Əsas Səhifə > Siyasət, Manşet > Şakir Musayevin işçisindən görünməmiş saxtakarlıq...

Şakir Musayevin işçisindən görünməmiş saxtakarlıq...


6-06-2015, 10:47
Şakir Musayevin işçisindən görünməmiş saxtakarlıq...
Ucar rayonunun Alpoud kəndi sakini İsmayılov Zeynal Məhəmməd oğlunun qəzetimizin elektron poçtuna şikayət məktubu daxil olub. 61 yaşlı Z.İsmayılov şikayət məktubunda Sabunçu rayon Məhkəmə-Tibbi Ekspertizası tərəfindən indiyə qədər görmədiyi saxtakarlığa məruz qaldığını yazır. Bu saxtakarlığın əslində cinayət əməli olduğunu iddi edən şikayətçi həmin saxtakarlığın cinayət olduğunu təsdiq edən rəsmi sənədləri də redaksiyamıza göndərib.

Şikayətçi yazır: «9 iyul 2014-cü il tarixində təxminən saat 08:00 radələrində Bakının Nardaran qəsəbəsində olan iş yerimə gedərkən Kürdəxanı qəsəbəsində yerləşən "İl" marketin qarşısında naməlum avtomobil məni vuraraq, yolun kənarına tullayıb, hadisə yerindən qaçdı. Qəza nəticəsində ayağım iki yerdən sındı, digər bədən xəsarətləri də aldım. Hadisə yerinə gələn polislərin səyi nəticəsində qəzanı törədib qaçan sürücünün kimliyi aşkar edildi. Müəyyən olundu ki, qəzanı Bakı şəhər sakini İsmayılov Ədalət Əjdər oğlu törədib.
Qəza zamanı aldığım xəsarətin dərəcəsinin müəyyən edilməsi üçün polis müstəntiqinin təliqəsi əsasında Sabunçu Rayon Məhkəmə-Tibbi Ekspertizasından keçdim. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilməsinə dair ekspert həkim Ariz Adil oğlu Quliyev 14.07.2014-cü il tarixli 1146 saylı ekspert rəy verdi. Ekspert həkim Ariz Quliyevin 14.07.2014-cü il tarixli 1146 saylı ekspert rəyinə əsasən qəza ilə əlaqədar cinayət işi başlanılmadı.
Belə olan halda, dəymiş maddi zərərin sürücü Ədalət İsmayılovdan alınaraq mənə verilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etdim. İddia üzrə keçirilən məhkəmə iclasında hakimin təşəbbüsü ilə təkrar ekspertiza keçirilməsinə dair qərardad çıxarıldı. Təkrar olaraq ekspertizadan keçdim. Məhkəmə-tibb ekspert həkimi C.T.Allahverdiyevin və Ə.B.Mevliyevin 12.02.2015-ci il tarixli 53/MEŞ saylı rəyinə əsasən 09.07.2014-cü il tarixli avtoqəza nəticəsində sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olduğu müəyyən edildi. Beləliklə, ikinci rəy məhkəmə-tibb ekspert Ariz Quliyevin bilərəkdən yalan rəy verdiyini subut etdi. Hansı ki, ikinci ekspert rəyi üstü ört-basdır edilmiş cinayətin başlanılmasına əsas oldu».
Z.İsmayılov hesab edir ki, mülki iş üzrə növbəti məhkəmə iclasında hakim ekspertin az ağır zərər vurmaya aid olan xəsarət dərəcəsi təyin edilməsi barədə ekspert rəyinə əsasən avtoqəzaya görə cinayət işinin başlanılması üçün xüsusi qərar çıxaracaq.
Sabunçu Rayon Məhkəmə-Tibbi Ekspertizasının həkimi Ariz Quliyevin hərəkətləri barədə ölkə Prezidentinə, Baş prokurora, Azərbaycan Respublikası Məhkəmə-Tibbi Ekspertiza və Patoloji-Anatomiya Birliyinin baş direktoru Şakir Musayevə və digər aidiyyəti orqanlara şikayət ərizələri ilə müraciət etdiyini bildirən Z.İsmayılov inanır ki, törədilmiş cinayətin üstünü ört-basdır edilməsi üçün saxta rəy vermiş ekspert həkim A.Quliyevin barəsində qanunu tədbirlər görüləcək.
Şikayət məktubunda adı hallandırılan Sabunçu Rayon Məhkəmə-Tibbi Ekspertizasının həkimi Ariz Quliyevin məsələ ilə bağlı münasibətini öyrənmək cəhdimiz alınmadı. A.Quliyevin mobil telefonuna dəfələrlə etdiyimiz zənglər cavabsız qaldı. Odur ki, A.Quliyevi də dinləməyə hazırıq.

Şakir Musayevin işçisindən görünməmiş saxtakarlıq...

Geri qayıt