Əsas Səhifə > Siyasət, Manşet > Heydər Əsədov Göyçaydakı adamını nəzarətə almalıdır: Məsuliyyətsizlik...

Heydər Əsədov Göyçaydakı adamını nəzarətə almalıdır: Məsuliyyətsizlik...


1-07-2015, 09:31
Heydər Əsədov Göyçaydakı adamını nəzarətə almalıdır: Məsuliyyətsizlik...
Ölkədəki dövlət qurumlarının yerli idarə və şöbələrinin bir çoxunda vəziyyət acınacaqlı durumdadır. Göyçay Rayon Baytarlıq İdarəsindəki mövcud durum rayon sakinlərinin haqlı narazılığına səbəb olub. Belə ki, rayonun Baytarlıq İdarəsinin məsuliyyətsizliyi, işinə qarşı laqeydliyi sakinləri təşvişə salıb. Rayonda mal -qara arasında xəstəliklər baş alıb gedir. Demək olar ki, rayonun bir sıra kəndlərində heyvanlar xəstəlikdən tələf olurlar. Kəndlərdəki bu durum kəndlilərin vəziyyətini çətinləşdirib.
Dəfələrlə Baytarlıq idarəsinə müraciət etsələr də, gəlib əncam çəkən yoxdur. Demək olar ki, havalar isinməyə başlayandan bəri mal-qara xəstəlikdən tələf olur. Vəziyyət elə yerə çatıb ki, sakinlər xəstəliyə yoluxmamış heyvanları da kəsib sata bilmirlər. Çünki rayon sakinləri ət almırlar. Vətəndaşlar bildirirlər ki, Göyçay Rayon Baytalıq İdarəsinə dəfələrlə müraciət etsələr də, idarədən mal-qaranı yoxlamağa gələn olmayıb. Rayondakı mənbələrdən verilən məlumata görə, heyvanların xəstəliyə tutulub tələf olması Göyçay Rayon Baytarlıq İdarəsinin heyvanlar arasında vaxtlı-vaxtında profilaktik tədbirlər aparmamasıyla bağlıdır: "Göyçay baytarları işlərinə qarşı laqeyd münasibət göstərirlər. Üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmirlər. İdarə rəisi Ağadadaş Hacıyev vəzifəsinin öhdəsindən gələ bilmir. Ona görə də sakinlər hər il bu cür problemlə üz-üzə qalır. Mal -qaranın xəstəliyə yoluxub tələf olmaması üçün onlara vaxtlı-vaxtında vaksinlər vurulmalıdır. Hər il dövlət büdcəsindən bu kimi tədbirlərin görülməsi üçün bu sahəyə kifayət qədər maliyyə ayrılır. Lakin mövcud vəziyyət onu deməyə əsas verir ki, dövlət büdcəsindən ayrılan vəsaitlər düzgün istiqamətə xərclənmir və hansı istiqamətə yönləndirildiyi də sual altındadır".
Baytarlıq idarəsinin əməkdaşları laboratoriya müayinələri və simptomatik müalicələr apara bilmirlər. Nəticədə də heyvanlar arasında xəstəliklər yayılır, əhalinin təsərrüfatına ciddi ziyan dəyir. Rayon ərazisində heyvanların kütləvi tələfat verən xəstəliklərdən qorunması, təhlükəli xəstəliklərin və qida zəhərlənmələrinin qarşısının alınması üçün heç bir tədbir görülmür.
Sakinlər idarə rəisinin bacarıqsızlığını önə çəkərək bu şəxsin işindən çıxarılmasını tələb edirlər. Çünki o vəzifəyə gələndən bəri rayonda vəziyyət dözülməz hala çatıb.
İdarə rəisi əsas vəzifəsini yerinə yetirmir. Mal-qaranın təhlükəli viruslardan qorunması üçün önləyici tədbirlər görmür. Buna baxmayaraq, rəis tamamilə başqa işlərlə məşğul olur. Mal-qara sahibləri ona etiraz edəndə ağır cavab eşidirlər. Hər il Dövlət Baytarlıq Xidməti Göyçay rayon Baytarlıq İdarəsinə müxtəlif dərman preparatları və iynə göndərir. Lakin bunlar təyinatı üzrə işlədilmir.
Daha sonra məlumatlarda qeyd olunur ki, rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində, şadlıq saraylarında və yol kənarı yeməkxanalarda da baytar nəzarətindən əsər-əlamət yoxdur. Adı çəkilən obyektlərin haradan ət tədarük etmələri barədə heç kim məlumatlı deyil. Əslində isə bu obyektlər baytar idarəsinin ciddi nəzarətində olmalıdır. İstifadə olunan ət və digər ərzaq məhsullarının nümunələri isə mütəmadi olaraq laborator müayinələrdən keçməlidirlər.
Ümid edirik ki, Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Baytarlıq Xidmətinin rəhbərliyi yerli sakinlər tərəfindən irəli sürülən bu ittihamları diqqətə alacaq və Göyçay rayon Baytarlıq İdarəsinin fəaliyyəti ən qısa zamanda tam ciddiliyi ilə təftiş olunacaq.
\\ gundelik-baku.com \\
Geri qayıt