Əsas Səhifə > Siyasət, Manşet > Eldar Mahmudovun daha bir kadrı...

Eldar Mahmudovun daha bir kadrı...


16-11-2015, 08:42
Eldar Mahmudovun daha bir kadrı...
“Bizim şəhər və rayonlarda elə tibbi-sosial ekspert komissiyaları var ki, onlar hər kəsə əlillik dərəcəsi verir. Bu sadəcə dəhşətli bir hadisədir. Bütün bunlar vətəndaşlarda yalnız nifrət hissi oyadır. Lakin cəmiyyət bilir ki, həmin komissiyalar nələrin hesabına min oyundan çıxırlar”. Bu sözləri keçirdiyi iclasların birində Əmək və əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslümov demişdi. Həqiqətən də bu gün bir çox tibbi-sosial ekspert komissiyalarının (TSEK) fəaliyyətində kifayət qədər nöqsanlı məqamlar mövcuddur. Və təbii ki, bu hal ilk növbədə həmin qurumların xidmətlərinə ehtiyacları olan əlil və xəstə vətəndaşları son dərəcə narahat edir. Bu xüsusda vətəndaşların kütləvi informasiya vasitələrinə ünvanladıqları çoxsaylı şikayət ərizələrində TSEK rəhbərlərinin törətdikləri müxtəlif özbaşınalıqlar və ciddi qanun pozuntularına, yol verilən çeşidli korrupsiya hallarına dair ətraflı məlumatlar təqdim olunur. Lakin daha acınacaqlı hal bundan ibarətdir ki, ölkədə fəaliyyət göstərən tibbi-sosial ekspert komissiyalarının işinə nəzarət etməli olan qurumun - Respublika Tibbi və Sosial Ekspertiza Mərkəzinin direktoru Məmməd Xasıyev bütün bunlardan xəbərdar olsa da, nədənsə olub-bitənlərə seyirci mövqeyi sərgiləyir. Redaksiyamıza daxil olan çoxsaylı məlumatlardan belə bir qənaətə kəlmək olur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində olan Respublika Tibbi və Sosial Ekspertiza Mərkəzi (RTSEM) vəzifələrini, eləcə də funskiyalarını normal şəkildə icra etmir. Bu xüsusda verilən açıqlamalardan birində deyilir: “Nəzərinizə çatdırım ki, bu mərkəzin əsas vəzifələri tibbi, sosial-əmək ekspertizası sahəsində ali ekspertiza işlərini həyata keçirmək, əlilliyi doğuran faktorların öyrənilməsi və əlilliyin profilaktikası, əlillərin reabilitasiyası üçün müvafiq tədbirlər işləyib hazırlamaq, ilkin tibbi-sosial ekspert komissiyalarının fəaliyyətinə nəzarət etməkdir. Mərkəzin funksiyalarına gəlincə, bura mürəkkəb ekspertiza hallarında ilkin tibbi-sosial ekspert komissiyalarına şifahi və yazılı məsləhət vermək, lazım gəldikdə əyani müayinə əsasında qərar qəbul etmək, ilkin tibbi-sosial ekspert komissiyalarının qərarından narazı olan vətəndaşları şikayət qaydasında müayinə edib qərar vermək, ilkin əlilliyi nəzarət qaydasında təsdiq etmək, ilkin komissiyaların əsassız hesab edilən qərarlarını dəyişdirmək və digər mühüm məsələlər daxildir. Ancaq nədənsə, Respublika Tibbi və Sosial Ekspertiza Mərkəzi qeyd olunan məsələlərə laqeyd münasibət bəsləyir. Yəqin elə bu səbəbdəndir ki, artıq bir müddətdir bu mərkəzin işinə son verilməsi məsələsi əsas müzakirə mövzularından birinə çevrilib...” Digər tərəfdən isə, aldığımız başqa bir məlumatda RTSEM-in direktoru Məmməd Xasıyevin bilavasitə özü tərəfindən yol verilmiş korrupsiya əməlindən bəhs olunur. Şikayətçi vətəndaş, Tovuz rayon sakini, I qrur əlil Nazim Rüstəmov iddia edir ki, bir müddət əvvəl lazımi arayışı almaq üçün müraciət etdiyi zaman, Məmməd Xasıyev ondan həmin sənədin müqabilində 1500 manat pul tələb etmişdir. Qeyd edək ki, Məmməd Xasıyev RTSEM-in keçmiş rəhbərliyi dövründə bu qurumun direktor müavini vəzifəsində çalışırdı və elə həmin vaxtlardan da, artıq keçmiş direktorun “pulyığanı” kimi tanınmışdı. Bu baxımdan nazir Səlim Müslümovun RTSEM-in keçmiş direktorunu hansı səbəbdən məhz onun müavini ilə əvəzləməsi bir qədər anlaşılan deyil. Hərçənd bəzi mənbələr bu təyinatla bağlı nazirin başqa seçiminin olmadığını da ehtimal edirlər. Məsələ bundadır ki, Məmməd Xasıyevin bacısı qızı olan Rübabə adlı bir xanım (hazırda RTSEM-də mühasib vəzifəsində çalışır) keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumlarından birinin gəlinidir. Mənbə iddia edir ki, Mərkəz direktoru hazırda tutduğu vəzifəyə də məhz Eldar Mahmudovun təkidi nəticəsində təyin olunmuşdur...

Qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq.

Geri qayıt