Əsas Səhifə > Siyasət, Güney Press, Manşet > Ukraynadakı konsulumuzla bağlı ilginc iddialar...

Ukraynadakı konsulumuzla bağlı ilginc iddialar...


26-11-2015, 08:40
Ukraynadakı konsulumuzla bağlı ilginc iddialar...
Bir az əvvəl mətbuatda sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov təkcə ölkə daxilində deyil, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və beynəlxalq təşkilatlarında öz “kadrları”nı yerləşdirmək üçün həmkarı Elmar Məmmədyarova da “təzyiqlər” etdiyi barədə informasiyalar getmişdi.

Sabiq MTN şefinin kadr məsələsində daha çox konsul və fəxri konsullara üstünlük verdiyi bildirilirdi. Qeyd olunurdu ki, E.Mahmudov bəzi hallarda daha da irəli gedərək “səfir seçimi” məsələsində də özünü sınayıb. Mahmudovun iradəsi ilə bu tip kadrların seçilməsi və təyinatı məsələsində E.Məmmədyarov həmin ölkələrdəki səfirlərlə də məsləhətləşmə aparmağa lüzum görməyib.
E.Mahmudov vəzifəsindən azad olunduqdan və cinayətkar şəbəkə ifşa olunduqdan sonra digər qurumlarla yanaşı Xarici İşlər Nazirliyi sistemində də “təmizləmə” işləri aparılacağı istisna olunmur. Hətta qeyd olunur ki, Azərbaycanın Niderlanddakı səfirliyinin sabiq attaşesi, ölkəyə qayıtmaqdan imtina edən Nahid Cəfərovun keçmiş səfir Arif Məmmədovla bağlı açıqlamaları da təsadüfi deyil. N.Cəfərovun bir neçə aydan sonra “zühur” edərək ölkə gündəmini dəyişmək cəhdi “MTN işi”nin tərkib hissəsidir.

Xatırladaq ki, Azərbaycanın Niderland Krallığındakı səfirliyinin attaşesi Nahid Muxtar oğlu Cəfərov sentyabrın 12-də vətənə qayıtmaqdan imtina edərək Avropada qalıb. Nahid Cəfərovun vəzifədən çıxarıldığını və sığınacaq istədiyini “qiyamçı səfir”, Nahid Cəfərova yaxınlığı ilə seçilən Arif Məmmədov da təsdiqləmişdi.

Azərbaycanın Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov da bu ilin iyulunda ölkəyə qayıtmalı olduğu halda Azərbaycana gəlməyib. Bir az sonra isə mətbuatda Anar Həsənovun Avstraliyadan artıq siyasi sığınacaq istədiyi barədə xəbərlər yayılmışdı.

İstiqlal.az-a daxil olan məlumata görə, Eldar Mahmudovun “de-şifrə” olunan diplomatları sırasında Azərbaycanın Ukraynadakı fəxri konsulu Əfqan Salmanovun da adı hallanır. Ə.Salmanov 1992-ci ildən Ukraynada yaşayır və işləyir. O, beşinci və altıncı çağırış Sum vilayəti Şurasının deputatı, Regionlar Partiyası Fraksiyasının üzvü, Oktyabr və Uqroyedsk qənd zavodlarının daxil olduğu (Sum vilayətinin Belopol və Uqroyedsk rayonlarının ərazisində yerləşir) “UK.AZ. - Dostluq” MMC-nin təsisçisidir.
2010-cu ildə yerli Şuralara seçki nəticəsində Əfqan Salmanov ikinci dəfə 2003-cü ildən üzv olduğu Regionlar Partiyasından namizədliyini irəli sürüb və vilayət Şurasının deputatı seçilib.

Lakin Regionlar Partiyasının Ukraynada hakimiyyətdən devrilməsi Salmanovun sonrakı fəaliyyətində ciddi problemlər yaradır. Amma Salmanovu bu vəziyyətdən Eldar Mahmudovun xilas etdiyi bildirilir. Salmanovu “çətrinin” altına alan Mahmudov ona mükəmməl “dosye” hazırlayır. Beləliklə, 27 iyun 2014-cü ildə Prezidentin Sərəncamı ilə Əfqan Salmanov Azərbaycanın Xarkov şəhərində fəxri konsulu təyin edilir. İki ay sonra - avqustun 12-də isə rəsmi fəaliyyətə başlayır. Düz bir il sonra - 3 iyun, 2015-ci ildə Prezident İlham Əliyev Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətlinin geri çağırılması ilə bağlı Sərəncam verdi.

Arif Məmmədovun statusunun qurbanı olduğu qeyd edilən Eynulla Mədətlinin “qara dosye”sini də Prezidentə E.Mahmudov çatdırıb. Və onun vaxtından iki ay əvvəl geri çağırılmasında məqsəd Ukraynada səfir postunu nəzarət altına almaqla Ə.Salmanov üçün müəyyənləşdirilən uzunmüddətli hədəfləri daha da yaxınlaşdırmaq olub. Lakin, E.Mahmudovun məlum aqibəti bu planların boşa çıxdığına işarədir.

Geri qayıt