Əsas Səhifə > Siyasət, Manşet > Oliqarx-məmurların əlahiddə qazanc ünvanları: Şadlıq evləri...
Oliqarx-məmurların əlahiddə qazanc ünvanları: Şadlıq evləri...4-05-2015, 09:28 |
DİA.AZ: - Faktdır ki, Azərbaycanda restoran biznesi sürətlə inkişaf edir. Ölkədə fəaliyyət göstərən şadlıq evləri və restoranların sayı deməyə əsas verir ki, sahibkarlar bu sahəyə xüsusi diqqət yetirirlər. İstənilən fəaliyyət növü ilə məşğul olan sahibkar restoran biznesində də özünü sınamağı lazım bilir. Elə bu səbəbdən də bir çox iri şirkətlərin nizamnaməsində restoran, otel və şadlıq evi biznesi əksini tapıb. Məsələ orasındadır ki, Azərbaycanda fəaliyyət göstərən bu növ iaşə xidmətləri heç də vicdanlı fəlaiyyətlə qazanc əldə etməyə üstünlük vermir. Görünən odur ki, restoran və şadlıq evləri istehlakçıları aldatmaq yolu ilə fəaliyyət qurublar. Daha dəqiq, ölkədə həyata keçirilən istənilən iqtisadi islahat bu fəaliyyət növü sahiblərinin “xeyrinə işləyir”. Yəni, restoran və şadlıq evlərinin sahibləri dövlət orqanları tərəfindən qəbul edilən istənilən qərardan sui-istifadə etməyə çalışırıar. Xatırladaq ki, bir müddət öncə, Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul etdi. Bu qərarla bəzi məhsullar üzrə aksiz dərəcələri kəskin artırıldı. Xüsusən spirtli içkilərə tətbiq edilən aksiz vergilərinin artırılması dərhal şadlıq evlərində qiymətlərə təsir etdi. Nəticədə şadlıq evləri müştərilərə fantastik qiymətlər təklif etməyə başladı. Spirtli içkilər təklif edən restoranların menyularında qiymətlər kəllə-çarxa qalxdı. Hansı ki, ölkədə fəaliyyət göstərən əksər restoran və şadlıq evləri müştərilərə yerli istehsal olunan spirtli içkilər təklif edirlər. Hazırda restoran və şadlıq evləri qazanclarının “çiçəklənən” dövrünü yaşayırlar. Buna isə səbəb ölkədə manatın məzənnəsinin aşağı düşməsi olub. Belə ki, restoran və şadlıq evləri Mərkəzi Bankın məlum qərarını əsas gətirərək qiymətlərdə xeyli artım tətbiq edirlər. İstər restoranların, istərsə də şadlıq evlərinin menyusunda qiymətlər nəzərəçarpacaq dərəcədə artırılıb. Şadlıq evlərinin telefirlərdə gedən köhnə reklamları istehlakçıların aldadılmasına birbaşa yardım edir. Belə ki, reklamlarda şadlıq evlərində bir stolun qiymətinin minimum 22 manatdan başlanması bildirilsə də reallıqda heç 25 manata da yer tapmaq mümkün olmur. Bu qiymətlə də o halda razılaşılır ki, təklif olunan menyi düz yarbayarı azaldılır. Şadlıq evləri isə buna “imiclərini qoruyub saxlamaq” istəyindən getməkdə maraqlı deyillər. Onu da nəzərə alaq ki, şadlıq evləri, ölkədə israfçılığın qarçısının alınması istiqamətində ictimai fəallığın artmasını nəzərə almadan belə fantastik qiymətlər təklif edirlər. Xatırlatmaq yerinə düşərdi ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi şadlıq evlərində israfçılığın qarşısının alınması üçün toy sahibləri ilə sahibkar arasında müqavilə bağlanması təklif ilə çıxış edib. Artıq bu istiqamətdə komitə bəzi hazırlıqlar həyata keçirir. Komitədən bildirilib ki, son zamanlar qiymət və yemək çeşidlərinin həddən çox şişirdildiyini deyən komitə rəsmisi bildirib ki, israfçılığın və bəzi qanunsuz hərəkətlərin qarşısını almaq üçün belə bir müqaviləyə ehtiyac yaranıb: Bu səpkili bəhanələrinin son zamanlar həddən çox artması müşahidə olunur. Hesab edirik ki, müqavilələrin bağlanması standartda öz əksini taparsa, bu məcburi tələb olarsa və bu müqavilənin şərtləri pozularsa, sahibkarı məsuliyyətə cəlb etmək olar". Araşdırmalar deməyə əsas verir ki, manatın devalvasiyası restoran biznesinə də əməlli-başlı təsir göstərib. Artıq restoran və şadlıq evləri qiymət artımının səmərəliliyini hiss etməkdədirlər. Belə ki, bu iaşə obyektlərində qiymət artımı açıq-aydın müşahidə olunur. Xüsusən, gecə saatlarında və tədbirlər zamanı müştərilərə “qiymət oxunur”. Bir çox restoranlarda isə hətta sui-istifadə hallarına yol verilir. Sorğu apardığımız restoran və şadlıq evlərinin nümayəndələri baş verən qiymət artımını kənd təsərrüfatı və ərzaq mənsularının qiymətlərinin bahalaşması ilə izah etməyə çalışdılar. Ancaq ekspertlər tamamilə fərli fikirdədirlər. Onların qənaətincə, restoran və şadlıq evlərində qiymətlərin bahalaşması üçün heç bir iqtisadi əsas yoxdur. Əvvəla, manatın məzənnəsi endikdən sonra hökumət əsassız qiymət artımının qarşısının alınması istiqamətində çox ciddi addımlar atır. Məhz görülən tədbirlərin nəticəsidir ki, artıq sözügedən qərarın qəbul edilməsindən xeyli müddət keçməsinə baxmayaraq, ərzaq və qeyri ərzaq malların qiymətində elə bir ciddi artım müşahidə olunmayıb. Digər tərəfdən, restoran və şadlıq evlərinin böyük əksəriyyəti ticarət mərkəzlərindən ərzaq almağa üstünlük vermir. Çünki onların əksəriyyətinin gizli istehsal sahələri var ki, orada məhsullar satışda olandan bir neçə dəfə ucuz başa gəlir. DİA.AZ-ın araşdırmaları zamanı onu da öyrənə bildik ki, bir sıra restoran və şadlıq evlərinin özlərinin sərinləşdirici və spirtli içkilər, müxtəlif salatlar, şirniyyat, kompot və duzlu istehsalı ilə məşğul olan xüsusi sexləri var. Məhz bu sexlərdə ucuz qiymətə başa gələn ərzaqlar müştərilərə baha qiymətə təklif edilir. Bu isə o deməkdir ki, restoran sahibləri “manatın devalvasiyasından” əməlli-başlı gəlir götürürlər. Çünki ucuz başa gələn məhsulu bahalaşma adı altında müştərilərə artıq qiymətə təklif edirlər. Məsələ orasındadır ki, şadlıq evləri ərzaq məhsullarınınm əksəriyyətini gizli sexlərdə hazırladıqlarından onların keyfiyyəti standartlara uyğun gəlmir. Bu günlərdə SMPDK tərəfindən 75 şadlıq evi və restoranda aparılan yoxlamalar zamanı bəlli oldu ki, onlarında 36-da standart şərtlərinə riayət etmir: "Əsas problemlər - salatlar, mənşəyi məlum olmayan konservəşdirilmiş məhsullardan istifadə olunmasıdır. Hətta elə restoranlar var ki, 5-6 cür salatın hazırlanmasına qadağa qoymuşuq. Amma xeyri yoxdur, sabah başqa bir adla həmin salatı süfrələrə verirlər. Elə salatlar var ki, müddəti cəmi altı saatdır. Restoranlarda isə bunu səhərlər hazırlayıb, axşama kimi saxlayırlar. Ümumiyyətlə mayonez tərkibli salatların saxlama rejiminə və müddətinə əməl edilmir. Bundan əlavə şadlıq evlərinin demək olar ki, əksəriyyətində peşəkar təcrübəyə malik insanlar yoxdur". Mütəxəssislərin fikrincə, dövlət orqanları tərəfindən şadlıq evlərində qiymətlərin tənzimləməsi qeyri-mümkündür. Daha dəqiq, dövlət orqanlarının qiymət məsələsinə hər hansı müdaxilə ixtiyarı yoxdur. Yəni, ölkədə bazar iqtisadiyatı hökm sürdüyündən sahibkar istədiyi qiyməti təklif edə bilər. Ancaq bu qiymətlər ağlabatan və əhalinin gəlirlərinə uyğun olmalıdır. DİA.AZ bildirir ki, əslində dövlət qurumlarının bu gün şadlıq evlərinin qarşısında rəsmən təslimçi mövqedə dayanması heç də səbəbsiz deyil. Bub bir faktdır ki, ölkədə şadlıq evi bisnesi iri oliqarxiyaya aiddir və bu sektorda yetim-yesirin görükməsi imkansızdır. Geri qayıt |