Əsas Səhifə > Siyasət, Manşet > Ağsulular deputatlarını dəyişmək istəyirlər...

Ağsulular deputatlarını dəyişmək istəyirlər...


29-08-2015, 09:55
Ağsulular deputatlarını dəyişmək istəyirlər...
Artıq Azərbaycanda növbəti parlament seçkilərinin dəqiq vaxtı da müəyyənləşdirildi. Ölkədə isə bu vacib və məsul tədbirə hazırlıq işlərilə bərabər, həm də seçkilərlə bağlı bəzi məqamlar ətrafında müəyyən qalmaqallar yaşanmaqdadır. Etiraf olunmalıdır ki, bu gün bir çox namizədləri deputat məqamında cəlb edən əsas cəhət, bu şəxsin aldığı toxunulmazlıq statusu və bununla bərabər verilən son dərəcə böyük imtiyazlardır. Sirr deyil ki, bu gün Azərbaycanda bir çox inhisarçı oliqarxlar da ilk növbədə məhz öz bizneslərini daha da inkişaf etdirmək və artıq sahib olduqları monopoliyaları daha da möhkəmləndirmək məqsədilə deputat mandatı almağa can atırlar. Bəziləri isə, bu statusu aldıqdan sonra özlərini xalqın xidmətinə deyil, öz maraqlarının təminatı işinə təslim edirlər. Təbii ki, bu kimi hallar seçicilərin narazılıqlarına əsas verir.

Bu xüsusda Ağsu rayonundan aldığımız məlumatlarda bildirilir ki, Milli Məclisin 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən seçilmiş deputatı, Mərkəzi Universal Mağazanın (MUM) sahibi Ərəstun Cavadovun yenidən, ardıcıl olaraq artıq üçüncü dəfə deputatlığa namizədliyini irəli sürməsi rayon sakinlərinin ciddi etirazlarına səbəb olub. Yerli mənbələr əhalinin narazılığını belə əsaslandırırlar ki, Ərəstun Cavadov deputat statusu daşıdığı bu on il ərzində seçildiyi Ağsu rayonunun fermerləri, iş adamları və sadə vətəndaşları üçün heç bir xeyirli iş görməyib. Əksinə, iddialara görə əldə etdiyi yüksək imtiyazlara güvənən millət vəkili, əlində olan imkanları rayon əhalisinə qarşı bir çox haqsızlıqlar törətməyə yönəldib. Bu haqsızlıqlar isə, ilk növbədə rayon iqtisadiyyatının bir çox sahələrinə nəzarətin Ərəstun Cavadov tərəfindən ələ keçirilməsində özünü göstərib. Bu tendensya isə, öz növbəsində Ağsuda sahibkarlıq fəaliyyətilə məşğul olan iş adamlarının kütləvi surətdə müflisləşməsinə səbəb olub.

Bu gün rayonda yaranmış vəziyyətlə bağlı ölkə mətbuatında yayımlanan məlumatlarda deyilir: “Təkcə müəssisələri, ticarət obyektlərini deyil, əhalinin, fermerlərin üzüm plantasiyalarını da zorla ələ keçirən deputat Ağsu əhalisini çörəklə imtahana çəkir. Artıq elə vəziyyət yaranıb ki, üzümlükləri, ticarət obyektləri vətəsərrüfatları əllərindən alınan yüzlərlə ailə olan-qalan ehtiyalarını da yeyib qurtarıblar. Buna görə də hazırda Ağsuda faktiki müflis durumunda olanların sayı kəskin şəkildə artıb. Camaatın səbir kasası dolub. Artıq Ağsuda yaşamaq mümkün deyil. Əhalinin bir vaxtlar etimad göstərib, səs verdiyi deputata qəzəbi getdikcə artır. Ərəstun Cavadovun növbəti dəfə deputatlığa namizədliyini sürməsi xəbəri isə, bu qəzəbi daha da artırıb...”

Bu arada isə bəzi mənbələr iddia edirlər ki, hələ 2010-cu ildə keçirilən parlament seçkilərində Ə.Cavadov əhalidən imza toplamayıb. Yalnız müəyyən vasitələrlə ona lazım olan sayda vətəndaşın şəxsiyyət vəsiqələrindəki göstəriciləri imza vərəqələrinə köçürülüb. Bu ilki seçkilərdə də analoji saxtakarlığın qarşısını almaq üçün isə, Ağsu sakinləri artıq birbaşa ölkə rəhbərliyinə müvafiq müraciət göndərməyə hazırlaşırlar.Yeri gəlmişkən bir məqamı da diqqət mərkəzinə çəkmək istərdik ki, son vaxtlar ölkə mətbuatında yayımlanan məlumatlarda Ərəstun Cavadovun Mərkəzi Univermağın rəhbəri kimi də bir sıra qanun pozuntularına yol verdiyinə dair iddialar irəli sürülməkdədir. Bu kimi məlumatlarda millət vəkili ölkənin qızıl bazarını inhisara almağa cəhd göstərməkdə, aylıq dövriyyəsi milyon manatlarla ölçülən Mərkəzi Univermağı dövlət büdcəsinə vergi ödəmələrindən yayındırmaqda, qeyri-qanuni fəaliyyət göstərən zərgərlik emalatxanaları yaradılmasında və bir çox digər qanun pozuntularına yol verməkdə ittiham edilir...

Geri qayıt