Əsas Səhifə > Siyasət, Manşet > Dövlət Neft və Sənaye Universitetindən şikayət

Dövlət Neft və Sənaye Universitetindən şikayət


7-01-2016, 12:25
Dövlət Neft və Sənaye Universitetindən şikayət
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan çoxsaylı tələbələrin valideynləri tərəfindən "Təzadlar"a şikayət məktubu daxil olub. Redaksiyamıza zəng vuran valideynlərin şikayətində deyilir:

Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyev Cənablarına!
Surəti: H.Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xöşməramlı səfiri, Azərbayacn Respublikasının Birinci Xanımı, millət vəkili Hörmətli Mehriban Əliyevaya!
Surəti: Azərbaycan Respublikasının təhsil naziri cənab Mikayıl Cabbarova!
Surəti: "Təzadlar" qəzeti redaksiyasına!
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan çoxsaylı tələbələrin
Valideynləri tərəfindən
ŞİKAYƏT ƏRİZƏSİ
Möhtərəm Cənab Prezident!
Azərbaycan Dövlət Neft Akademiyasının adının Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılması və yeni rektor təyinatından sonra buradakı neqativ hallar artan dinamika üzrə gedir. Bu hal xüsusilə qış-imtahan sessiyasının başlanması ilə özünü biruzə verdi. Belə ki, ali təhsil ocağında keçirilən qış imtahan sessiyasında bir qrup üzrə 80 % tələbələr imtahandan kəsilmişdir. Müəllimlər özləri etiraf edir ki, mövcud vəziyyətlə bağlı, büdcədəki pul çatımazlığını önləmək üçün yuxarıların sifarişi ilə tələbələrin kütləvi surətdə imtahandan kəsilməsinə start verilmişdir. Biz kasıb vətəndaşlar olan-qalan pullarımızı toplayıb, borc-xərc edib övladlarımızın təhsil almaları üçün dəridən-qabıqdan çıxırıq. Lakin ovladlarımıza qarşı bu cür haqsızlıqlar edilir. Bir ali məktəbdə tələbələr kütləvi qaydada imtahandan kəsilməsi o deməkdir ki, ya müəllim dərs proqramını düzgün tədris etmir, ya da sifariş əsasında edilir.
Qaydalara əsasən bir fəndən kəsiri olan tələbə növbəti imtahan sessiyasına kimi təqüddən məhrum edilir, üstəlik, həmin fənnin təkrar keçilməsi üçün tələbə ali məktəbin hesabına 170 manata qədər ödəniş etməlidir. Digər ali məktəblərdə bunun üçün müəyyən kredit limiti mövcuddur. Lakin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində belə qayda yoxdur. İqtisadi cəhətdən çətin, qiymətlərin artdığı, iş yerlərində ixtisarların baş alıb getdiyi şəraitdə övladlarımıza qarşı edilən bu haqsızlıqlar onsuz da maddi cəhətdən ağır olan vəziyyətimizi daha da ağırlaşdırır və belə hallar bizi çox məyus edir.
Cənab Prezident!
Onu da qeyd etməliyik ki, Universitetə yeni rektor təyin edilərkən tələbələrin Mustafa Babanlı ilə görüşündə rektor yalnız I kurslarda imtahanların test üsulu ilə keçiriləcəyini vəd etsə də, vədinə əməl etmədi. Halbuki Azərbaycan Texniki Universitetində prorektor işlədiyi zamanda test üsulunu ilk dəfə tətbiqi məhz Musatafa Babanlı tərəfindən təklif edilmişdir. Lakin nədənsə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə rektor təyin edilən cənab Mustafa Babanlı test üsulunu tətbiq etmir. Məhz bu cür səbəblərə görə imtahanların yazılı qaydada keçirilməsi zamanı tələbələr nəzarətçilərin haqsızlıqları ilə üzləşirlər.
Bir ali məktəbdə tələbələr kütləvi qaydada imtanahdan keçə bilmirlərsə, demək o ali təhsil ocağını bağlamaq lazımdır! Övladlarımıza qarşı edilən bu haqsızlıqlar tələbələr arasında kütləvi narazılıq yaratmaq məqsədi üçün atılan addım olması da istisna deyil.
Sizdən xahiş edirik, övladlarımızın təhsil aldığı Azərbaycan Dövlət Neft və Sənaye Universitetindəki bu haqsılıqların qarşısını alasınız.
Əvvəlcədən Sizə minnətdarlıq edirik.
Çoxsaylı valideynlər adından: Yavər Cabbarov
Redaksiyadan: qarşı tərəfin də mövqeyini təqdim etməyə hazırıq...

Geri qayıt