Əsas Səhifə > Siyasət, Manşet > Mərdəkan Dendrarisinin rəhbərliyi ilə bağlı ilginc iddialar...

Mərdəkan Dendrarisinin rəhbərliyi ilə bağlı ilginc iddialar...


12-05-2015, 17:41
Mərdəkan Dendrarisinin rəhbərliyi ilə bağlı ilginc iddialar...
Bu gün Mərdəkan Dendrarisində baş verənləri nə bu müəssisənin illərdən bəri formalaşmış nüfuzuna, nə də Milli Elmlər Akademiyasının struktur bölməsi olaraq bir elmi tədqiqat mərkəzinə yaraşdırmaq olmur. Məlum olduğu kimi Mərdəkan Dendrarisinə 1996-cı ildən Tofiq Məmmədov rəhbərlik edir. İlk baxışdan belə zənn etmək olar ki, bu müəssisənin bütün problemlərini də Tofiq müəllimdən daha yaxşı başa düşən insan olmamalıdır. Çünki hələ 1986-1996-cı illərdə T.Məmmədov Azərbaycan MEA-nın Mərdəkan Dendrarisində baş mühəndis, direktor müavini vəzifələrində çalışmışdır. Lakin görünür zamanın dəyişkənliyi bu elm məbədinə də öz təsirlərini göstərmişdir. İlk növbədə dendrarinin fəaliyyətində belə bir məqam diqqəti çəkir ki, buraya giriş pulludur. Əlbəttə düşünmək olardı ki, yığılan pullar müəssisənin inkişafına, məsələn elə yeni bitki növlərinin alınmasına və yetişdirilməsinə yönəldilir. Lakin bu da var ki, hər giriş üçün alınan 2 manatın müqabilində ziyarətçilərə nə bilet təqdim olunur, nə də qəbz yazılır. Başqa sözlə desək, burada yığılan pulların heç bir hesabatı aparılmır. İkinci bir məqam isə dendrarinin ərazisində fəaliyyət göstərən iki kafe ilə bağlıdır. Yəqin ki, bu iaşə obyektlərində kef məclisləri düzənləyənlər özlərini müəyyən müddətə planetin ən ekzotik guşələrində hiss etməkdən böyük zövq alırlar. Digər tərəfdən isə, dendrariyə mənəvi qida arxasınca gələn başqa vətəndaşların, əsil təbiət vurğunlarının bu mənzərədən razı qaldıqlarını düşünmək ən azından sadəlövhlük olardı. Qeyd etmək lazımdır ki, qəzetimizin ötən saylarında biz Mərdəkan Dendrarisinin fəaliyyətində yer almış neqativ hallardan bəhs edən bir neçə tənqidi material dərc etmişdik. Həmin materiallarda biz belə bir məqama da toxunmuşduq ki,Tofiq Məmmədov artıq uzun müddətdir ki, bu müəssisənin ərazisində Ağdam rayonundan gəlmiş bir məcburi köçkün ailəsinə məskunlaşmaq üçün yer ayırmışdır. Soltan Qəmbərov və onun həyat yoldaşı Şəlalə Rəhimova isə Tofiq müəllimin bu “səxavətindən” maksimum yararlanaraq özləri üçün bu cənnətməkan guşədə xudmani bir kottec də inşa ediblər. Qeyd etməliyik ki, bu faktların tərəfimizdən ictimailəşdirilməsindən az sonra redaksiyamıza zəng edən Tofiq müəllimin mətbuat katibi və Soltan Qəmbərov dərc etdiyimiz tənqidi materiala özünəməxsus tərzdə reaksiya vermişdilər. Belə ki, irəli sürülən ittihamlardan heç birini təkzib edə bilməyən müəssisə rəhbərinin təmsilçisi, həmçinin adı çəkilən digər şəxs bunun müqabilində ünvanımıza bolluca təhdid və hədə-qorxular ünvanlamışdılar. Yeni aldığımız digər bir məlumatda isə mənbə bu yaxınlarda Dendrarinin ərazisində əyləncə məkanlarının sayının artma ehtimalının da yüksək olduğunu xəbər verir. Bu xüsusda bildirilir ki, burada fəaliyyət göstərən iki kafe artıq gələn müştərilərin tələbatını ödəyə bilmir. Buna görə də Tofiq müəllim potensial müştəriləri itirməmək üçün indi də üçüncü obyektin açılması barədə düşünür. Lakin bu zaman təbii ki, növbəti kafenin inşası üçün tələb olunan ərazinin haradan ayrılması barədə məsələ ortaya çıxır. Mənbənin iddiasına görə Tofiq Məmmədov bu ərazinin yaşıllıqların “ixtisarı” hesabına əldə olunması barədə düşünsə də, hələ ki, bu addımı atmaqdan ehtiyat edir. İkinci bir variant isə bu məqsədlə Qəmbərovların kottecinin boşaldılmasıdır. Lakin bu halda da “müəssisədaxili” konflikt qaçılmaz olacaqdır. Bu isə Mərdəkan Dendrarisində baş verənlərə dair xeyli kompramata malik olan Qəmbərovları Tofiq müəllim üçün arzuolunmaz düşmənə çevirə bilər. Buna görə də mənbə Tofiq Məmmədovun hazırda üçüncü, alternativ variantın axtarışında olduğunu bildirir.
\\ bizimdovr.az \\
Geri qayıt