Əsas Səhifə > Siyasət, Manşet > Sizə dəli deyənin özü dəlidir...
Sizə dəli deyənin özü dəlidir...5-08-2015, 08:01 |
Məlum olduğu kimi, bu gün Azərbaycanın iqtisadiyyatının bütün dünyanı heyrətə gətirən sürətli inkişafı, ayrı-ayrılıqda götürülmüş hər hansı sahədə neqativ halları təəssüflər olsun ki, heç də istisna etmir. O cümlədən respublikamızın səhiyyə sistemində əsaslı islahatların həyata keçirildiyi və bir çox istiqamətlərdə kifayət qədər inkişafa nail olunmasına rəğmən, bu gün bəzi rayon və bölgələrimizdə səhiyyənin durumu hələ də son dərəcə acınacaqlı vəziyyətdədir. Ötən saylarımızda bu mövzuya toxunaraq biz belə bir fikir irəli sürmüşdük ki, bölgələrdə səhiyyə, təhsil və digər bu kimi strateji əhəmiyyət kəsb edən sahələrdə mövcud olan vəziyyətə görə rayonun istisnasız olaraq bütün hakimiyyət orqanları və yerli ictimaiyyət məsuliyyət daşıyır. Təbbi ki, eyni fikri Bakıda fəaliyyət göstərən bəzi tibb müəssisələrinə də şamil etmək olar. Ötən saylarımızda biz redaksiyamıza daxil olan məlumatlar əsasında hazırlanmış və Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı ruhi-əsəb xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovun həkimlik etikasına və vətəndaş əxlaqına zidd əməllərlə müşayiət olunana fəaliyyətindən bəhs edən bir neçə məqalə dərc etmişdik. Aldığımız məlumatlarda göstərilir ki, A.Rəsulov hərbi xidmətdən yayınmaq niyyətində olan bəzi gənclərin qısa bir müddət xəstəxanada qalmaları üçün lazımi şəraiti təmin edir. Bundan sonra isə həmin şəxslər ruhi xəstə olmaları haqda müvafiq arayış alaraq hərbi xidmətdən azad edilirlər. Bu gün doğma torpaqlarımızın 20 faizindən çoxu hələ də düşmən tapdağı altında qaldığı bir vəziyyətdə Azərbaycan dövləti bu problemin həlli məqsədilə istər dünya miqyasında, istərsə də ölkə daxilində məqsədyönlü, çoxşaxəli iş aparır. Təbii ki, torpaqlarımızın azad olunması üçün ilk növbədə güclü orduya malik olmağımız zəruri şərtdir. Hərbi sənaye kompleksinin yaradılması, ordu quruculuğunda tətbiq olunan islhatlar artıq öz nəticələrini göstərir. Lakin bu problemin həlli ümumxalq işidir. Xüsusən gənc nəslin milli-vətənpərvər ruhda, xalqa və dövlətçiliyimizə sədaqət prinsiplərinə uyğun formalaşması yönümündə ümumilikdə ictimaiyyətin və ayrı-ayrılıqda hər birimizin xüsusi fəallığına böyük ehtiyac vardır. Bunun əvəzində cəmiyyətimiz hələ də orduda xidmətdən yayınma hallarına və belə halların mövcudluğu üçün şərait yaradanlara qarşı mübarizə aparmaq məcburiyyətindədir. Ağahəsən Rəsulovun fəaliyyəti bir daha təsdiqləyir ki, bu gün Azərbaycan səhiyyəsi korrupsiya və rüşvətxorluqdan, həm də bu yolverilməz halların məhz qəyyumluq və himayədarlıq əsasında yaranan təzahürlərindən daha çox əziyyət şəkən sahələrdən biridir. Əgər belə olmasaydı baş həkimin yol verdiyi aşkar qanun pozuntuları artıq çoxdan ifşa olunar və o, məsuliyyətə cəlb edilərdi. Lakin bu rüsvayçı əməllər də Ağahəsən Rəsulovun fəaliyyətini tam nümayiş etdirmir. Məlumatlarda bildirilir ki, A. Rəsulov eyni üsulu hətta cinayət törətmiş bəzi vətəndaşların məsuliyyətdən yaxa qurtarmaları üçün də müvəffəqiyyətlə tətbiq edir. Bu isə artıq baş həkimin hüquq-mühafizə və prokuratura orqanlarına da meydan oxuması anlamına gəlir. Hər halda güman etmək olar ki, ölkədə həyata keçirilən antikorrupsiya tədbirləri nəhayət bu gözdən uzaq tibb müəssisəsinə də sirayət olunacaqdır. Bəlkə məhz o zaman Ağahəsən Rəsulovun arxasında duranların siması ifşa edilərək ictimaiyyətə də təqdim olundu. Əks halda isə, artıq tendensiya şəklini almaqda olan bu kimi təzahürlərin daha təhlükəli fəsadlara yol açacağı qaçılmaz ola bilər... Geri qayıt |