Əsas Səhifə > Siyasət, Manşet > Mikayıl Cabbarovun seçimi bir məktəbdə aranı qarışdırdı
Mikayıl Cabbarovun seçimi bir məktəbdə aranı qarışdırdı30-05-2015, 11:54 |
Məlum olduğu kimi bir müddət əvvəl öz işində yol verdiyi nöqsanlara görə 9 saylı Bakı Peşə Liseyinin direktoru Şərif Hacıyev tutduğu vəzifədən azad olunub. Liseyə rəhbərlik isə 6 saylı peşə liseyinin direktoru Alik Allahverdiyevə həvalə olunub. Aydındır ki, ölkəmizdə təhsil sahəsinin inkişafı, respublikamızın dünya dövlətləri sırasında tutduğu şərəfli yerə layiq təhsil sisteminə malik olması üçün bu gün Azərbaycan dövləti bu sahədə əsaslı islahatlar həyata keçirir. Azərbaycanın təhsil sahəsində həyata keçirilən islahatlar orta-ümumtəhsil məktəbləri, kollec və universitetlərlə yanaşı peşə liseyləri sistemində də mütərəqqi reformaları nəzərdə tutur. Peşə liseyləri təhsil sahəsinin ayrılmaz və çox önəmli bir hissəsi olmaqla yanaşı, bu sahədə əldə olunan uğur və nailiyyətlər ümumilikdə iqtisadiyyatlmlzln inkişafına böyük təkan verir. Peşə liseyləri sistemində həyata keçirilən hər hansı dəyişikliklər ən qısa zamanda ictimai həyatımızın bir çox sahələrində öz təzahürünü tapır. Bununla belə qətiyyən başa düşülən deyil ki, 9 saylı Bakı peşə liseyinə rəhbərliyin məhz Alik Allahverdiyevə tapşırılması hansı məqsədlərə xidmət edir? Məlum olduğu kimi bu məmurun hələ 6 saylı liseydə direktor kimi göstərdiyi fəaliyyəti bu müəssisənin pedaqoji və şagird heyətinin ciddi narazılıqları ilə müşayiət olunur. Belə olduğu halda, Alik müəllimin 9 saylı peşə liseyində hansı “uğurlara” imza atacağı gözlənilir? Bu xüsusda redaksiyamıza yeni daxil olan məlumatlarda isə bildirlir ki, 9 saylı liseydə təhsil alan şagirdlərin valideynlərindən mütəmadi olaraq ən müxtəlif bəhanələrlə pul vəsaitləri toplanması yeni təyinatdan sonra bir qədər də şiddətlənib. Həmin məlumatlara əsasən belə bir qənaətə də gəlmək olur ki, sözü gedən peşə təhsili müəssisəsi faktiki olaraq məktəbin yeni direktoru tərəfindən şəxsi kommersiya obyekti kimi istismar olunmaqdadır. Açıqlamalarda qeyd olunur ki, Alik Allahverdiyev bura gəldiyi ilk gündən onun tətbiq etdiyi iş üsullarına ümumiyyətlə heç kəsin müdaxilə etmək iqtidarında olmadığını bəyan edir. Direktorun öz sözlərinə istinad edən mənbə bildirir ki, Alik Allahverdiyev özünü hətta Təhsil Nazirliyi üçün də kifayət qədər əlçatmaz hədəf hesab edir. Aldığımız məlumatlarda daha sonra vurğulanır ki, bu gün lisey üzrə dərslərə davamiyyət olduqca aşağı səviyyədədir. Digər tərəfdən isə məktəb jurnallarındakı qeydlər müəssisənin aktiv fəaliyyət göstərməsini, şagirdlərin burada zəngin biliklərə və peşə vərdişlərinə yiyələndiklərini israrla sübut edirlər. Artıq dəfələrlə qeyd etdiyimiz kimi təhsil sahəsində həyata keçirilən islahatların son nəticələri konkret müəssisəyə rəhbərlik edən kadrların həm şəxsi, həm də professional keyfiyyətləri ilə müəyyənləşir. Təəssüflər olsun ki, respublikanın Təhsil Nazirliyinin keçmiş rəhbərliyi məhz kadr məsələlərində bir sıra ciddi nöqsanlara yol verməsi ilə yadda qaldı. Nətisədə isə respublikada fəaliyyət göstərən bir çox tədris müəssisələrinə rəhbərlik bu gün də səriştəsiz kadrlar tərəfindən həyata keçirilir. Belə müəssisələrdən biri də məhz 6 saylı Bakı peşə liseyidir. Buna görə də Təhsil Nazirliyi tərəfindən Alik Allahverdiyevə həm də 9 saylı liseyin rəhbərliyinin həvalə olunması qətiyyən anlaşılan deyil. Məlumdur ki, gənc nəslin sağlam ruhda formalaşmasının əsasları məhz orta məktəblərdə düzgün müəyyənləşdirilməlidir. Məhz bu tədris müəssisələrində uşaq və yeniyetmələrimizə yüksək əxlaqi keyfiyyətlərin, milli vətənpərvərlik ruhunun, dövlətçiliyimizə sədaqət prinsiplərinin aşılanmasına nail olunmalıdır. Redaksiyamıza daxil olan məlumatlarda isə 9 saylı liseyin direktoru Alik Allahverdiyevin ucbatından şagirdlərə nəinki bu prinsiplərin aşılanmadığı, əksinə liseydə təhsil alan uşaq və gənclərin artıq erkən yaşlarından rüşvətxorluq və korrupsiya elementləri ilə zəhərləndikləri iddia olunur… Geri qayıt |