Əsas Səhifə > Siyasət, Manşet > Dövlət Sığorta Şirkətin rəhbər işçiləri barəsində ilginc iddia...

Dövlət Sığorta Şirkətin rəhbər işçiləri barəsində ilginc iddia...


2-02-2016, 09:01
Dövlət Sığorta Şirkətin rəhbər işçiləri barəsində ilginc iddia...
Hazırda Dövlət Sığorta Şirkətinin Laçın rayon filialının direktoru işləyən Şirin Hətəmov və onun oğlu, həmin şirkətin Sumqayıt filalının direktoru işləyən Xəyyam Hətəmovlar barəsində Moderator.az -a şikayət məktubu daxil olub.

Şikayətçi Laçın rayonundan məcburi köçkün, jurnalist Taleh Şahməmmədov Hətəmovların onun etibarından sui-istifadə edərək aldatma yolu ilə 15 000 ABŞ dolları məbləğində pul vəsaitini mənimsədiyini bildirib. O, Moderator.az -a müraciət etməklə məsələnin ictimailəşdirilməsini xahiş edib.

Zərərçəkənin sözlərinə görə, uzun təkidindən sonra Hətəmovlara verdiyi pulun 5 700 (beş min yeddi yüz) manatını çətinliklə də olsa geri ala bilib. Ancaq Hətəmovlarda qalan 7 000 (yeddi min) manatı pulunu bu günə kimi ala bilməyib.

Məsələnin maraqlı tərəfi isə, Şirin Hətəmovun pulu qaytarmamasına səbəb kimi göstərdiyi arqumentdir. Belə ki, Hətəmov Şirin zərərçəkmişlə dəfələrlə söhbətində bildirib ki, o həmin pulları Dövlət Sığorta Şirkətin rəhbəri Məmməd Məmmədova verib və M. Məmmədovun ona çox yaxın olduğunu söyləyib. Elə buna görə də şikayət etməklə ona bir şey edə bilməyəcəyini bildirib. Şirin Hətəmov hətta rişxəndlə bildirib ki, şirkətin rəhbəri M. Məmmədova kifayət qədər pul ödəyir və buna görə də qaytarmağa pulu qalmır.

Moderator.az həmin şikayət məktubunu olduğu kimi təqdim edir:


"“Moderator.az” saytının redaksiyasına.

Laçın rayonundan məcburi köçkün, jurnalist Taleh Şahməmmədov tərəfindən

Ş İ K A Y Ə T

Hörmətli redaksiya!

Qarşılaşdığım dələduzluq əməlinə görə sizə müraciət etmək məcburiyyətində qaldım. İnanıram ki, ölkənin tanınmış xəbər portallarından biri kimi “Moderator.az” hüquqları pozulmuş və aldadılmış bir jurnalistin şikayətinə laqeyd qalmayacaq.

Hadisənin geniş təfərrüatına varmadan, qısaca olaraq bildirim ki, hazırda Dövlət Sığorta Şirkətinin Laçın rayon filialının direktoru işləyən Şirin Hətəmov və onun oğlu, həmin şirkətin Sumqayıt filalının direktoru işləyən Xəyyam Hətəmov etibarımdan sui-istifadə edərək aldatma yolu ilə məndən aldıqları 15 000 (on beş) ABŞ dolları, yəni 12 700 (on iki min yeddi yüz) manat pulumu mənimsəyiblər.

Uzun təkidlərimdən sonra mən həmin pulun 5 700 (beş min yeddi yüz) manatını çətinliklə də olsa, hissə-hissə almağa nail oldum. Lakin sonradan Şirin Hətəmov pulumun qalanını verməkdən imtina etdi. Beləlliklə, neçə müddətdir ki, Ş. Hətəmovda qalan 7 000 (yeddi min) manatımı ala bilmirəm.

Hörmətli redaksiya!

