Əsas Səhifə > Siyasət, Manşet > Hansı başçılar "olimpiada sınağından" çıxa bilməyiblər...

Hansı başçılar "olimpiada sınağından" çıxa bilməyiblər...


14-05-2015, 08:56
Hansı başçılar "olimpiada sınağından" çıxa bilməyiblər...
Ölkəmiz müstəqillik tarixinin ən böyük idman yarışına ev sahibliyi etməyə hazırlaşır. Təbii ki, söhbət Birinci Avropa Oyunlarından gedir. Məlum olduğu kimi, paytaxt Bakıda və Mingəçevir şəhərində yarışlara hazırlıqla bağlı xeyli müddətdir ki, işlər davam etdirilir. Oyunların keçiriləcəyi məkanlarda artıq son tamamlama işləri aparılır və demək olar ki, hər şey hazır vəziyyətdədir. Aprelin 26-da isə Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verdi. Belə ki, ilk Avropa Oyunlarının məşəli alovlandırıldı. Olimpiya ənənəsinə uyğun olaraq estafet qədim od məbədi olan Atəşgahdan başlayıb. Birinci Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib dolaşaraq oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək. Estafetə 1000-dən çox məşəlçi cəlb edilib. Ölkənin 15 şəhər və rayonunda Alov festivallarının keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-unda isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10-u məşəl proqramının son günü olacaq. Məşəl Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. Məşəlin gəzdirilməsi proqramında Azərbaycanın bütün bölgələrindən keçməsi qeyd edilir. Proqrama uyğun olaraq artıq bir neçə rayonda Alov festivalı keçirilib. Özəl mənbələrdən əldə etdiyimiz bilgilərə görə, bəzi rayonlarda məşəlin qəbul edilməsi prosesi istənilən səviyyədə həyata keçirilməyib və yuxarılar bundan narazı qalıb. Mənbəmizin iddiasına əsasən həmin rayonlara Beyləqan, Sabirabad və Ağdam daxildir: "Əvvəla onu bildirmək istəyirəm ki, ölkəmizin bütün rayonlarının abadlaşdırılması istiqamətində dövlət səviyyəsində lazımi tədbirlər görülür. Bu məqsədlə hər il dövlət büdcəsindən külli miqdarda vəsait ayrılır. Məşəlin qarşılanması prosesi bir sıra rayonlarda abadlıq işlərinin tələb olunan şəkildə aparılmadığını üzə çıxardı. Alov festivalının indiyədək keçirildiyi rayonlarda mərasimlə bağlı tez-tələsik abadlıq işləri görülüb. Məşəlin keçdiyi ərazilər bir neçə günün içində təmir olunub, səkilər rənglənib, işıq dirəkləri yenisi ilə əvəzlənib. Halbuki, sadalanan işlər əvvəlcədən icra edilməli idi. Beyləqan, Sabirabad və Ağdam rayonlarında Alov festivalı zəif təsir bağışlayıb. Araşdırmalar isə göstərir ki, bu rayonlarda abadlıq-quruculuq işlərinin görülməsi üçün son üç il ərzində milyonlarla manat vəsait ayrılıb. Sual yaranır: həmin vəsaitlər hara xərclənib? Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə belə mötəbər turnirə ev sahibliyi edəcək. Ölkəmizin tarixi üçün çox əlamətdar hadisədir. Görünür, yerli icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri yarışların əsasən Bakıdakı idman arenalarında təşkil olunacağını fikirləşərək abadlaşma işlərinə o qədər də önəm verməyiblər. Düzdür, Alov festivalı ilə bağlı olaraq rayonlarda konsert proqramları təşkil edilir, prosedur qaydalar yerinə yetirilir. Amma söhbət konkret olaraq bəzi icra başçılarının işlərinə göstərdikləri laqeyd münasibətdən gedir. Bu isə onlara baha başa gələ bilər". Deyilənə görə, müvafiq instansiyalar Məşəlin qarşılanma mərasiminin lazımi səviyyədə keçirilmədiyi rayonların rəhbərlərinin siyahısını tutmağa başlayıb: "Həmin siyahının ilk sıralarında Beyləqanın rəhbəri Vaqif Abdullayevin, Sabirabadın başçısı Nazim İsmayılovun və Ağdamın rəhbəri Raqub Məmmədovun adlarının yer aldığı bildirilir. O da deyilir ki, adıçəkilən icra başçıları Birinci Avropa Oyunları başa çatandan sonra tutduqları vəzifə ilə vidalaşa bilər". Hesab edirik ki, ölkəmiz üçün böyük perspektiv vəd edən, dünyada və Avropada daha da tanınmağımız baxımından bir vasitə olan Avropa Oyunlarına ciddi əhəmiyyət verməyən məmurların cəzalandırılması ən doğru addım olardı. Yəqin ki, yarışlar başa çatandan sonra yerli icra hakimiyyəti orqanları ilə bağlı islahatların şahidi olacağıq.

Qarşı tərəfləri də dinləyə bilərik.

Geri qayıt