Əsas Səhifə > Siyasət, Manşet > Nazir bu internat evinə şəxsən baş çəkmişdi, amma...
Nazir bu internat evinə şəxsən baş çəkmişdi, amma...6-08-2015, 11:24 |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Saray qəsəbəsində yerləşən 7 saylı internat evinin direktoru Pərvanə Səfərovanın yarıtmaz fəaliyyətinə dair aldığımız məlumatlar əsasında hazırlanmış tənqidi materialı təqdim etmişdik. Qeyd olunduğu kimi Saray 7 saylı internat evi xüsusi qayğıya ehtiyac duyan, fiziki və əqli cəhətdən qüsurlu uşaqların dövlət himayəsində yaşadığı bir müəssisədir. Burada uşaqlar daimi olaraq yaşamaqla, qida, geyim və lazımi tibbi xidmətlə təmin olunurlar. Bizdə olan məlumata görə, 405 yerlik internat evində hazırda 125 nəfər uşaq yaşayır. Biz dəfələrlə belə bir fikri öz yazılarımızda önə çəkmişik ki, bu gün cəmiyyətimizin, xalqımızın gələcəyi olan uşaqlara diqqət və qayğıdan danışarkən hər bir insanın qəlbində qeyri-ixtiyari olaraq sevgi, məhəbbət və mərhəmət kimi ülvi duyğular baş qaldırır. Həm də bu hisslər müəyyən fiziki qüsurları olan uşaqlara münasibətdə özünü hər zaman daha qabarıq formada büruzə verir. Bir həqiqətdir ki, bu kimi müəssisələrdə yaşayan və təhsil alan uşaqların digər həmyaşıdlarından daha artıq qayğı və diqqətə ehtiyacı olur. Əminliklə demək olar ki, bu gün Azərbaycan dövləti, ölkə rəhbərliyi bu uşaqların bütün ehtiyaclarının ən yüksək səviyyədə təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirir. Onların yaşadıqları müəssisələrin yerləşdiyi binalar əsaslı təmir olunur və ən müasir avadanlıqlarla təchiz edilir. Həmçinin uşaqların sağlamlığı, ərzaq və geyim təminatı, istirahət və asudə vaxt məsələləri də daima xüsusi diqqət mərkəzində saxlanılır. Lakin təəssüflər olsun ki, bəzi hallarda belə müəssisələrə rəhbərlik edən şəxslər burada yaşayan insanlara göstərilən dövlət qayğısını da, ictimai diqqəti də az qala heçə endirir. Aldığımız məlumatlarda da bildirilir ki, 7 saylı internat evinin direktoru Pərvanə Səfərova rəhbərlik etdiyi müəssisədə mütəmadi olaraq bir çox qanunsuz əməllərin həyata keçməsinə zəmin yaradır. Mənbələr tərəfindən təqdim edilən açıqlamalara görə müəssisənin sakinləri davamlı olaraq diqqətsizlikdən əziyyət çəkirlər. Müəssisə rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində burada məskunlaşmış xəstə uşaqlar dövlətin, ictimai qurumların və ayrı-ayrı şəxslərin göstərdikləri qayğıdan yararlana bilmirlər. Bu xüsusda redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Pərvanə Səfərovanın yarıtmaz fəaliyyəti müəssisədə dözülməz şərait yaradıb. Hətta bəzi mənbələrin iddiasına görə, müəssisədə məskunlaşan xəstə uşaqlar məcburiyyətdən Saray qəsəbəsində fərdi evlərə sığınır, sakinlərdən imdad diləyirlər. Baxmayaraq ki, vaxtaşırı olaraq internat evinə imkanlı şəxslər tərəfindən bilavasitə ərzaq yardımları da göndərirlər, əksər hallarda bu yardımlar internat evinin sakinlərinə çatmır. Belə ki, müəssisə rəhbərliyi həmin yardımların mənimsənilməsinə birbaşa şərait yaradır. Müəssisəyə xəstələr üçün göndərilən ərzaqların əksəriyyəti isə qəsəbədəki mağazalarda satılır.Təbii ki, bu kimi xüsusi müəssisələrdə yaşayan uşaqlar onlara göstərilən dövlət qayğısının təzahürünü ilk növbədə həmin müəssisələrdə çalışan kollektivin onlara münasibətində tapırlar. Bu münasibətlər isə əlbəttə ki, daha çox konkret müəssisə rəhbərləri tərəfindən həyata keçirilən idarəçilik prinsipləri əsasında formalaşır. Başqa sözlə desək, məhz müəssisə direktorlarının insani keyfiyyətləri, məsuliyyətləri və iş bacarıqları burada yaşayan insanların cəmiyyətimizə və dövlətə qarşı müəyyən münasibətlərinin formalaşmasında xüsusi rol oynayan amil kimi çıxış edir. Təəssüflər olsun ki, bu gün biz irəli sürülən tələblərə heç də cavab verməyən bəzi kadrların da belə məsuliyyətli vəzifələrə təyin edilməsi hallarına hələ də rast gəlirik. Materialda irəli sürülən bu ittihamlara həm 7 saylı internat evinin, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəhbərliyinin münasibətini öyrənmək bizim üçün də çox maraqlı olardı. DİA.AZ xatırladır ki, hələ keçən il Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qurban bayramı münasibətilə nazirliyin Abşeron rayonunun Saray qəsəbəsindəki 7 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində olub. Deməli, Nazir artıq həminn ünvanla tanışdır. Tək qalanı oralara yenidən nəzər salmasıdır... Geri qayıt |