Əsas Səhifə > Siyasət, Manşet > “Altı yüzə yaxın fəhlə yeddi aydır pulunu ala bilmir...”

“Altı yüzə yaxın fəhlə yeddi aydır pulunu ala bilmir...”


19-11-2015, 09:35
“Altı yüzə yaxın fəhlə yeddi aydır pulunu ala bilmir...”
Ölkənin böyük tikinti şirkətlərindən biri olan “Azimport”un fəhlələri dövlət başçısı İlham Əliyevə müraciət ediblər. Müraciətin redaksiyamıza göndərilən nüsxəsində bildirilir ki, 600-ə yaxın fəhlə yeddi aya yaxındır ki, gördüyü işin pulunu ala bilmir. Otuza yaxın fəhlənin yazdığı məktubda bildilir ki, bu ilin mart ayından şirkətdə işləyiblər və üç ay ərzində gördükləri işin puluna görə aylardır şirkətin qapısını döyürlər.

“”Azimport" şirkəti ilə danışığımıza əsasən Bayıl qəsəbəsi, “Şanxay” deyilən ərazidə evlərin ağardılması və dam örtüklərinin boyanması işlərinə başladıq. Bizə dedilər ki, əmək müqaviləsi bağlayacaqlar. Bizim işçi qrupumuzda 540 nəfər çalışıb. Dam örtüyünün bir kvadratını 60 qəpiyə, divarları 30 qəpiyə işləməyə razılaşdıq. Biz işin ciddiliyini nəzərə alıb iki ay müddətinə, yəni mart və aprel aylarında çalışıb işi başa vurduq. Şirkətin rəhbəri Azər Əsgərov və onun nümayəndələri bizə çatan əmək haqqının bir hissəsini ödədilər. Sonradan bildik ki, onlar bizi aldadıblar və əmək müqaviləsi də bağlamayıblar. O vaxtdan 6 ay keçir, hələ də pulumuzu ala bilmirik. Deyirlər ki, “Gedin, pulunuzu prezidentdən tələb edin. Sizin pullar Avropa oyunlarına xərclənib”. Biz şirkətin qarşısında dəfələrlə polis zorakılığına məruz qalmışıq. Şirkətin rəhbərlərindən Azər Əsgərov bizi “zibil tör-töküntüləri” adlandıraraq şirkətin qarşısında işçimizi döyüb və təhqir edib. Biz dəfələrlə Prezident Administrasiyasında, Dövlət Neft Şirkətində, Baş Prokurorluqda olmuşuq, heç bir nəticəsi olmayıb",- deyə məktubda bildirilir.

Dövlət başçısına edilən müraciətdə vurğulanır ki, yüzlərlə ailə çətin durumda qalaraq, pullarını ala bilməmələri ucbatından banklara da borclanıblar: “Bizim hamımızın ailəsi, uşağı var, Bakıda kirayə qalırıq. Kirayə pulunu verə bilmədiyi üçün çox işçilərimiz küçələrdə qalıb. Çoxumuzun bank kreditləri var. Çox acınacaqlı bir duruma düşmüşük. Bizə kömək etməyinizi xahiş edirik”.

Qeyd edək ki, “Azimport” MMC tikinti şirkəti bazarda 2004-cü ildən fəaliyyət göstərir və ölkənin ən böyük tikinti şirkətlərindən olduğu bildirilir. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt