Əsas Səhifə > Siyasət, Manşet > Əgər ölkədə ana və uşaq ölümlərinin qarşısını almaq istəyiriksə...
Əgər ölkədə ana və uşaq ölümlərinin qarşısını almaq istəyiriksə...3-10-2015, 09:40 |
Sumqayıt şəhər 1 saylı Doğum Evinin fəaliyyətində müşahidə olunan ciddi qanun pozuntularına dair ardıcıl dərc etdiyimiz materialların nəticəsi olaraq, bu səhiyyə müəssisəsinin rəhbərliyi tərəfindən bəzi ehtiyat tədbirləri görülməkdədir. Bu barədə Doğum Evində baş verənlər barədə məlumatı olan mənbənin təqdim etdiyi növbəti açıqlamalarda bildirilir. Qeyd olunur ki, ümumilikdə müəssisənin fəaliyyətində radikal dəyişikliklər müşahidə olunmasa da, bir tərəfdən mətbuata və digər əlaqədar instansiyalara daxil olan ifşaedici məlumatların ictimailəşdirilməsi, digər tərəfdən də Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyində olmuş dəyişiklik və bu əsasda şəhərdə intensiv şəkildə həyata keçirilən məlum islahatlar fonunda, Doğum Evinin rəhbərliyi qəfil baş verə biləcək yoxlamalara hazırlıq məqsədilə müəyyən addımlar atıb. Mənbə belə tədbirlərdən biri olaraq, Doğum Evində yığılan pulların toplanma və paylaşdırılma mexanizmində müşahidə edilən müəyyən dəyişikliyi göstərir. Artıq qeyd olunduğu kimi, müxtəlif mənbələrdən aldığımız məlumatlarda da təsdiq olunur ki, müəssisənin baş həkimi Sevda İsgəndərli burada doğuşların qəbulunu əsil biznes fəaliyyətinə çevirib. Az əvvəl əldə etdiyimiz məlumatlarda bildirilirdi ki, bu müəssisənin qəbul şöbəsində doğuşa gələn xanımlardan dərhal 350 manat məbləğində ödəniş etmək tələb olunur. Hətta maraqlananlara belə bir məlumat da verilir ki, həmin məbləğin 80 manatı doğuşu qəbul edəcək həkimə, 40 manatı kiçik personala və qalan 230 manatı da baş həkimə çatır. Şöbəyə gətirildikdən sonra, ana olmağa hazırlaşan xanımlar növbəti pul ödənişlərini də yerinə yetirirdilər. Yenicə doğmuş qadının xəstəxanada ən azı 3 gün qalması tələb olunur ki, bunun da müqabilində ödəniləcək məbləğ təxminən 200-300 manat civarında müəyyənləşdirilib. Doğum evində işləyən tibb bacıları, baxıcılar və digər işçilərə də bu müddət ərzində 100 manata qədər pul xərclənir ki, nəticədə hər doğuş təxminən 700-800 manata qədər başa gəlir. Lakin hal-hazırda bu prosedurlar bir qədər mərkəzləşdirilirb. Belə ki, hazırda Doğum Evinin qəbul şöbəsində xəstələrdən qətiyyən pul alınmır. Yalnız qəbul və doğuşdan sonra həkim-ginekoloqların hər biri konkret olaraq öz pasientlərindən pul alırlar. Alınan məbləğin rəhbərlik və personal arasında bölüşdürülməsi də məhz həmin həkimlər tərəfindən həyata keçirilir. Bununla belə, yeni aldığımız açıqlamalarda müəssisənin fəaliyyətində yer almış qanun pozuntuları ilə bağlı bəzi ifşaedici məqamlara baş həkim Sevda İsgəndərlinin hələ də əhəmiyyət verməməsi diqqət mərkəzinə çəkilir. Məsələn, belə məqamlardan biri personalın tutduğu vəzifəyə peşə və təhsil uyğunluğu ilə bağlıdır. Mənbə bildirir ki, Doğum Evində tibb bacısı vəzifəsində çalışan Təranə Şahverənova əslində bu işi icra etmək hüququna malik deyil. İddiaya görə, bu tibb bacısının işə qəbul zamanı təqdim etdiyi təhsil haqda sənəd 2005-ci ildə verilsə də, hələ də Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmayıb. Hətta bu sənədin təsdiq üçün nazirliyə təqdim olunub-olunmaması da şübhə altındadır. Ümumiyyətlə isə, Sumqayıt şəhər 1 saylı Doğum Evində sənədləşmə məsələlərində bu kimi “xırda” saxtakarlıqlara tez-tez rast olmaq mümkündür. Daha bir nümunə kimi, mənbə rəhbərlik tərəfindən personal arasında gecə və gündüz iş saatlarının bölgüsü zamanı növbəlilik prinsiplərinin pozulduğunu göstərir. Bildirilir ki, Umgülsüm adlı tibb bacısı guya ki, infarkt keçirməsi səbəbilə davamlı olaraq yalnız gündüz növbəsinə təyin olunur. Halbuki, bu xanımın müvafiq vəziyyətlər üçün tələb olunan və Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilən tibbi arayışı yoxdur. Sadəcə olaraq baş həkimlə müəyyən şərtlər əsasında əldə olunmuş razılıq belə bir imtiyazı təmin etmiş olur. Mənbənin deməyinə görə, baş tutacaq hər hansı təftiş zamanı bu kimi özbaşınalıqlara kifayət qədər rast gəlmək mümkün olar... Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq. Geri qayıt |