Əsas Səhifə > Siyasət, Manşet > Fazil Məmmədov: iş adamlarının və büdcənin qənimi
Fazil Məmmədov: iş adamlarının və büdcənin qənimi11-01-2016, 08:39 |
Post-neft dövründə prioritet təbii ki, qeyri-neft sektorudurr. Həm yeni iş yerlərinin açılması, həm də büdcə gəlirlərinin təmin edilməsinin ağırlığı indi qeyri-neft sektoruna yüklənib. Ancaq qeyri-neft sektorunun imkanları bu yükü çəkməyə adekvatdırmı? Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş iclasında hesabat dövründə 30 min iş yerlərinin qapadıldığını bildirib, buna görə hökumət üzvlərindən izahat tələb etmişdi. Üstündən 3 ay keçib, ancaq rəsmi izahat yoxdur. İzahat verməli olan əsas dövlət qurumlarından biri də Vergilər Nazirliyidir. Ötən il qeyri-neft sektoru üzrə 4 milyard 812 milyon manat vergi yığılması proqnozlaşdırılıb. 11 ay üzrə daxilolmalar 100 faiz olub, yəqin ki, ilin yekununda da belə olacaq (Bu barədə rəsmi məlumat hələ yoxdur). Maraqlıdır ki, 30 min iş yeri qapadıldıqdan sonra vergi daxilolmalarında heç bir problem yaranmayıb. Üstəlik də 30 min ilin ilk 9 ayına aiddir və həm də rəsmi göstəricidir. Qeyri-rəsmi isə bu rəqəm daha böyükdür - iş yerlərinin qapadılması, ixtisarların intensiv xarakter alması fonunda vergi daxilolmalarının sabit qalması şübhəli məqamlarla zəngindir. Bu yaxınlarda vergilər nazirinin birinci müavini Natiq Əmirov ilk baxışdan mübahisə predmeti olmayan açıqlama verdi: “Ötən ilin 11 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə ölkədə bank sektorunun vergi ödənişləri 35% artıb”. Fevralın 21-də baş verən birinci devalvasiyadan sonra bankların necə ziyana düşdüyünü xatırlatmağa ehtiyac yoxdur – problemli kreditlərin kəskin artması, bankların əsas maliyyə qaynağı əmanətlərin (xüsusilə də manatla qoyulan əmanətlərdən söhbət gedir) geri çəkilməsi, kreditləşmənin azalması fonunda bank sektorundan daxilolmalar necə 35 faiz arta bilər? Təkcə onu xatırladaq ki, ölkənin bank aktivlərinin 70 faizinə nəzarət edən Beynəlxalq Bankı məlum səbəblər ucbatından indi ən çətin dövrünü yaşayır – 6 milyard dollar kreditin mənimsənilməsi, tək bankın özünə yox, bütövlükdə bank sisteminə böyük ziyan vurub. Azərbaycanın vergi yığılması praktikasına bələd olmayanlar üçün bunun izahını tapmaq Nobel mükafatı almaq qədər çətin və mürəkkəb bir işdir. Ancaq bu praktikaya bələd olanlar üşün bunun sadə izahı var. Vergi yığımlarının yalnız bir hissəsi dövlət büdcəsinə yönləndirilir – qalan hissə isə nazirlik rəhbərliyinin “qara kassasına” daxil olur. “Qara kassa” vergi bosslarının “qara günləri” üçün nəzərdə tutulub – bu pullar mənimsənilir, şəxsi biznesə və şəxsi komforta xərclənir. Eyni zamanda vergi ödəmələri azalanda qara kassanın bir hissəsi büdcəyə bərpa edilir. Çətin günlərini yaşayan bank sektorunun vergi ödəmələrini 35 faiz artırması da bu rakursdan izah edilməlidir – bank sektorundan “qara kassa”ya daxilolmalarının bir hissəsi büdcəyə bərpa edilib. Yəni normalda il ərzində qeyri-neft sektorundan 4,8 milyard manat yox, ən azı bundan 2 dəfə çox vergi yığılır, ancaq yarısı qara kassaya, yarısı büdcəyə daxil olur. İlin birinci yarısının yekunları ilə bağlı Nazirlər Kabinetinin genişləndirilmiş iclasında prezident İlham Əliyev əsassız vergi ödəmələrini tənqid etdi və buna son qoymağa çağırdı. Hətta o vaxt mediada yayılan məlumatlara görə, müşavirədə vergilər