Əsas Səhifə > Siyasət, Manşet > Əbülfəs Qarayev Xaçmazdakı adamını özbaşına buraxıb?..
Əbülfəs Qarayev Xaçmazdakı adamını özbaşına buraxıb?..22-07-2015, 10:59 |
Mərkəzi kitabxananın müdiri Azad Əlifxanovun himayədarı kimdir? Ölkənin zəngin turizm imkanlarına malik olan rayonlarından sayılan Xaçmazda yerləşən tarixi memarlıq, eləcə də maddi-mədəni abidələrin mühafizəsi lazımi səviyyədə təşkil olunmur. Bununla bağlı redaksiyamızı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayev üzərinə düşən işin öhdəsindən gəlməyi bacarmır. Elə bu səbəbdən də adıçəkilən qurumun fəaliyyəti rayon sakinləri tərəfindən ciddi tənqidlə qarşılanır. Hazırda Xaçmaz rayonunda 13 mədəniyyət evi, 102 kitabxana, 44 klub, 3 musiqi məktəbi, mədəniyyət və istirahət parkının fəaliyyət göstərdiyini deyən məlumatlı şəxs bildirir ki, əksər tarixi abidələr baxımsızlıq ucbatından məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb: "Nəzərinizə çatdırım ki, Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin şəbəkəsi geniş olsa da, Nazim Ağayev mədəniyyət obyektlərinin bir hissəsinə lazımi səviyyədə diqqət ayırmır. Bu səbəbdən də əksər mədəniyyət abidələrinin vəziyyəti ürəkaçan deyil. Belə ki, o, rayonun mərkəzində yerləşən mədəniyyət evləri və kitabxanalarda bir sıra təmir işləri aparmaqla vəzifəsini bitmiş hesab edir. Bunun nəticəsində ayrı-ayrı kəndlərdə yerləşən klublar unudulub. Deyilənlərə görə, Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdindəki mədəniyyət obyektlərinin bir çoxu yalnız sənəd üzərindədir. Yəni həmin müəssisələrin çoxu formal olaraq fəaliyyət göstərir. Belə ki, rəsmi olaraq onların adları Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin siyahısında qeyd olunur, lakin özləri demək olar ki, gözə dəymirlər. Əgər müvafiq qurumlar bununla bağlı geniş və obyektiv araşdırma aparsalar, o zaman bir çox mətləblərə aydınlıq gətirilə bilər". Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində fəaliyyət göstərən Mərkəzi Kitabxanada da vəziyyətin ürəkaçan olmadığını iddia edən məlumatlı şəxsin sözlərinə görə, kitabxananın müdiri Azad Əlifxanov tabeliyində olan qurumu sanki şəxsi obyekti kimi idarə edir: "Xaçmaz Rayon Mərkəzi Kitabxanasının müdiri həyata keçirdiyi bir sıra "əməliyyat"lar sayəsində rayonun ən imkanlı şəxsləri sırasında qərarlaşıb. Deyilənlərə görə, Azad Əlifxanov mərkəzi kitabxananın balansında olan kənd kitabxanalarının hesabına hər ay külli miqdarda qazanc əldə edir. Nəzərinizə çatdırım ki, Azad Əlifxanovun əsas himayədarı Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayevdir. Məhz elə bu səbəbdən də mərkəzi kitabxananın müdiri 80-ə yaxın diplomu olmayan işçini müəyyən "şərt"lər qarşılığında kənd kitabxanalarına işə götürsə də, buna görə heç kimə ona irad tutmağa cəsarət etmir. Çünki Azad Əlifxanov çətinə düşən kimi Nazim Ağayevin yardımına baş vurur. Bundan başqa, kitabxana müdirinin əsas gəlir mənbəyi kitabxanalarda işləyən işçilərin əməkhaqlarından hər ay 20-30 manat kəsməsidir. İşçilər buna görə narazılıq etsələr də, Azad Əlifxanov onları sakitləşdirmək üçün özünəməxsus üsula əl atır. Belə ki, əgər kimsə onun əməllərindən narazılıq edərsə, o zaman kitabxana müdiri həmin işçinin ali təhsilinin olmamasını bəhanə gətirərək işindən azad edir". Bundan başqa, məlumatlı şəxs bildirir ki, Azad Əlifxanov Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayevin dəstəyi ilə hər ay onlarla işçiyə yardım yazdıraraq həmin vəsaitin təyinatdankənar istiqamətlərə xərclənməsinə şərait yaradır: "Hələ bu, harasıdır. Deyilənlərə görə, Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin sifarişi ilə həyata keçirilən tenderlərə Nazim Ağayevə yaxın olan şirkətlər cəlb edilir və sonda məhz onlar qalib elan olunur. Bir sözlə, Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsində ciddi pozuntular, neqativ hallar olduğundan rayon sakinləri adıçəkilən qurumda yoxlamaların aparılmasını, işinə səhlənkar yanaşan şəxslərin qanuna müvafiq formada cəzalandırılmalarını tələb edirlər. Qeyd edək ki, artıq mədəniyyət şöbəsində yaşanan neqativ hallar bu sahədə çalışan şəxslərin də narazılığına səbəb olur. Odur ki, aidiyyəti orqanlar tez bir zamanda Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsində ciddi yoxlamalar aparsalar yerinə düşər". \\gundelik-baku.cim\\ Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |