Əsas Səhifə > Siyasət, Manşet > Gömrük sistemi çalxalanır: Aydın Əliyevin başı üzərində qara buludlar

Gömrük sistemi çalxalanır: Aydın Əliyevin başı üzərində qara buludlar


10-04-2015, 10:33
Gömrük sistemi çalxalanır: Aydın Əliyevin başı üzərində qara buludlar
Son vaxtlar Dövlət Gömrük Komitəsində vəziyyət xeyli qəlizləşib. Belə ki, Aydın Əliyevin sədri olduğu qurum daxilində ikitirəlik yaranıb və nəticədə komitənin rəhbərliyinin fəaliyyətinə etiraz edən yeni qüvvələr peyda olub. Bu və digər bir sıra önəmli məqamlarla bağlı əldə etdiyi informasiyanı bizimlə paylaşan məlumatlı şəxsin sözlərinə görə, proses onu göstərir ki, Aydın Əliyev yaxın vaxtlarda tutduğu vəzifədən kənarlaşdırılacaq.

Mənbə iddia edir ki, əhali arasında Dövlət Gömrük Komitəsinin fəaliyyəti Aydın Əliyevə kimi yüksək qiymətləndirilirdi. Lakin bu gün hər şey tamam dəyişib: "Vaxtilə komitənin rəhbərliyi yüksək səviyyədə işləyir, sahibkarların üzləşdiyi problemləri qısa zaman ərzində yoluna qoyur və üzərinə düşən işi məsuliyyətlə icra edirdi. Lakin bu gün vəziyyət tamam başqadır. Deyəsən, artıq Aydın Əliyev kələfin ucunu tamam itirib. Məhz elə bu səbəbdən də hazırda Dövlət Gömrük Komitəsinin ancaq adı qalıb. Fəaliyyəti isə demək olar ki, gözə dəymir. Ancaq o bəllidir ki, komitənin əməkdaşları yerli və xarici sahibkarlara, iş adamlarına əlavə problemlər yaratmaqla hansısa marağa xidmət edirlər. Bir sözlə, Aydın Əliyevin başında durduğu komitə özbaşınalığı, saymazlığı ilə bütün qurumlardan fərqlənir. Son zamanlar isə lap ağını çıxarıblar. Bu səbəbdən də iş adamları gömrükçülərin əlindən təngə gəliblər. Çünki ölkəyə gətirilən yüklər qanunsuz olaraq aylarla gömrükdə saxlanılır. Bu isə sahibkarların ciddi məbləğdə ziyana düşməsi ilə nəticələnir".

Məlumatlı şəxsin bildirdiyinə görə, Aydın Əliyev və ətrafındakılar Dövlət Gömrük Komitəsini öz şəxsi bizneslərinə çeviriblər: "Onlar əməlləri ilə ölkə iqtisadiyyatına əməlli-başlı zərbə vururlar. Görünən odur ki, Dövlət Gömrük Komitəsinin əməkdaşları yalnız şəxsi mənafeləri barədə düşünürlər. Digər məsələlər onları bir o qədər də maraqlandırmır. İnandırım sizi, Aydın Əliyevə kimi Dövlət Gömrük Komitəsində bu qədər problemlər olmayıb. İş o yerə çatıb ki, artıq komitə daxilində Aydın Əliyevə müxalif qüvvələr peyda olub. Onlar səbirsizliklə komitə sədrinin tutduğu postdan uzaqlaşdırılacağı günü gözləyirlər. Deyilənlərə görə, son zamanlar yuxarı dairələrdə də Aydın Əliyevin fəaliyyətindən ciddi narazılıq var. Bu isə komitə sədrini çıxılmaz vəziyyətə salıb. O, çox gözəl bilir ki, törətdiyi əməllərin üstü açılsa durumu heç də yaxşı olmayacaq".

Əldə etdiyimiz məlumatlarda həmçinin, o da qeyd olunur ki, yaxın vaxtlarda Dövlət Gömrük Komitəsində kütləvi həbslər baş tuta bilər. Bu barədə qəzetimizə danışan mənbə iddia edir ki, həbslər gömrük-keçid məntəqələrinin rəislərindən tutmuş, idarə rəislərinə, hətta Dövlət Gömrük Komitəsinin rəhbərliyinə qədər böyük bir çevrəni əhatə edəcək: "Aydın Əliyev və ətrafındakı şəxslərin həbs ehtimalı daha yüksəkdir. Bütün bunlar onu deməyə əsas verir ki, Dövlət Gömrük Komitəsində baş verən neqativ hallar artıq yuxarı dairələri də ciddi şəkildə narahat etməyə başlayıb. Elə bu səbəbdən də artıq gömrük sistemində kardinal dəyişikliklərə start verilməsi ilə bağlı qərar qəbul olunub. Bu isə Aydın Əliyevin vəzifəsindən kənarlaşdırılması, hətta onun həbs olunması ilə nəticələnə bilər. Onun yerinə isə Dövlət Gömrük Komitəsinin rəhbərliyinə gətiriləcək şəxsin kimliyi hələlik bəlli deyil. Görünən odur ki, hələ bu məsələ, yəni komitənin yeni sədrinin kimliyi dəqiqləşdirilməyib. Lakin dəqiq olan odur ki, bu gün Aydın Əliyev və onun komandasının vəziyyəti heç də yaxşı deyil. Onlar hər an vəzifələrini itirə, eyni zamanda dəmir barmaqlıqlar arxasına düşə bilərlər…"

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
\\ GünBakı \\
Geri qayıt