Əsas Səhifə > Siyasət, Manşet > Problem: Gübrə mafiyası fermerləri dilənçi gününə salıb

Problem: Gübrə mafiyası fermerləri dilənçi gününə salıb


20-05-2015, 09:10
Problem: Gübrə mafiyası fermerləri dilənçi gününə salıb
Salyanın Kürqaraqaşlı kəndinin sakinləri "Nurgün aqro" MMC-nin fəaliyyətindən narazıdır. infom.az-a danışan sadə əkin-biçin adamları şirkətin inhisarçılıq və möhtəkirlik etdiyini iddia edir.

Onların sözlərinə görə, şirkət yaradılanda bunu birmənalı qarşılamamışdılar. Çünki ərazidə örüş sahələri məhduddur. Üstəlik kəndlilər özləri də mal-qara saxlamaqla məşğuldurlar. Heyvanların otarılması üçünsə örüş yeri, geniş otlaq sahəsi lazımdır.

Həmin dövrdə cavabdehlər sakinləri sakitləşdirmək üçün bildirmişdi ki, şirkətin burada olmasından ilk öncə yem bitkiləri istehsal edən fermerlər bəhrələnəcək, yəni onlar üçün bazar açılacaq. İkincisi də, bunun hesabına yeni iş yerləri yaranacaq.

Təəssüf ki, verilən vədlər özünü doğrultmadı. Fəaliyyətə başlayan kimi şirkət yetkililəri ilk öncə yerli bələdiyyə ilə gizli sövdələşməyə gedib, əhaliyə məxsus örüş yerlərini və digər kateqoriyadan olan torpaq sahələrini ələ keçirdilər. Kürətrafı ərazidə anti-sanitar bir şərait yaratdılar.

Yerli əhalinin şəxsi təsərüfatda saxladığı heyvanların ümumi istifadədə olan əraziyə girişi məhdudlaşdırıldı.

Ardınca hər il yonca biçini vaxtı başqa alıcıları ərazidən məqsədli şəkildə uzaqlaşdırırlar ki, guya sifarişçi bu şirkətdir, yemi özləri alacaq.

Əslində isə məqsəd məhsulları əhalidən ucuz qiymətə almaq idi.

Şirkət hal hazırda 2 min başa yaxın iri buynuzlu heyvan saxlayır. Lakin yem tədarükü ilə bağlı indiyədək bir kəslə müqavilə bağlamayıb.

Qiyməti aşağı salmaq üçün müxtəlif bəhanələr edərək əhalinin tədarük etdiyi yem bitkilərini almır.

Sakinlər bunun səbəbini belə izah edirlər: “Şirkət Avropa Oyunlarının başlanmağını gözləyir. Ki, yollar bağlansın, binəva kəndlilərin 1 manata təklif etdiyi sıxılmış yonca taylarını dəyər-dəyməzinə alsınlar.

Çünki ağzlarında şirə qalıb- ötən il əhalidən 1 manata, ondan 5-10 qəpik artıq qiymətə aldıqları 150 min ədəd ot tayının 80 mini bu il fevral-mart aylarında 3 manat 50 qəpikdən müxtəlif işbazlara sırıdılar.

Əkmə, biçmə, hazır məhsulu alıb saxla, “duru yerdən” 160 min mantadan çox qazanc əldə et. Belə yerdə deyiblər: fərasətinə bərəkallah!”


Əyalət insanları bildirir ki, indi gözə kül üfürmək, barələrində müsbət imic yaratmaq üçün möhtəkirliklə əldə edilən vəsaitlə sosial məsuliyyət layihəsi həyata keçirilir: Şirkət ərazidə uşaq bağçası tikintisinə başlayıb. Obyektin önündən tikintinin Heydər Əliyev Fondu hesabına görülməyi barədə reklam lövhəsi asılsa da, əhali arasında bunu çəkinmədən öz işləri kimi təqdim edirlər. Bu isə kifayət qədər nüfuzlu bir təşklatın imicini aşağılamaqdan başqa bir şey deyil.

Məlumat üçün qeyd edək ki, Salyandakı “Olimpiya” idman kompleksi də bu şirkət tərəfindən, necə deyərlər, zəbt edilib. Süd zavodunun və maldarlıq təsərrüfatının rəhbər işçiləri buradan yaşayış evi kimi istifadə edirək, asudə vaxtlarını kompleksin çimərlik hovuzlarında və trenajor zallarında keçirirlər.

"Nurgün aqro" MMC-də çalışan işçilərin əmək hüquqları kobud şəkildə pozulur.

Burada işləyənlərin əksəriyyəti ilə əmək müqaviləsi bağlanmayıb, onlara ödənilən əmək haqqı vergi və məcburi sosial sığortaya cəlb edilmir.

Elə fermanın özündə çalışanların əksəriyətinə günəmuzd qaydada haqq ödənilir, onların adları heç bir sənəddə keçmir.

Son 3 il ərzində şirkətin təkcə ferma və süd zavodunda 110-dan çox mühafizəçi 2-3 aydan artıq işləyə bilməyib.

Səbəbi şirkətin dünyada anoloqu olmayan 24 saat fasiləsiz iş rejimi tətbiq etməyi olub.

Təəsüflər olsun ki, belə neqativ hallar inzibati orqan rəhbərlərinin gözləri önündə baş verir.

“Toxunulmazlıq” statusunun qazanmağı "Nurgün aqro" MMC-nin gerçək sahibinin hörmətli nazirlərimizdən biri olmağı barədə əhali arasında gəzən söz-söhbətərin əsassız olmamağı barədə kfayət qədər əsaslı şübhələr yaradır.

Hələlik onun adını açıqlamırq. Ümid edirik ki, bu yazıdan sonra elə həmin nazirlə bərabər aidiyyatı qurumlar şirkətdə baş verən özbaşınalıqlarla maraqlanacaq. infom.az

Geri qayıt