Əsas Səhifə > Siyasət, Manşet > Oğlunun həbsi xəbəri yayılan Fərhad Qəribovun kürəkəni ilə bağlı iddialar
Oğlunun həbsi xəbəri yayılan Fərhad Qəribovun kürəkəni ilə bağlı iddialar29-05-2015, 09:08 |
Ölkə mətbuatının yazdığına görə, Milli Məclisin deputatı, iş adamı Fərhad Qəribovun oğlu Elnur Qəribov ötən gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Qeyd edək ki, Elnur Qəribovun özü də iş adamı kimi fəaliyyət göstərir. Onun adına bir sıra banklarda kreditlər olub. Həmçinin bildirək ki, deputatın digər oğlu Zöhrab Qəribovun da axtarışa verilməsi barədə məlumat yayılıb. Xatırladaq ki, mətbuatda zaman-zaman deputat Fərhad Qəribovun külli miqdarda borcu olması və götürdüyü kreditləri qaytarmaması barədə informasiyalar yazılıb. Onun “Şəki” restoranlar şəbəkəsinin, lisenziyası ləğv olunmuş “Debüt Bank”ın rəhbəri olduğu bildirilir. Qafqaz Xəbər Agentliyi ( qafqaznews.az ) olaraq ötən il yazdığımız “Qudalar şəbəkəsi” başlıqlı yazımızda Elnur və Zöhrab Qəribov qardaşlarından bəhs etmişdik. Xatırlatma üçün bildirək ki, haqqında bəhs etdiyimiz “qudalar şəbəkəsi”nin nümayəndələrindən biri Tovuzdan olan iş adamı Akif Qurbanovdur. İş adamı Akif Qurbanov Milli Məclisin deputatı Fərhad Qəribovla qudadır. Belə ki, Akif Qurbanovun oğlu Vüqar Fərhad Qəribovun kürəkənidir. Bir müddət əvvəl Akif Qurbanovun oğlu Vüqar və onun qayınları, yəni Fərhad Qəribovun oğlanları Zöhrab və Elnur daxili işlər orqanlarında (DİO) “təcrübə keçmək” qərarına gəliblər. Yeri gəlmişkən onu da qeyd edək ki, son illər bəzi “papaların gül balaları” DİO-da çalışmağa “belində tapança gəzdirmək… macəra axtarmaq və s. “ kimi baxırlar. Bəli, Akif Qurbanovun oğlu, millət vəkili Fərhad Qəribovun kürəkəni Vüqar Qurbanov bir müddət Bakı BPİ-nin Narkotiklərlə Mübarizə Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində çalışıb. Ancaq sonradan DİN zabitinin qara qünləri başlayıb. Mənbənin bildirdiyinə görə Vüqar istirahət edərkən odlu tabel silahını itirir. Həmin vaxt hörmətli Məhərrəm Əliyev Bakı BPİ-nin rəisi olub. Vüqar başa düşüb ki, kimin oğlu, ya da qudası olmağına baxmayaraq cənab Məhərrəm Əliyev onu bağışlamayacaq. Bakı BPİ-də Vüqar barəsində başlayan xidməti yoxlama zamanı Vüqar yalandan deyir ki, guya silahını ictimai tədbirdə itirib. Ancaq təhqiqatçılar ona başa salır ki, Məhərrəm Əliyevin əmrinə əsasən ictimai tədbirdə odlu silah gəzdirmək qəti qadağandır. Yəni problem böyüyür. Bu vaxt “qudalar şəbəkəsi”nin başqa bir üzvü – Fərhad Qəribovun qudası, “SUM” ticarət mərkəzinin direktoru, millət vəkili Ərəstun Cavadov işə qarışır və “tapança məsələsi” həll olunur. Vüqar Qurbanov cəzadan yayına bilir və hətta Sabunçu RPİ-nin 13- cü polis bölməsinə rəis müavini göndərilir. Orada bir müddət xidmət edəndən sonra nədənsə DİN-dən öz xahişi ilə uzaqlaşdırılır. Ən maraqlısı odur ki, həmin vaxt Vüqarın qayınları olan Zöhrab və Elnur Qəribov qardaşları da ( millət vəkili Fərhad Qəribovun oğlanları ) DİN-dən təcili olaraq xaric olunurlar. Məlumat üçün bildirək ki, Zöhrab Qəribovun sonuncu xidməti vəzifəsi DİN-in Baş CAİ-də baş əməliyyat müvəkkili ,qardaşı Elnurun vəzifəsi isə Nərimanov RPİ-nin 17-ci polis bölməsinin rəis müavini olub. Geri qayıt |