Əsas Səhifə > Siyasət, Manşet > Eldar Mahmudovun Milli Məclisdəki daha bir adamı mandatını itirə bilər
Eldar Mahmudovun Milli Məclisdəki daha bir adamı mandatını itirə bilər18-11-2015, 14:47 |
Törətdiyi əməllər ifşa olunduğuna görə vəzifədən kənarlaşdırılan sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxın şəxslər də aşkar olunaraq işdən çıxarılır, cinayətlərdə əli olanlar həbs olunurlar. 11 il ölkənin milli təhlükəsizliyinə cavabdeh olan E.Mahmudova yaxın şəxslər dövlətin ayrı-ayrı strukturlarında, o cümlədən, Milli Məclisdə də yer alıblar. Musavat.com xəbər verir ki, hazırda bu şəxslərin ifşası davam edir. Sabiq MTN şefinə yaxın şəxslər dövlət idarələrindən uzaqlaşdırılırlar. E.Mahmudovun dəstəyi ilə deputat olanların da "qələmi qırılır". Belə ki, Mərkəzi Seçki Komissiyası 90 saylı Ağdaş Seçki Dairəsinin nəticələrini ləğv edib. İclasda bildirilib ki, səsvermə günü həmin dairədə səslərin sayılmasında qanun pozuntusuna yol verilib. MSK pozuntular olduğuna görə həmin dairənin nəticəsini etibarsız hesab edib. 90 saylı Ağdaş Seçki Dairəsindən lider namizəd Milli Məclisin hazırki deputatı, bankir Çingiz Əsədullayev idi. Parlamentə keçirilən seçkilərin nəticələrinin təsdiq olunmasına bir neçə gün qalmış belə bir addımın atılması təsadüfi deyil. Ç.Əsədullayevin adı sabiq MTN şefinə yaxın adlar sırasında çəkilirdi. Hətta "Beynəlxalq Bankın işi"ndə də onun adı hallanırdı. Bankir deputat mətbuata açıqlamasında E.Mahmudovla dostluq əlaqələrinin olduğunu etiraf edib. Eldar Mahmudova yaxın deputatlardan birinin də Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən lider namizəd Ziyad Səmədzadənin olduğu bildirilir. Bəzi iddialar görə, Z.Səmədzadənin E.Mahmodovla yaxın əlaqəsi olub. Deputat Z.Səmədzadə E.Mahmudovun atası akademik Əhməd Mahmudov haqqında geniş məqalələr, monoqrafiyalar yazıb və filmlərin çəkilməsində iştirak edib. Z.Səmədzadə akademiklə bağlı məqalələrinin birində qeyd edir ki, görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər: "Əhməd Mahmudov da XX əsrdə xalqımızın yetişdirdiyi görkəmli alim və ziyalılardan biridir. 1955-ci ildən fasiləsiz olaraq 25 il Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunda çalışmışdır. O, kiçik elmi işçidən institut direktoru səviyyəsinə qədər yüksələrək şərəfli yol keçmişdir. Hər bir xalq özünün elmi potensialı ilə fəxr edə bilər. İqtisadiyyat elmi sahəsində də potensialımız güclüdür. Akademik Əhməd Mahmudovun yaradıcılığını xarakterizə edən faktlarla tanışlıq bunu sübut edir. Akademik Əhməd Mahmudovun AMEA İqtisadiyyat İnstitutuna rəhbərlik etdiyi illərdə bu elmi mərkəz nəinki respublikada, eləcə də keçmiş Sovetlər məkanında sayılan elmi-tədqiqat mərkəzinə çevrildi. Görkəmli alimin, bacarıqlı təşkilatçı Əhməd Mahmudovun rəhbərliyi altında respublikada iqtisad elminin real iqtisadi həyatla bağlılığı daha geniş vüsət almış, elmi tədqiqatların nəticələrinin əhəmiyyəti xeyli yüksəldi". Daha sonra Z.Səmədzadə Ə.Mahmudovun kindən, qəzəbdən uzaq bir alim, təşkilatçı, rəhbər, gözəl ailə başçısı olduğunu qeyd edib, ailəsində vətənə, dövlətə sədaqətli övladların yetişdiyini məqalələrində dönə-dönə təkrarlayıb. 2010-cu ildə Z.Səmədzadənin 70 illik yubileyi keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında keçirilən yubiley tədbirində Eldar Mahmudov da iştirak edib. Böyük bir dəstə ilə tədbirə qatılan keçmiş MTN şefi orada iştirak edən yeganə nazir olub. Tədbirdən sonra E.Mahmudov Z.Səmədzadə ilə 20 dəqiqəyə yaxın söhbət edib. Amma Z.Səmədzadə də keçmiş milli təhlükəsizlik nazirinə borclu qalmayıb. E.Mahmudovun atası akademik Əhməd Mahmudovun 2008-ci ildə 85 illik, 2013-cü ildə isə 90 illik yubileyi qeyd olunub. Həmin tədbirlərdə əsas çıxışçılardan, canfəşanlıq edənlərdən biri Z.Səmədzadə olub. Milli Məclisin komitə sədri çıxışlarında yalnız Ə.Mahmudovu deyil, onun oğlu Eldar Mahmudovu da geninə-boluna tərifləyib. Daha doğrusu şahidlər deyirlər ki, Z.Səmədzadə akademik Mahmudovdan daha çox nazir Mahmudovu tərifləyir, yalnız ölkənin təhlükəsizliyinin təmin olunmasında deyil, iqtisadi inkişafa nail olunmasında da onun böyük xidmətlərinin olduğunu təkrar-təkrar söyləyib. Guya E.Mahmudov Azərbaycanda dövlətin iqtisadi təhlükəsizliyini təmin edib, bu da sosial-iqtisadi inkişafın əsasını təşkil edib. Maraqlıdır ki, Z.Səmədzadə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri olub. E.Mahmudov və dəstəsi də məhz iş adamlarının, biznesmenlərin başına min bir oyun açıb. Musavat.com-un əldə etdiyi məlumata görə, Ziyad Səmədzadənin də mandatının ləğv ediləcəyi gözlənilir. Bu barədə qərarın ya bu gün Mərkəzi Seçki Komissiyasının keçiriləcək iclasında, ya da Konstitusiya Məhkəməsində seçkinin nəticələri təsdiq edərkən veriləcəyi gözlənilir. Geri qayıt |