Əsas Səhifə > Siyasət, Manşet > Bakıda Şahin Mustafayevin nazirliyini narahat edəcək daha bir saxtakarlıq...
Bakıda Şahin Mustafayevin nazirliyini narahat edəcək daha bir saxtakarlıq...4-06-2015, 10:42 |
Məlum olduğu kimi “Carlo Pazolini” yüksək keyfiyyətli ayaqqabıların istehsal və satışında dünya üzrə liderliyi saxlayan şirkətlərdən biridir. Təbii ki, artıq bir çox aparıcı brend markaların ofis və dükanlarının açıldığı Bakıda bu şirkətin də mağazaları fəaliyyət göstərir. Belə mağazalardan biri də Yasamal rayonu ərazisində, Dövlət Gömrük Komitəsinin yaxınlığında yerləşir. Əlbəttə ki, bizim bu brend markanın məhsullarını keyfiyyət baxımından şübhə altına almaq kimi bir niyyətimiz yoxdur. Digər tərəfdən isə konkret olaraq sözügedən mağazada müştərilərə brend adı altında saxta məhsulların təqdim olunmasına dair böyük şübhələrimiz mövcuddur. Təəssüflər olsun ki, bu gün Azərbaycanda, xüsusilə də paytaxt Bakıda brend markalara məxsus malların satışı üzrə ixtisaslaşmış mağazalarda belə hallara kifayət qədər rast gəlmək mümkündür. Bəzən hətta yüksək zövq və dəbdəbə ilə bəzədilmiş bir çox dükanlarda belə alıcılara təqdim olunan “dünya brendləri”nin sadəcə saxtalaşdırılmış marka və ya zay məhsul olduğu aşkarlanır. Bu günlərdə redaksiyamıza müraciət etmiş daha bir vətəndaş, Şəhla Şıxmirova da iddia edir ki, o, “Carlo Pazolini” mağazasının əməkdaşları tərəfindən aldadılmışdır. Belə ki, Şəhla xanım bir müddət bundan əvvəl məhz bu mağazadan qiyməti 250 manat olan bir ayaqqabı (tufli) almışdır. Lakin az bir müddət geyindikdən sonra tuflilərin bir tayının altı qopmuş və ayaqqabı istifadəyə yararsız hala gəlmişdir. Bundan sonra təkrar həmin mağazaya gələrək, Şəhla xanım düşdüyü vəziyyəti satıcılara bildirmişdir. Lakin müştərini bu dəfə etinasızlıqla qarşılayan işçilər, ona heç bir halda kömək edə bilməyəcaklərini söyləyiblər. Bunun müqabilində Şəhla xanım hətta müəyyən məbləğdə əlavə ödəniş etməklə də olsa, tuflilərin yeniləri ilə əvəz olunmasını tələb edib. Lakin mağazanın əməkdaşları onu təhqir edərək, qovmuşlar! Bundan sonra bəxtsiz müştəri Yasamal Rayon Polis İdarəsinə müraciət edərək “Carlo Pazolini” mağazasının əməkdaşları tərəfindən aldadıldığı və təhqir olunduğu barədə məlumat verib. Qeyd etmək lazımdır ki, bu kimi hallar daha çox Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, eləcə də Azad İstehlakçılar Birliyinin əməkdaşları tərəfindən araşdırılması tələb olunan məqamlardır. Digər tərəfdən isə vətəndaşın ictimai yerdə təhqir olunmasına görə yəqin ki, müəyyən inzibati məsuliyyət də nəzərdə tutulub.Əldə etdiyimiz məlumata görə “Carlo Pazolini” mağazasının sahibi ixtisasca həkim olan bir xanımdır. Əlbəttə ki, baş verənlərə həmin xanımın da münasibətini öyrənmək maraqlı olardı. Amma istənilən halda, müştərilərlə belə rəftara yol verilməsi heç bir brend markaya və ya onun təmsilçilərinə baş ucalığı gətirə bilməz. Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |