasens müğənnilərimizin başına gələcəklərdən danışdı
DİA.AZ oxu.az-a istinadən tanınmış ekstrasens Aqil Məhərrəmovun müsahibəsini təqdim edir:

- Gah Moskvada, gah da Bakıda olursunuz. Hər iki ölkənin vətəndaşları daha çox hansı problemlərlə bağlı sizə üz tuturlar?

- Mən, əsasən, Rusiyada yaşayıram. İşimlə bağlı Azərbaycana gəlib, yenidən ora qayıdıram. Rusiyada insanlar daha çox şəxsi biznes və sağlamlıqları ilə maraqlanırlar. Azərbaycanda isə əvvələr daha çox şəxsi həyatları ilə bağlı suallar verirdilərsə, hazırda müştərilərin təxminən 60 faizi biznes işi ilə əlaqədar, 40 faizi isə ailə həyatı ilə bağlı müraciət edirlər.

- Rusiyalı və azərbaycanlı müştərilər arasındakı fərqli cəhət nədir?

- Azərbaycanlı müştəri pulunu ödəyir və ona verdiyim tapşırıqları məhz mənim etməyimi istəyir, yəni evdə oturub, hansısa möcüzə baş verəcəyini gözləyir.

- Vergi ödəyirsiniz?

- Çox təəssüf edirəm ki, Azərbaycanda bu sahə üzrə vergi ödənişi yoxdur. Amma Rusiyada artıqlaması ilə vergi ödəyirəm.

- Bildiyim qədər bəzi tanınmışlar da sizə müraciət edirlər...

- Bəli, doğrudur. Lakin onların hamısını qəbul etmirəm. Bəzilərinin həyatında baş verənləri bildiyimə görə, neqativ enerji ilə yüklənmək istəmirəm.

- Sevmədiyi həmkarının işlərini çətinə salmaq üçün sizə müraciət edənlər olub?

- Bəli, olub. Etiraz etmişəm.

- Bəs necə kömək etmisiniz?

- Bir ulduzun parlamasında kömək etmişəm. Məsələn, işinin uğurlu alınması üçün yollanacağı ölkəni və orada hansı işləri görərsə, irəli gedə biləcəyini söyləmişəm.

- Söhbət kimdən gedir?

- Qadın müğənnidir. Hazırda biz həmin xanımla danışmırıq. Ona görə adını çəkmək istəmirəm.

- Küsməyinizin səbəbi nədir?

- Ola bilər, çörəyi dizinin üstündədir və ya mənə yaxınlaşmağa ehtiyat edir.

- Efirdə ən çox yalan danışan tanınmış kimdir?

- Hamısı. “Mən qızımı müğənniyə ərə vermərəm” deyənin özü, sonradan müğənni ilə ailə qurur, “mən dürüstəm, kasıba əl tuturam” söyləyənin qapısını döyüb beş manat pul istəyəndə, “yoxdur” deyir, digəri “evimlə avtomobilim kreditdədir” deyə “ağlayır”, amma tədbirlərə 8-10 min manatlıq libasla qatılır və s.

Müğənnilərdən Natavan Həbibi ilə Günay İbrahimlini dürüst hiss edirəm. N.Həbibi, əslində, daxilən çox zəif insandır, sadəcə, mütləq şəkildə özünü bu cür güclü göstərməlidir. Çünki başqa yolu yoxdur, əks halda onu əzib keçərlər.

- Həmkarınız Zirəddin Rzayev “Ru TV”-də model Alyona Vodonayeva ilə birgə “Paranormallar” adlı, Rusiya şou-biznesinin ulduzları da daxil olmaqla, məşhurların həyatında baş verən paranormal hadisələr barədə yeni proqram təqdim edir. Sizcə, veriliş nə dərəcədə uğurlu alınacaq?

- Veriliş həmin telekanalda uğurlu alınmayacaq.

- Bəzi mütəxəssislər söyləyirlər ki, insan dünyaya proqramlaşdırılmış şəkildə gəlir. Bu fikirlə razısınızmı?

- Xeyr. Yalnız doğum ilə ölüm tariximiz və doğulacaq övladlarımızın sayı proqramlaşdırılıb. Digər şeylər isə insanın öz əlindədir.

- Bəs hər hansı bir şəxs haqqında proqnoz verdiyiniz informasiya sizə necə ötürülür?

- Buna trans halı deyilir, beyində olan bütün fikirlər yoxa çıxır, boşluq yaranır, həmin anda yeni informasiya gəlir, bu, öncəgörücülükdür. Kino lenti kimi gözümün önündən kadrlar keçir. Orada fotoşəklinə baxdığım, yaxud haqqında düşündüyüm insanı və onun ətrafındakıları görürəm.

- Artıq 2017-ci il yaxınlaşır. Azərbaycan mədəniyyəti və şou-biznesini Yeni ildə nə gözləyir?

- Azərbaycan şou-biznesi get-gedə sönür, amma sənət aləmini yerindən oynada biləcək qədər irəliyə gedən üç xanım olacaq. Onlardan ikisi tanınmamış, biri isə tanınmış müğənni, Xalq artisti Aygün Kazımovadır. Amma Aygün xanım hazırda depressiya vəziyyətdindədir, gərgindir. Son zamanlar şəxsi həyatı ilə bağlı çox fikir edir.

Digər uğur qazanacaq xanım isə “Səs Azərbaycan”ın qalibi Emiliya Yaqubovadır.

- Bəs gələn il hansı məşhurların başının üstünü qara bulud alacaq?

- Nazpəri xanımın səhhəti ilə bağlı çox ciddi problemlər görürəm.

Dünya ulduzu Madonna haqqında da proqnoz verə bilərəm. O, hansısa ciddi xəstəliyə görə bir neçə dəfə xəstəxanaya düşə bilər. Hətta mən onun ölümünü də görürəm. Bunlar yaxın 6 ay ərzində baş verəcək.

P.S.: Müsahibənin sonunda tanıdığım üç müxtəlif xarakterli insanların fotoşəklini Aqil Məhərrəmova göstərərək onların keçmişi ilə bağlı nə hiss etdiklərini soruşdum. Məhərrəmov həmin şəxslərin həyatında baş verən bir çox məqamları düzgün qeyd etdi. Daha sonra onların gələcəyi ilə bağlı bir neçə proqnoz verdi. Söylədiklərinin reallaşıb-reallaşmayacağını isə zaman göstərəcək...

Geri qayıt