Əsas Səhifə > Siyasət, Manşet > Nüfuzlu tikinti firmasında fəhlə haqqı yeyilir...
Nüfuzlu tikinti firmasında fəhlə haqqı yeyilir...1-09-2015, 09:55 |
Vertikal.az-a ərizə ilə müraciət etmiş paytaxt sakini, vətəndaş Məmmədov Elçin Elxan oğlu tərəfindən təqdim olunan faktlar da növbəti belə bir hadisədən xəbər verir. Şikayətçi öz ərizəsində bildirir ki, o, 02 mart 2015-ci il tarixində, 19 nəfər işçi yoldaşı ilə birlikdə Nərimanov rayonu ərazisində, Təbriz küçəsində, “Çanaqqala” restoranının arxasında yeni inşa olunmuş 18 mərtəbəli binada təmir işlərinə başlayıblar. Briqada tərəfindən 3 ay və 20 gün ərzində binanın 9-cu mərtəbəsində 4 mənzildə və 14-cü mərtəbəsində daha 2 mənzildə təmir işləri aparmışdır. İşlərin sifarişçisi kimi “Bosson” inşaat şirkətinin rəhbəri olan Zaur adlı şəxs çıxış etmişdir. Həmçinin E.Məmmədov bildirir ki, “Bosson” şirkəti də öz növbəsində bu işləri “Paşa Holdinq”in tikinti şöbəsinin sifarişi ilə həyata keçirirmiş. Bu məqam isə, işçi briqadasının son qərarı verməsində əsas stimul olub. Elçin bildirir ki, tikinti işlərində çalışan bir çox ustalardan indiyədək “Paşa Holdinq”in bu sahədə fəaliyyətinə dair ancaq yaxşı sözlər və səmimi razılıq eşidib. İşçilərə pullarının vaxtlı-vaxtında verilməsi, sərfəli qiymətlər, əlverişli iş şəraiti və rejiminin yaradılması baxımından “Paşa Holdinq” inşaat sahəsində çalışan usta və fəhlələr üçün ən arzuolunan sifarişçilərdən biri hesab olunur. Beləliklə, göstərilən müddət ərzində 20 nəfərdən ibarət briqada inşaat materiallarının (kərpic, qum, sement) daşınması, arakəsmələrin sökülməsi və yeni planirovkaya uyğun tikilməsi, armaturların laqunda ilə kəsilməsi (2500 ədəd), divarlarda betona kontakt izolyasiyanın çəkilməsi, makina suvağı, şpatlyovka (astar və üzlük) vurulması, pərdə divarlardan kəsilmiş divarların yerinin rənglənməsi, 6 mənzilin tavanının metal profillərlə yığılaraq, alçibanla üzlənməsi, zibilin daşınması və digər işləri həyata keçirmişdir. Lakin, faktiki olaraq sifarişçi və icraçılar arasında vasitəçi rolunu oynamış “Bosson” şirkəti sən demə işçilərlə münasibətləri “Paşa Holdinq”dən tam fərqli şəkildə qururmuş. Bu xüsusda şikayətçinin ərizəsində deyilir: “İşlədiyimiz 3 ay və 20 gün ərzində Zaur bizə (20 nəfər işçiyə) 12 000 (on iki min) manat pul ödəmişdir. Halbuki, əldə olunmuş razılığa görə, 6 mənzildən hər birinin təmir işlərinə görə 8 000 (səkkiz min) manat, ümumilikdə isə 48 000 (qırx səkkiz min) manat ödəniləcəyi nəzərdə tutulmuşdu. Lakin Zaur bizə arxasında “Paşa Holdinq”in durduğunu bəyan edərək, pulumuzun qalan hissəsini verməyəcəyini bildirmişdir...” Bax elə məhz bu məqam, az öncə qeyd etdiyimiz etibardan sui-istifadə halının bariz nümunəsidir. Şikayətçinin deməyinə görə, “Paşa Holdinq”in tikinti şöbəsinə Araz Ağayev adlı şəxs rəhbərlik edir və o, Zaurla qohumluq əlaqələrindədir. Aydındır ki, belə olan vəziyyətdə Araz Ağayev öz yaxınına etibar edərək, onun şirkətini sərfəli müqavilə ilə təmin edib. Nəticədə isə...Nəticədə isə, Zaur binanın təmir işlərinə holdinq tərəfindən ayrılan vəsaitləri mümkün olan qədər mənimsəməyə böyük səylər göstərib və şikayətçilərin iddialarına görə bu sahədə kifayət qədər “bacarıqlı” ola bilib. Bu barədə ərizədə deyilir: “Əlavə olaraq bildirmək istəyirəm ki, bizim həmin binada işlədiyimiz müddət ərzində Zaur özünə Pirşağı qəsəbəsində üç bağ evi almışdır ki, bunlardan da birini Araz Ağayevə hədiyyə etmişdir. Bundan başqa Zaur yenə də həmin müddətdə, Həsən Əliyev küçəsində özünə üç kommersiya obyekti (dükan) və “Tonqal” restoranının yanında iki ədəd mənzil almışdır. Bundan başqa isə, Zaur atasına “Range Rover - Sport” markalı avtomobil də hədiyyə etmişdir. Qeyd edim ki, bütün bu haqsızlıqlarda Zaurun atasının da xüsusi iştirakı olmuşdur...” Qeyd edək ki, biz E.Məmmədovdan Zaurun aldığı mülk və obyektlər barədə haradan məlumatlı olduğu barədə də soruşduq. Cavabında isə şikayətçi bildirdi ki, Həmin obyektlərin də təmir işlərinə Zaur məhz onların briqadasından usta və fəhlələri cəlb edirdi.Sonda bunu da qeyd etmək istəyirik ki, biz artıq “Paşa Holdinq” MMC-nin direktoru cənab Mir Camal Paşayevə bütün bu baş verənlər barədə ətraflı məlumat vermişik. Öz növbəsində Mir Camal müəllim də daxil olan məlumatlar ətrafında ciddi araşdırma aparılacağını və istənilən halda haqq-ədalətin bərpa olunacağını vəd etmişdir. Geri qayıt |