Əsas Səhifə > Siyasət, Manşet > Hakimiyyətdən növbəti kəmərsıxma siyasəti: Vergilər Nazirliyi ləğv olunur

Hakimiyyətdən növbəti kəmərsıxma siyasəti: Vergilər Nazirliyi ləğv olunur


8-10-2015, 08:11
Hakimiyyətdən növbəti kəmərsıxma siyasəti: Vergilər Nazirliyi ləğv olunur
DİA.AZ: - Redaksiyamıza ölkənin vergi sistemi ilə bağlı ilginc iddiaların bulunduğu məqalə daxil olub. DİA.AZ həmin məqaləni təqdim edir:

“Azərbaycanda yaşanan iqtisadi inkişaf proseslərinin kökündə qeyri-neft sektorunun dinamik inkişafını şərtləndirən amillərdən biri kimi özəl sektorun genişlənməsi dayanır. Dövlət başçısının iradəsinə uyğun olaraq bu sektorun çoxtərəfli dəstəklənməsi də bu məqsədə yönəlib və müsbət nəticələrini verir. Milli sahibkarlığın ölkə iqtisadiyyatında rolunun getdikcə artırılması təbii ki, çoxsaylı müəssisələrin, iş yerlərinin açılması ilə yanaşı, büdcəyə özəl sektordan daxilolmaların da çəkisini artırmağa hesablanıb. Lakin bu sahədə vəziyyəti qənaətbəxş hesab etmək olarmı?

Xüsusən indiki məqamda –neft gəlirlərinin azalmağa başladığı və büdcəyə qeyri-neft sektorundan, o cümlədən sahibkarlıq subyektlərindən vəsaitlərin artırılmasının xüsusi önəm kəsb etdiyi vaxtda bu məsələ daha da vacibləşib. Lakin görünən odur ki, dövlət büdcəsinə bu sahədən vergi daxilolmaları heç də reallığı əks etdirmir. Sahibkarlıq subyektlərindən dövlət büdcəsinə vergi daxilolmalarının səviyyəsi ölkədə özəl sektorun inkişaf göstəricilərindən bəlkə də dəfələrlə aşağıdır. Başqa sözlə, hazırda Vergilər Nazirliyi dövlətin bu sahədə siyasətini və büdcənin öhdəliklərini heç də lazımi səviyyədə yerinə yetirməkdə maraqlı deyil”.

Daha sonra dia-az.site-a daxil olan məqalənin mətnində deyilir: “Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da Prezident İlham Əliyev vergi orqanlarının bu sahədə fəaliyyətindən narazılığını ifadə edib: “Hər bir hökumət qurumu baxmalıdır ki, bizim rezervlərimiz haradadır. Biz bu rezervləri aşkar etmişik. Görmüşük ki, bir çox hallarda vergilər ödənilmir, burada yayınmalar baş verir. Bunu hamı - sahibkarlar da, cəmiyyət də bilir. Yəni, əfsuslar olsun, vergivermə mədəniyyəti bizdə tam şəkildə, şəffaf qaydada formalaşmayıb. Vergiləri dövlət qurumları verir. Əlbəttə, o vergini almaq böyük məharət tələb etmir. Dövlət Neft Şirkətində hər şey şəffafdır. Bu, dövlət qurumudur. Digər dövlət qurumları da vergiləri tam şəkildə ödəyirlər. Amma özəl sektor vergini tam şəkildə verirmi? Yox, vermir”.

Hər bir sahibkarın vergi borcunu 100 faiz ödəməli olduğunu qeyd edən dövlət başçısı bundan başqa kiməsə 1 manat vəsaitin ödənilməməli olduğunu diqqətə çatdırıb. Bu isə hazırda sahibkarların vergi borcunu ödəməklə yanaşı, vergi orqanlarının əməkdaşlarını da “razı salmağa” məcbur olunduqlarına ən yükəsk səviyyədə bir işarədir. Prezident İlham Əliyev hətta belə halların - “haqq qoyulması, pay istənilməsi, “krışalıq” edilməsi” hallarının bəzi yerlərdə kütləvi xarakter aldığını da vurğulayıb: “Bax, mən onlara tapşırıram və göstəriş verirəm. Eyni zamanda, dövlət qurumlarına çox ciddi göstəriş verirəm ki, heç bir əsassız tələb irəli sürülməməlidir. Əfsuslar olsun ki, belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır. Əgər hesab edirlər ki, bunu heç kim bilmir, səhv edirlər. Bu, çox ciddi məsələdir və mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır”.

Digər tərəfdən, Prezidentin sahibkarığın inkişafını dəstəkləməsi, onların fəaliyyətinin stimullaşdırılmasına qayğıkeş münasibəti müqabilində vergiyığanların sahibkarlarla kobud rəftarı, qeyri-qanuni tələblərlə bu və ya digər obyekti bağlamaq üçün əllərində “qıfıl” gəzdikləri də günümüzün mənzərəsində aydın görünür. Dövlətimizin başçısı bunu da aydın şəkildə dilə gətirib: “Ölkəmiz sahibkarlıq hesabına inkişaf edəcək. Di gəl ki, kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni, bunu edən dövlətə xəyanət edir. Bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir. Mən bunu belə qəbul edirəm və hamı bunu bilsin və nəticə çıxarsın”.

Təbii ki, bütün bunlar, büdcə daxilolmalarında yol verilən ciddi nöqsanlar, sahibkarlardan gələn ciddi narazılıq siqnalları iqtidarda Vergilər Nazirliyinin yarıtmaz fəaliyyətinin əslində özəl sektorun inkişafı və nəticə etibarilə iqtisadi tərəqqi üçün maneəyə çevrilməkdən başqa bir şey olmadığı qənaətini formalaşdırıb. Digər tərəfdən isə hazırda Azərbaycandan başqa (Bolqarıstan istisna olmaqla) heç bir Avropa ölkəsində Vergilər Nazirliyi adlı ayrıca hökumət qurumu mövcud deyil və inkişaf etmiş dünya ölkələrində vergi xidməti əsasən maliyyə strukturlarının tərkib hissəsi kimi mövcuddur. Ona görə də Azərbaycanda belə bir iri qurumun saxlanması xərcləri büdcə üçün ağır yükə çevrilib. Artıq hakimiyyət mənbələrindən daxil olan məlumatlarda hökumət daxili struktur islahatlarının Vergilər Nazirliyini də əhatə etməsi, bu nazirliyin ayrıca bir qurum kimi qalıb-qalmaması məsələsinin ölkə iqtidarı üçün xeyli aktuallaşdığı və bu istiqamətdə müzakirələrin aparıldığı qeyd olunur. Hökumətdəki mənbə bildirir ki, Vergilər Nazirliyinin ləğv olunması və əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, Maliyyə Nazirliyinin tərkibində vergi xidməti olaraq fəaliyyətini davam etdirməsi iqtidarin gündəmindədir və yaxın vaxtlarda bu məsələnin reallaşacağı gözlənilir. Əslində bu gün bütün Avropa ölkələrində də məhz bu təcrübə tətbiq olunur.

Təbii ki, hakimiyyətin bu zəruri addımı ilk növbədə qeyri-neft sektorunun inkişafının stimullaşdırılmasına və bu sektordan vergi daxilolmalarının səviyyəsinin artırılmasına hesablanıb”.

Geri qayıt