Əsas Səhifə > Şou-biznes > Kamran Həsənlinin "kişi söhbəti"nə cavab gəldi

Kamran Həsənlinin "kişi söhbəti"nə cavab gəldi


31-03-2016, 11:33
Kamran Həsənlinin "kişi söhbəti"nə cavab gəldi
Müğənni Samir Piriyevin hüquqşunası Ruslan Əhmədoğlu şoumen Kamran Həsənli ilə bağlı daha ciddi addımlar atdıqlarını bildirib.

Axşam.az-a açıqlama verən R.Əhmədoğlu aparıcının uydurma xəbərlərlə məhkəmənin gedişatına mane olmağa çalışdığını iddia edib:

“Bu gündən bütün hüquq-mühafizə və digər dövlət qurumlarına şikayət ərizələri göndərmişik. Çünki məsələ artıq nəzarətə götürülməlidir. Biz istintaqın bu cür hərəkətsizliyindən birmənalı olaraq narazıyıq. Kamran Həsənli hər cür uydurma, yalanlarla istintaqın gedişatına mane olmağa çalışır. Əslində o, gələcəkdə barəsində seçilməli olduğu həbs qəti imkan tədbirini tezləşdirməli olduğu halda, kimlərsə bu cür yalanlara şərait yaradaraq, cinayət işinin sürətini aşağı salmaq istəyir. Niyə Kamran Həsənli başa düşmür ki, məsələ hansı vəziyyətə çatıb? Əslində yaxşı başa düşür məsələnin ciddiliyini. Amma bir şeyi anlamaq istəmir ki, Kamran Həsənli Azərbaycanda yaşayır və bilməlidir ki, bu əmələ görə onu hansı cəza gözləyə bilər”.

Hüquqşünas K.Həsənlinin açıqlamaları ilə məhz özünü ifşa etdiyini deyib:

“Kamran Həsənli Samirə 20 min manatlıq avtomobilini verib, özü piyada qalaraq, borcunun bir hissəsini qaytarır. Amma bunu başqa cür yanaşma tərzi ilə bizə göstərməyə çalışır. Guya Samirə kömək eləmək istəyirmiş. Kamran Həsənli, sən hansı zəmanədə yaşayırsan və bu nağıllara kim inanar? Dünən verdiyi açıqlamada özünü lap qəliz vəziyyətə salıb. Deyir ki, Samir Piriyev onun səsini yazmaqla guya hansısa cinayəti işləyib. Bəs düşünmür ki, Türkiyədən saxta sənəd düzəldib ortaya çıxardığına görə Kamranı hansı məsuliyyət gözləyir? Bəs düşünmür ki, bu açıqlamanı verərək səsin bilavasitə onun olduğunu, yazıdakı faktın doğurdan mövcudluğunu təsdiqləyərək, dələduzluq etdiyini hər kəsə özü sübut etmiş olur?”.

R.Əhmədoğlu hüquq-mühafizə orqanlarının prosesi gecikdirməsinə də etiraz bildirib:

“Nədir ortada bu boyda əsaslı faktlar ola-ola istintaqa mane olan amil? Müstəntiq bu aparıcının nazıynan niyə bu qədər oynayır? Nəyi gözləyir? Kamran Həsənlini azadlıqda saxlamaqnan müstəntiq özü də bu cinayət işini araşdıra bilmir. Kamran Həsənli hər yerdə deyir ki, "Mən işimi Bakı Şəhər prokurorluğunda danışmışam, qətiyyən narahat deyiləm və mənə deyiblər ki, hər gün gəl bura, səs-küy elə, kömək edəcəyik sənə". Biz bir şeyi başa düşə bilmirik, əgər doğrudan da belə bir hal varsa... Əslində, buna inanmaq istəmirik. Ona görə ki, heç bir məmur Azərbaycan övladının illərlə zülmlə, əziyyətlə qazandığı pulu hansısa, asan yolla varlanmaq istəyən, heç bir kanalın işə götürmədiyi aparıcıya onu mənimsəməyə şərait yaratsın. Axı kim Kamran Həsənliyə deyə bilər ki, "Yaxşı eləmisən, narahat olma". Hər bir Azərbaycan vətəndaşı özünü Samir Piriyevin yerinə qoysun. O zaman anlayacaq ki, Kamran Həsənlinin "Pulu qaytaracağam, evimi satıb verəcəyəm" kimi yalan vədlərinə bu qədər səbr edib dözməyi bacaran insan hansı ürək sahibidir. Aprelin 2-də keçirəcəyimiz mətbuat konfransındakı daha mötəbər sübut və faktlar təqdim ediləcək. Bunlar səs yazıları və yüzlərlə mesaj olacaq”.

Sonda hüquqşünas K.Həsənlinin “Kişi kişi ilə söhbət edər. Bu işdə olmayan bacım Gülərin adının çəkilməsi qəbuledilməzdir. Qadının adının hallanması yaxşı hal deyil” sözlərinə münasibət bildirib:

“Bu nə yaraşmayan sözdür? Hər kəsin danışığı onun mədəniyyətinin göstəricisidir. İllərdir efirlərdə camaata nümunə olmağa çalışan birinin danışığına baxın. Mənimsədiyi vəsaiti qaytarmayanda kişiliyi yada düşmədi? Kamran Həsənliyə bu etirafa görə təşəkkür edirik. Kamran müəllim, pulu Samir sizə verib, sizdən də istəyir. Sadəcə pulu Gülərə görə sizə verdiyini xatırlatmaq istədik”.

Qeyd edək ki, S.Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək K. Həsənlinin onun 115 min dollarını mənimsədiyini bildirib. Müğənninin hüquqşünası açıqlayıb ki, Samir 115 min dolları 50% Kamrana inanıb veribsə, 50% də bacısı Gülər Həsənliyə görə verib.

Geri qayıt