naziri Fazil Məmmədovun ürəyi getmiş və təcili yardım çağırmağa məcbur olmuşdu. Bu faktın nə dərəcədə real olub-olmamasını araşdırmaq imkanlarımız məhdud olsa da, həmin tədbirdən yayılan fotolarda Fazil Məmmədov gözə dəymədi. Ancaq az sonra prezident sahibkarlıq subyektlərində yoxlamaların 2 il müddətinə dayandırılması barədə fərman imzaladı və Vergilər Nazirliyi “bu fərman bizə aid deyil” deyə yoxlamalarda davam etdilər. Yəqin qısa müddət ərzində vergilər naziri “ürəyini müalicə” etdirə bilib. Əslində isə fərman daha çox elə Vergilər Nazirliyinə aid idi – iş adamları ən çox bu nazirlikdən şikayətlənirdi. Yenidən rəsmi statistikaya istinad edək. Vergilər nazirinin birinci müavini Natiq Əmirov 2015-ci ilin noyabr ayında bildirdi ki, ilin ilk 10 ayında sahibkarlardan nazirliyə 77 min müraciət daxil olub: “Bunlardan 2686-sı şikayət xarakterli olub. 642 vergi orqanı əməkdaşı cəzalandırılıb. 9 nəfərin vergi orqanlarında xidmətinə xitam verilib”. Rəqəmlərin fəlsəfəsinə diqqət yetirin. 2686 iş adamı artıq dözməyərək vergi müfəttişlərin əməllərindən şikayət edib. Azərbayacan reallığında hamı gözəl bilir ki, şikayət vermək son həddir – sabhibkar vergisini də verir, üstəlik qeyri-rəsmi ödənişini də. Ancaq vergi müfəttişi bununla kifayətlənməyib daha çox qeyri-rəsmi ödəniş tələb edir, iş adamı yenə onunla “dil tapmağa” çalışır və yenə də söhbət alınmır. Və nahayət, “dinc yolların” tükəndiyini görən iş adamı şikayətə məcbur olub. 2686 iş adamı “ürəkli” çıxıb vergi müfəttişindən şikayət edir. “Ürəkli olmayanların” isə sayının “ürəklilərdən” qat-qat çox olması heç kimdə şübhə yaratmır - əksəriyyət şikayətdə prespektiv görmür. “Mənim səndən sənə şikayətim var” formulasının nə qədər mənasız olması hamıya bəllidir. Ilin 9 ayında 30 min iş yerinin qapadılmasının real səbəblərindən biri, bəlkə də birincisi elə budur. Hətta kredit götürüb vergi müfəttişlərini “yola salan” iş adamları barədə də məlumatlar var. İkincisi, bu şikayətlər əsasında cəmi 9 nəfər işdən qovulub, 642 nəfər isə cəzalandırılıb. Necə cəzalandırılıb? Bu barədə heç nə deyilmir. Bəlkə də deyiblər “bir az acgözlük etmə”, vəssalam. Nəhayət, vergi sistemində 2 min 355 nəfər çalışır. Bunun 642 nəfəri - 28 faizindən iş adamları şikayət edib. Əgər birbaşa iş adamları ilə ünsiyyətdə olmayan vergi işçilərini də nəzərə alsaq (bu kateqoriyaya cəmi vergi sistemində çalışanların 70 faizi daxildir), demək olar ki, iş adamları ilə ünsiyyət quran hər bir vergi əməkdaşından şikayət edilib. Bu faktın özü belə vergilər nazirliyində korrupsiyanın səviyyəsinin hansı həddə olmasını göstərir. Azərbaycan kəskin devalvasiya dövrünə daxil olub. Ölkənin əsas gəlir mənbəyi olan neft dollarları minimuma enib. Belə bir vaxtda iş yerlərinin qorynması və yenilərinin açılması ən prioritet məsələdir. İndiki vergi yığılması praktikası isə nəinki yeni iş yerlərinin açılmasını, hətta mövcud olan iş yerlərinin qorunmasını mümkünsüz edir. Bu praktikanı kökündən dəyişmək hava və su qədər həyatı əhəmiyyətli məsələdir. Prezident İlham Əliyevin vergi şəffalığının yaradılması barədə mesajları buradan qaynaqlanır. Vergi ödəyiclərinin əsas hədəfi qanunla hesablanmış vergilərin dövlət büdcəsinə ödənilməsini təmin etməkdir, vergi generallarının cibini doldurmaq vergi ödəyicilərinin hədəfi ola bilməz. Qadir İBRAHİMLİ Geri qayıt |