Əsas Səhifə > Siyasət, Manşet > Oqtay Şirəliyev Əli İnsanovun adamına nədən bu qədər etimad göstərir
Oqtay Şirəliyev Əli İnsanovun adamına nədən bu qədər etimad göstərir6-05-2015, 08:48 |
DİA.AZ: - Məlum olduğu kimi, dünən səhiyyə nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli nazir Oqtay Şirəliyevin əmri ilə tutduğu vəzifəsindən azad edilib. Bildirək ki, artıq həmin posta yeni təyinat da olub. Xəbərə görə, bundan sonra nazirliyin mətbuat işlərini imzası «Zerkalo» qəzetindən tanış olan Liya Bayramova davam etdirəcək. Təbii ki, bu olaya sıradan bir kadr dəyişikliyi kimi də yanaşmaq olardı. Amma DİA.AZ-a daxil olan informasiyalar tamam əksini söyləyir. Məlumatlı mənbələrdən redaksiyamıza ötürülən informasiyada qeyd olunur ki, əslində Anar Qədirli heç də səbəbsiz olaraq işindən uzaqlaşdırılmayıb. Daha doğrusu, onu nazirliyin yüksək ranqlı simalarından biri bu postda görmək istəməyib. Söhbət zamanında keçmiş səhiyyə naziri Əli İnsanovun «sağ əli», «kassiri» titullarını almış, Azərbaycan səhiyyəsinə ciddi zərbə vuran bir komandanın aparıcı simalarından olmuş və günü bu gün də nazirlikdə əsas söz sahibi olaraq diqqətə gələn nazir müavini Elsevər Ağayevdən gedir. Bu barədə DİA.AZ-a danışan mötəbər mənbənin iddialarına görə, Elsevər Ağayev zaman-zaman nazirlikdəki rəqiblərini dolayı üsullarla sıradan çıxarmağa müvəffəq olub: «Hələ də nazirlikdə Elsevər Ağayev əsas söz sahibidir, nazirə ciddi təzyiq imkanlarına malikdir. Oqtay Şirəliyev məhz onun iradəsi ilə kadr siyasəti yürüdür. Və ən acınacaqlı orasıdır ki, Elsevər Ağayevin şəxsi ambisiyaları nazirliyin kadr siyasətində prioritet təşkil etməkdədir. Məsələn, bir neçə il əvvəl Elsevər Ağayev Bakı Baş Səhiyyə İdarəsinin rəisi postunu tutan Leyla Seyidbəylini vəzifəsindən uzaqlaşdırmağa müvəffəq oldu və nazir müavini elə bir aura yaratdı ki, sanki Leyla xanım az qala nazirə qarşı bir cəbhə açıbmış. İndi də Elsevər Ağayev eyni qaydada Anar Qədirlini «zərərsizləşdirdi». Və bu işdə naziri inandırma, öz maraqlarının hökmü keçən oyunlara qoşma istedadına malik Elsevər Ağayev xüsusi fəallıq etməklə yanaşı, həm də əsas maraqlı tərəf kimi də çıxış edir». Məlumatlı mənbə dia-az.site-a bildirir ki, zaman-zaman Anar Qədirliyə qarşı hətta mətbuatda belə kampaniya aparan, özünə yaxın mediaya belə bir kampaniyanın yürüdülməsi üçün sifariş verən Elsevər Ağayev nəhayətdə naziri özünün «xoşu gəlmədiyi» daha bir fiqurla bağlı əmr imzalatdırmağa nail olur: «Bu işdə əsas maraqlı tərəf Elsevər Ağayevdir. İndi sıra kimdədir? Bunu da görəcəyik. Artıq Elsevər Ağayevin nazirlikdəki, səhiyyə sistemindəki digər hədəfləri də vəziyyətin daha da gərgin olacağını təxmin etməkdədirlər». Bütün bu iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin… Geri qayıt |