Əsas Səhifə > Siyasət, Manşet > Daha bir saxtakarlıq: Qanunsuz ev orderi bazarı...

Daha bir saxtakarlıq: Qanunsuz ev orderi bazarı...


10-07-2015, 09:55
Daha bir saxtakarlıq: Qanunsuz ev orderi bazarı...
DİA.AZ: - Paytaxtın Xətai rayonundakı 35 saylı yataqxananın sakini vətəndaş Həsənov Vüsal Kamil oğlu redaksiyamıza ərizə ilə müraciət etmişdir. Öz ərizəsində Vüsal Həsənov iddia edir ki, ARDNŞ-nin Mənzil kommunal xidmətləri departamentinin direktoru Namiq Şahverənov öz vəzifə səlahiyyətlərini aşaraq və saxtakarlığa yol verərək onun və ailə üzvlərinin qanuni hüquqlarını pozmuşdur.

DİA.AZ bildirir ki, ərizədə deyilir: “Yazıb sizə bildirirəm ki, mən, 2003-cü ildə Azərneftyağ neft emalı zavodunda iqtisadçı vəzifəsinə işə qəbul olmuşam. 2004-cü il noyabr ayının 22-də Azərneftyağ NEZ-in müdiriyyəti həmkarlar ittifaqının 47.1-saylı 04.06.2004 tarixli qərarına əsasən, ailəli işçi kimi, Əbilov qəsəbəsi 2930-cu keçid, ev 35 ünvanında yerləşən ailəvi yataqxanada 45 nömrəli, 2 otaqlı mənzili 37 №-li orderlə mənə verdilər. 2006-cı ildə Azərneftyağ NEZ-in balansında olan yaşayış və qeyri-yaşayış binalarını ARDNŞ-in Sosial inkişaf idarəsinin Mənzil komunal xidmətləri departamentinə təhvil verdi. 28 dekabr 2011-ci ildə isə Nazirlər Kabinetinin sərəncamı ilə ARDNŞ-nin Mənzil kommunal xidmətləri departamentinin balansındakı yaşayış evləri, yataqxanalar Bakı ŞİH-nin balansına verildi. 2011-ci il dekabrın 28-də Baş nazirin 4352 saylı sərəncamı ilə Sosial inkişaf idarəsinin Mənzil komunal xidmətləri departamenti ləğv olunaraq, onun balansında olan yaşayış və qeyri yaşayış sahələri Bakı Şəhər İcra Hakimiyyətinin balansına verildi. Sonradan mənə məlum olub ki, 28.12.2011-ci ildə ləğv olmuş idarə, mənim yaşadığım evə 19 mart 2012-ci ildə tarixi ilə order verilib. Qeyd edim ki, 492 saylı order Səbinə Atayeva adlı bir qadına verilib.” Maraqlıdır ki, adı xatırlanan Səbinə Atayevə ümumiyyətlə heç zaman “Azərneftyanacaq”da işləməyib. Bu xanımın şikayətçiyə məlum olan yeganə çalışdığı yer isə 143 saylı MİS-də xadimə olub.Bundan sonra ARDNŞ-in Sosial inkişaf idarəsinin Mənzil komunal xidmətləri departamentinin rəisi Natiq Şahverənov tərəfindən aşkar saxtakarlığa və qanun pozuntusuna yol verilməsi səbəbindən, Vüsal Həsənov da şikayət ərizəsi ilə Xətai rayon prokurorluğuna müraciət edib: “Şikayətimi araşdırmaq prokurorun böyük köməkçisi Bəsti Məçiyevaya tapşırıldı. O, mənə bildirdi ki, sizin ailənin istifadəsində olan mənzilə başqa ailəni qeydiyyata götürmək qanun pozuntusudur və cinayət tərkibli işdir. Ancaq az vaxtdan sonra mənim şikayətimi prokurorluğun böyük müstəntiqi Mehman Hümmətova tapşırdılar. 6 fevral 2015-ci il tarixdə o, mənə məktub yazaraq bildirdi ki, toplanan materiallar bu işdə cinayət tərkibinin olmadığını göstərib və bu səbəbdən də prokurorluq cinayət işi açmaqdan imtina edib. Lakin mən sonradan öyrəndim ki, iş Mehman Hümbətova verilməyib. Əksinə o, özü bu işi aparmaq Bəsti xanımdan alınaraq ona verilməsində təkid edib. Maraqlıdır, görəsən nə səbəbə? 06 mart 2015-ci ildə Mehman Hümbətov verdiyi qərara görə burda cinayət tərkibinin olmadığını və məhkəməyə müraciət etməli olduğumu bildirdi.Mən yenidən baş prokuror cənab Zakir Qaralova müraciət etdim və xahiş etdim ki, Mehman Hümbətovun verdiyi qərəzli qərar yenidən araşdırılsın. Baş prokurorluqdan müraciətim baxılması üçün Bakı şəhər prokurorluğuna göndərildi və Bakı şəhər prokurorluğu bu işi Xətai rayon prokurorluğundan tələb edəndə, onlar Mehman Hümbətovun verdiyi qərarın ləğv olunduğunu və yenidən araşdırılması üçün müstəntiq Mahmud müəllimə verildiyini bildirdilər. Artıq 2 aydan artıq vaxt keçməsinə baxmayaraq mən bir dəfə də olsun prokurorluğa dəvət olunmamışam və mənə işim barədə heç bir məlumat verilməyib. Onu da əlavə etmək istəyirəm ki, bütün bu işlərin başında duran həmin binanın komendantı Nazimdir. Və verilən orderdə də açıq görünür ki, order Sosial inkişaf idarəsinin Mənzil kommunal xidmətləri departamenti verib və altında həmin idarənin möhrü və rəisi Natıq Şahverənovun imzası var. Dəfələrlə bu idarəyə rəsmi sorğu göndərərək bu orderı onların verib-vermədiyini öyrənmək istəsək də, bizə yalnız bu idarənin ləğv olunduğu cavabı gəldi...”Maraqlıdır ki, ARDNŞ-in Sosial inkişaf idarəsinin Mənzil kommunal xidmətləri departamentinin ləğvi və yaxud da mübahisə subyekti kimi çıxış edən yataqxana binasının onun balansından çıxarılma tarixi, habelə rəis Natıq Şahverənovun verdiyi orderin də yazılma tarixi müvafiq sənədlər üzərində açıq-aşkar əks olunsa da, Xətai rayon prokurorluğu orderin qanuni olub-olmadığını müəyyənləşdirməyə aylar sərf edir. Ümid edirik ki, ən azından ikinci cəhddən bu məsələyə obyektiv hüquqi qiymət veriləcəkdir.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt