Əsas Səhifə > Siyasət, Manşet > Formal məmur qəbulları kimin nəyinə lazımdır?

Formal məmur qəbulları kimin nəyinə lazımdır?


8-02-2016, 10:30
Formal məmur qəbulları kimin nəyinə lazımdır?
Ölkə başçısı İlham Əliyev dövlət rəsmiləri ilə keçirdiyi görüşlərdə hər zaman diqqətə çatdırıb ki, məmurlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməməli, xalqa xidmət etməlidirlər. Ölkə başçısı bu tələblərə riayət etməyən vəzifə sahiblərinin cəzalandırılacağını diqqətə çatdırıb.

Prezidentin tapşırığından sonra yüksək vəzifəli dövlət məmurları son günlər bölgələrdə insanlarla görüşlər keçirərək, onların problemlərini, şikayətlərini dinləyirlər. Bu görüşlərdə vətəndaşlara dövlətin hər zaman xalqın yanında olduğu mesajı verilir, insanların problemlərinin həll ediləcəyinə dair fikirlər səsləndirilir.
“Məmurların vətəndaşlarla görüşlər keçirməsi əhəmiyyətli məsələdir. Bu görüşlərdə vətəndaşlar öz problemlərini deyə bilirlər”. Bunu isə Milli Məclisin deputatı Vahid Əhmədov nazir və komitə sədrlərinin vətəndaşlarla görüşlərini şərh edərkən deyib: “Ölkə başçısının apardığı siyasəti, iqtisadi islahatları əhaliyə çatdırmaq lazımdır. Bu görüşlərdə yüksək vəzifədə çalışan şəxslər iştirak edəndə onlar insanlara müəyyən tələb və xahişlərini deyə bilirlər. Bundan əlavə məmularla görüşlərdə vətəndaşları narahat edən suallar cavablandırılır. Hesab edirəm ki, görüşlərin sayını artırmaq lazımdır. İqtisadi vəziyyətin ağır olduğu bu dövrdə məmurların xalqla görüşü mütləq şəkildə baş tutmalıdır”.
Deputatın fikrincə, məmurların əhali ilə görüşündə əsas məqsəd insanları narahat edən, düşündürən məsələlərlə bağlı dövlətin, hakimiyyətin mövqeyini onlara çatdırmaqdır.
Millət vəkili hesab edir ki, yüksək vəzifə sahibləri rayonlarda insanlarla görüşüb, onların problemlərini dinləməlidir.: “Ölkə başçısının dediyi kimi, hər bir məmur, vəzifə sahibi xalqın xidmətçisidir. Onlar yerlərdə əhali ilə görüşüb, dövlətin vətəndaşların yanında olduğunu əyani şəkildə göstərməlidirlər. Hazırda insanları bir çox problemlər narahat edir. Onları dinləmək, şikayətlərə yerindəcə baxmaq, lazımı addımlar atmaq lazımdır. Hesab edirəm ki, prezdentin bu istiqamətdə məmurlara verdiyi tapşırıq öz nəticəsini göstərəcək”.
Adının çəkilməsini istəməyən ekspert isə hesab edir ki, məmurların vətəndaşlarla görüşü daha çox formal xarakter daşıyır. Əvvəla, bu cür görüşlərdə olduqca məhdud çevrə iştirak edir. İkincisi, həmin görüşlərdə iştirak edənlərin əksəriyyəti əvvəlcədən müəyyənləşdirilmiş şəxslər olurlar. Bu isə belə görüşlərin effektivliyini aşağı salır.
Üçüncüsü, bir çox hallarda bu cür görüşlərə qatılmaq istəyənlərə qarşı kobudluq edilir, onların öz problemlərini məmurlara çatdırılmasına süni əngəllər yaradılır. Belədə isə məmurlarla görüşlərə böyük ümidlərlə gələnlər nəinki əliboş, hətta küskün qayıdırlar.
Bütün bunları nəzərə aldıqda məmurların vətəndaşlarla görüşlərinin istənilən effekti yaratdığını söyləmək çətindir.
Ümumiyyətlə, unutmaq olmaz ki, ölkədə vətəndaşların Konstitusiya ilə təmin olunmuş hüquq və azadlıqlarının qorunması ən ümdə məsələdir. Amma bəzi hallarda müxtəlif dövlət idarə və orqanlarında vəzifəli şəxslər tərəfindən edilən özbaşınalığa, təkəbbürlüyə, yekəxanalığa, insan hüquqlarının pozulması hallarına rast gəlinir.
KİV-ə nəzər saldıqda görürük ki, əhalinin şikayətlərinin sayı sürətlə artır. Bu cür şikayətlər əsasən işıq, su, qaz, yol, təhsil, kanalizasiya və digər məişət problemləri ilə bağlıdır. Elə məsələlər var ki, bunu yerində həll etmək mümkündür, amma səhlənkarlıq, başdansovduluq, məsuliyyətsizlik ucbatından baxılmır və bu, nəticədə sakinlərdə müəyyən narazılıq yaradır.
Ona görə də məmurların vətəndaşlarla görüşləri ilk baxışda təqdirəlayiq təsir bağışlayır. Amma təəssüf ki, bu zahirən belədir, əslində isə sözügedən qəbullar daha çox görüntü xarakteri daşıyır.
Ötən il mətbuata açıqlamasında hüquqşünas Müzəffər Baxışov da mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin rayonlarda qəbul keçirməsinin formal hal aldığını demişdi: “Orada insanlar dərdlərini deyirlər. Sonra mətbuata eyni məzmunlu məlumat yayırlar ki, bütün şikayət dinlənildi, müraciətlərə baxıldı, yaxud aidiyyəti üzrə göndərildi. Əslində, Azərbaycanda "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” 10 iyun 1997-ci il tarixli qanun var. Həmin qanunun tələblərinə görə, müraciətlərə dəqiq, dürüst baxılmalıdır. Müraciətlərə baxılması qaydalarından biri də vətəndaşların qəbuludur. Qəbul zamanı qaldırılan problem əgər həmin vəzifəli şəxsin səlahiyyətindədirsə, dərhal yerində həll olunmalıdır. Yox, səlahiyyətində deyilsə, həmin müraciət 5 gün müddətində aidiyyəti üzrə digər orqanlara göndərilməlidir. Həmin orqan müraciətin icrasını təmin etməlidir. Amma ölkəmizdə bütün bunlar formal xarakter daşıyır”.
Təəsssüf ki, aradan bir il keçsə də, bu istiqamətdə dəyişən heç nə yoxdur: məmurların vətəndaşlarla görüşlərinin formal xarakter daşımasına görədir ki, ölkədə narazı insanların, şikayətçilərin sayı da sürətlə artmaqdadır. Halbuki həmin görüşlər formal xarakter daşımasa, əhalinin şikayətlərində, narazılıqlarında ciddi azalma müşaiyət olunardı.

Geri qayıt