Bildirim ki, həmin pulun onlara verilməsində bir neçə ortaq tanıdığımız adamlar da iştirak ediblər və şahiddirlər. Lakin Şirin və Xəyyam Hətəmovlarla dəfələrlə görüşlərimiz zamanı onlar açıq şəkildə məni təhdid edərək bildiriblər ki, pulu qaytarmayacaqlar. Şirin dəfələrlə söhbətlərimiz əsnasında mənə bildirib ki, mən o pulları Dövlət Sığorta Şirkətin rəhbəri Məmməd Məmmədova vermişəm. Ş. Hətəmov M. Məmmədovun ona çox yaxın olduğunu söyləyərək bildirir ki, buna görə də sən şikayətlə mənə heç bir şey edə bilməzsən. Şirin Hətəmov rişxəndlə mənə bildirir ki, şirkətin rəhbəri M. Məmmədova kifayət qədər pul ödəyirəm, sənə qaytarmağa pulum qalmır. Get haraya şikayət edirsən et.

Hörmətli, redaksiya!

Hətəmovların aldatma yolu ilə aldıqları pulumun qaytarılmasından imtina etmələrindən sonra mən Respublika Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə şikayət ərizəsi ilə müraciət etdim. Ərizəm araşdırılması üçün aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinə göndərildi. İdarənin müstəntiqləri Canəli Nuriyev, Tariyel Məmmədov və Elnur Abdullayev ardıcıllıqla bütün şahid ifadələri və digər sübutların olmasına rəğmən Şirin və Xəyyam Hətəmovlara qarşı cinayət işinin açılmasını nəyə görəsə rədd etdilər. Növbəti şikayətimdən sonra iş yenidən araşdırılması üçün Yasamal RPİ-nin baş müstəntiqi Abdulla Əliyevin icraatına göndərildi. Lakin aradan keçən iki ay ərzində A. Əliyev işin araşdırılması üçün heç bir addım atmayıb. Mən İdarəyə gedib çox çətinliklə A. Əliyevlə görüşərkən mənə dedi ki, yaxın günlərdə bizi izahat üçün dəvət edəcək. Lakin keçən ay yarım ərzində nə müstəntiq məni dəvət edib, nə də mən onunla görüşə bilirəm.

Qeyd edim ki, yuxarıda adlarını çəkdiyim müstəntiqlərin hər biri mənə bildirirdilər ki, Şirin və Xəyyam səndən pul aldıqlarını gərək özləri etiraf edələr, əgər belə olmasa biz bunu sübut edə bilmərik(?). Yasamal RPİ-nin müstəntiqlərinin məntiqlərinə görə, hər bir cinayətkar cinayət əməlini özü könüllü etiraf etməlidir. Belə olan halda istintaq orqanlarına və bu cür “müstəntiqlərə” nə ehtiyac var? Dövlət onlara niyə maaş verir?

Baş müstəntiq A. Əliyev isə yeganə görüşümüz zamanı mənim özümü təhtid edərək bildirdi ki, burada cinayət işi açılsa, sənə qarşı açılacaq, Şirinə və Xəyyama yox. Mən başa düşməkdə çətinlik çəkirəm ki, Şirin və onun rəhbəri M. Məmmədov adı çəkilən müstəntiqlərlə nə qədər “şirinlik” ediblər ki, bu qədər şahid və sübutlara rəğmən onlar Hətəmovları ciddi-cəhdlə müdafiə edirlər?

Bütün bunları nəzərinizə çatdıraraq, xahiş edirəm ki, bir vətəndaş və jurnalist kimi mənim problemimin ictimailəşdirilməsinə, Respublikanın müvafiq orqanlarına çatdırılmasına yardım edəsiniz və Hətəmovların bu və bunun kimi kifayət qədər dələduzluq əməllərinə son qoyulmasına, mənə dəymiş maddi zərərin təmin edilməsinə köməklik göstərəsiniz.

İmza: Şahməmmədov Taleh, jurnalist."

Geri qayıt