Əsas Səhifə > Siyasət, Manşet > "Avropa"nın müdhiş maliyyə fırıldağı
"Avropa"nın müdhiş maliyyə fırıldağı6-02-2016, 10:29 |
Bir qrup Şəki şəhər sakinindən Avrora MMC-nin Şəki filialında onlara qarşı edilən özbaşınalıqla bağlı redaksiyamıza müraciət daxil olub. Moderator.az həmin müraciəti təqdim edir: “Biz Şəki şəhər sakinləri-Məmmədov Ramin Yaşar oğlu, Məhərrəmov Sərxan Mirzəxan oğlu və Məmmədov Ruslan Çingiz oğlu müvafiq olaraq 1 il 3 ay, 3 il və 1 il müddətində Avrora MMC-nin Şəki fililalında satış təmsilçisi kimi çalışmışıq. 2015-ci ilin dekabr ayının son günlərində Avrora MMC-nin Şəki filialının rəhbəri Mehman İmanov bizə bildirdi ki, filialın mərkəzə borcu yaranıb. Siz həmin borcu öz üzərinizə götürün, mən Bakıya gedirəm. Mən məsələni rəhbərliklə müzakirə etdikdən sonra, hər şey həll olunacaq, narahat olmayın. Biz də ayrı-ayrı ayrılıqda ərizə yazdıq. Bizdən ərizədə şirkətlə bizim aramızda borcun yarandığını yazmağımız tələb edilmişdi. Lakin ərizədə borcun həcmi göstərilmədi. 2016-ci ilin yanvar ayında isə filialdan bildirdilər ki, Məmmədov Ramin Yaşar oğlunun 19 700, Məhərrəmov Sərxan Mirzəxan oğlunun 4 600, Məmmədov Ruslan Çingiz oğlunun 23 070 manat Avrora MMC-yə borcu var. Bu, sadəcə olaraq mümkünsüzdür. Axı qısa müddət ərzində bu qədər borc necə yarana bilər?! Üzərimizə nahaqdan borc yazmaqları bəs deyilmiş kimi, bizi hələ işdən də azad etdilər. Üstəlik, çalışdığımız 2 ayın maaşı da bizə verilməyib! Ümumiyyətlə, Avrora MMC-nin Şəki filialında yaranan borcları işçilərin üzərinə atmaq ənənəsi yaranıb. Qeyd edirik ki, bizdən başqa şərlənən, lakin adının açıqlanmasını istəməyən daha iki nəfər gühansız şəxs var. Bu gün Avrora MMC-nin regionlar üzrə satış müdiri Cəmşid adlı şəxs bizə hədə-qorxu gəlir ki, siz o pulları verməsəniz, görün o pulları sizdən necə alacağıq?! Heç bir əsas olmadan Şəki Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təhqiqata başlayıblar. Ortada isə heç dəlil-sübut yoxdur. Çünki bizim Avrora MMC-nin Şəki filialına bir qəpik belə olsun borcumuz olmayıb və ola da bilməz. Bizim günahımız yoxdur! Qətiyyətlə bizə sürülən ittihamları rədd edirik! O cümlədən aidiyyəti orqanlardan, habelə Avrora MMC-nin mərkəzi rəhbərliyindən bu məsələ ilə əlaqədar bizi qəbul etmələrini xahiş edirik”. Məsələ ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |