Əsas Səhifə > Siyasət, Manşet > Heydər Əsədov Qaxa bir nəzər sala...
Heydər Əsədov Qaxa bir nəzər sala...4-08-2015, 10:34 |
Artıq neçə müdətdir ki, redaksiyamıza müxtəlif bölgələrdən daxil olan məlumatlarda "Aqrolizinq" ASC-nin bu və ya digər rayonda fəaliyyət göstərən filiallarından şikayətlər öz əksini tapmaqdadır. Xüsusilə əkin və biçin mövsümündə kombayn və digər texnikanın çatışmazlığı səbəbilə rayonlarda kənd təsərrüfatı ilə məşğul olan insanların narazılıqları daha da artmış olur. Çünki dövlətin milyonlarla manat xərcləyərək aldığı müasir taxılbiçən kombaynların toplandığı "Aqrolizinq" ASC-nin rayon filiallarında sözün həqiqi mənasında özbaşınalıq hökm sürür. Məlum olduğu kimi bu gün "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində Bakı mərkəzi təchizat bazası, Gəncə, Şirvan, Ucar rayonlararası təchizat bazaları, Sabirabad, Şəki, Şəmkir regional logistik bazaları və Xaçmaz rayonlararası təchizat və logistik bazası fəaliyyət göstərir. Həmçinin 55 rayonda təsərrüfat hesablı Aqroservis filialları və onların 100-dən çox mexanikləşdirilmiş dəstələri vardır. Lakin, təəssüflə də olsa qeyd etməliyik ki, bu gün cəmiyyətin bir çox rayon filiallarının fəaliyyəti yerli sahibkarlar və rayon ictimaiyyəti tərəfindən qeyri-qənaətbəxş kimi qiymətləndirilir. "Gündəlik Bakı" redaksiyasına daxil olan məlumatlarda o cümlədən, Qax "Aqroservis" filialının rəhbərliyi səriştəsizlikdə, işə məsuliyyətsiz yanaşma tərzində, cəmiyyətin fəaliyyət prinsiplərinin kobud şəkildə pozulması hallarına yol verməkdə ittiham olunur. Məlumat üçün bildirək ki, Qax rayonunun iqtisadiyyatının əsasını əkinçilik (xüsusilə tütün və taxılçılıq üzrə ixtisaslaşmışdır) və heyvandarlıq məhsullarının istehsalı təşkil edir. Yeyinti sənayesi bağçılıq, tütünçülük və heyvandarlıq məhsullarının emalına əsaslanır. Qax meyvə-tərəvəz konservi zavodları yeyinti sənayesinin əsas müəssisələridir. Burada istehsal olunan məhsulların xeyli hissəsi başqa rayonlara göndərilir. Rayonda həmçinin yağ-pendir, çörəkbişirmə, spirtli içkilər, şərq şirniyyatı məhsulları istehsal edən kiçik müəssisələr də fəaliyyət göstərir. Rayondan aldığımız məlumatlarda isə qeyd olunur ki, ASC-nin Qax "Aqroservis" filialına rəhbərlik edən Loğman Hüseynov öz fəaliyyətində daha çox şəxsi mənafelərinin təminatına əsaslanır. Belə ki, taxılbiçən kombaynlar və digər kənd təsərrüfatı texnikası ilkin olaraq varlı insanların, əsasən də məmurların əkin sahələrində çalışdırılır. Onsuz da kasıb olan yoxsul təbəqələrin isə sahələrinə kombaynlar verilmədiyinə görə, kasıbların məhsulları həddindən artıq yetişərək yerə tökülür. Bu sosial ədalətsizlik doğrudan da, kənd əhalisində dövlətə olan inamı sarsıdır. Çünki onsuz da var-dövlətləri başından tökülən məmur təbəqəsinin bitib-tükənməyən tamahı yoxsul insanların son ümidlərinin məhv olmasına yol açır. Eyni zamanda da filialın fəaliyyətində korrupsiya hallarının daha çox yer aldığı istiqamətlərdən biri kimi təsərrüfatların gübrə və pestisidlərlə təchizat məsələləri göstərilir. Bildirilir ki, gübrə məhsullarının "qara bazara" çıxarılması məqsədilə fermerlər tərəfindən bu məhsulların alınması məqsədyönlü şəkildə əngəllənir. Aldığımız məlumatlarda həmçinin vurğulanır ki, filialın direktoru texnikanın fermerlərə lizingə verilməsi və ya lizinq yolu ilə satılması işində də süni əngəllər yaradaraq vəziyyətdən şəxsi maraqlarının təminatı məqsədilə yararlanır. Bildirilir ki, Qaxdakı aqroservis xidmətlərində müxtəlif markalı kombayn və traktorlar, otbiçən, otbağlayan, otyığan, çiyidsəpən, taxılsəpən, gübrəsəpən, çiləyicilər və digər aqreqatlar olsa da, hamı onlardan istifadə edə bilmir. Belə ki, Loğman Hüseynovun yaxın ətrafına mənsub olan bəzi şəxslər müxtəlif adlar altında kəndli-fermer aqroservis xidmətləri yaradaraq, bütün mövcud texnikanı öz əllərində cəmləşdiriblər. Digər fermerlər və pay torpaqlarını əkib-becərənlər isə həmin texnikanı yalnız yüksək qiymətə icarəyə götürməli olurlar. Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq. Geri qayıt |