Əsas Səhifə > Siyasət, Manşet > Ali Məhkəmənin rəhbərliyində ilginc dəyişikliklər planlaşdırılır
Ali Məhkəmənin rəhbərliyində ilginc dəyişikliklər planlaşdırılır3-04-2015, 09:33 |
2005-ci ilin aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri olan, 2010-cu ili naprel ayından isə yenidən sözügedən məhkəmənin sədri təyin edilən Ramiz Rzayevlə bağlı siyasi qərar verilib. Aprelin 19-da səlahiyyət müddəti bitəcək Ramiz Rzayevin yenidən vəzifəsində saxlanılmayacağı artıq dəqiqləşib. Bu barədə Mia.az-a məhkəmə sistemindən məlumat daxil olub. Bildirillir ki, Ramiz Rzayevin yerinə təyin olunacaq şəxs də artıq dəqiqləşib: «Ramiz Rzayevin Ali Məhkəmənin sədri vəzifəsində 10 illik fəaliyyəti hakimiyyəti qane etməyib. Xüsusiylə beynəlxalq təşkilatların, həmçinin, ölkənin ən müxtəlif qütblərindən Azərbaycanın məhkəmə sisitemi haqqında davamlı mənfi rəylərin açıqlanması, Ali Məhkəmənin sədri ilə bağlı məlum qərarın verilməsinə səbəb olub. Bir sözlə, aprelin 19-da səlahiyyət müddəti bitəcək Ramiz Rzayev başqa vəzifəyə təyinat almaqla, Ali Məhkəmənin sədri vəzifəsindən uzaqlaşdırılacaq». Mia.az-a verilən məlumata görə, Ramiz Rzayevlə yanaşı, Azərbaycan məhkəmə sisteminin ikinci pilləsində də ciddi dəyişikliyin olacağı gözlənilir: «Bəli, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevin də barəsində sərəncam olacaq. Bu sərəncam isə onun «vurulması» yox, Ramiz Rzayevin postunu tutması ilə bağlı olacaq. İman Nağıyev artıq özünü Ali Məhkəmənin sədri postunda görür və təbriklər qəbul edir. Yəni artıq o, yeni vəzifəsinə təyinatının razılaşdırıldığını yaxın ətrafına bölüşüb. Hətta ən yaxın çevrəsi də təbii olaraq, onun Ali Məhkəmənin sədri vəzifəsinə təyinatını indidən bayram edirlər...». Mia.az xəbər verir ki, İman Nağıyevin Ali Məhkəmənin sədri postu uğrunda gedən gərgin mübarizədən qalib ayrılmasına nüfuzlu şəxslərin ciddi dəstəyi var. Xüsusən də ədliyyə naziri Fikrət Məmmədov Ramiz Rzayevin getməsini, İman Nağıyevin isə Ali Məhkəmənin sədri olmasında müstəsna rol oynayır: «Fikrət Məmmədovun İman Nağıyevin üzərində dayanmasının isə çox ciddi səbəbləri var. Nazirlə Bakı Apellyasiya Məhkəməsinin sədri arasındakı «körpü rolu»nu nazir Fikrət Məmmədovun yaxın qohumlarından biri oynayıb. Hansı ki, İman Nağıyev demək olar ki, hər gün nazirin həmin yaxın qohumu ilə bir yerdədir. Həm bu, həm də İman Nağıyevi nazirlə əlaqələndirən və adını çəkmək istəmədiyim həmin şəxsin ciddi qruplaşma ilə qohumluğu İman Nağıyevin Ali Məhkəmənin sədri vəzifəsinə iddiasını demək olar ki, təmin edib. Qalır bircə İman Nağıyevin sərəncamla yeni vəzifəsində rəsmi fəaliyyətə başlaması ki, bu sərəncamın da aprelin 20-də veriləcəyi gözlənilir». İman Nağıyevin Ali Məhkəmənin sədri kimi məhkəmə sisteminin "üzünü ağartması”na gəlincə isə, bunun çətin olduğu göz önündədir. Çünki hələ bu günə qədər Beynəlxalq və yerli təşkilatların diqqətində olan ciddi bir məhkəmə prosesi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin əks qərar verməsi müşahidə olunmayıb. Tam əksinə, İman Nağıyevin sədri olduğu məhkəmə əsasən rayon məhkəmələrinin qərarlarını notarius kimi təsdiq etməklə məşğul olub. Belə olmasaydı, Avropa İnsan Haqları Məhkəməsinə də Azərbaycandan belə çox şikayətlər axmazdı. Elə bu da onu göstərir ki, İman Nağıyev Ali Məhkəmənin sədri vəzifəsində də məhkəmə sisteminə "yeni nəfəs” gətirmək gücündə olmayacaq… Onu da qeyd edək ki, İman Nağıyevin təmsil olunduğu qruplaşma və onun sahibi olduğu əlaqələr haqda Mia.az-a təfsilatlı məlumat verilib. Lakin mövzuya aidiyyatı olmadığı üçün yazmadıq. Son olaraq isə həm Ramiz Rzayevin, həm də İman Nağıyevin mövqelərini də dinləməyə hazır olduğumuzu bildirməklə yanaşı, onların hər ikisinin tərcümeyi-halını oxuculara təqdim edirik: **** Hazıra Ali Məhkəmənin sədri olan Ramiz Rzayev 1953-cü il fevralın 25-də Xudat şəhərində anadan olmub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1977-1979-cu illərdə həqiqi hərbi xidmət keçib. 1979-cu ildən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda müstəntiq, 1981-ci ildən Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsində baş müstəntiq, 1983-cü ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında xüsusi mühüm işlər üzrə müstəntiq, 1991-ci ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında Xüsusi Mühüm İşlər üzrə İstintaq Şöbəsinin böyük prokuroru, 1992-1993-cü illərdə Dəvəçi (indiki Şabran) rayon prokuroru, 1993-1995-ci illərdə Beyləqan rayon prokuroru, 1995-2000-ci illərdə Azərbaycan Respublikasının Hərbi Prokuroru vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 25 may 1998-ci il tarixli fərmanı ilə general-mayor ali hərbi rütbəsi, 17 iyun 2000-ci il tarixli fərmanı ilə III dərəcəli, 17 yanvar 2002-ci il tarixli fərmanı ilə isə II dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi verilmişdir. 2000-2005-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini olmuşdur. 2005-ci ilin aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədridir. 2005-ci ildən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvüdür. 2010-cu ildə prezident sərəncamı ilə o, yenidən Ali Məhkəmənin sədri vəzifəsinə təyin olunub. Bakı Apellyasiya Məhkəməsinin hazırkı sədrinə gəldikdə isə, İman Məmməd oğlu Nağıyev 1957-ci ildə Gədəbəy rayonunun Dəyirmandağ kəndində anadan olub. 1978-1984-cü illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil almışdır. 1979-1987-ci illər ərzində Yasamal rayon xalq məhkəməsində tərcüməçi, məhkəmə iclas katibi vəzifəsində çalışmışdır. 1987-ci ildən 1990-cı ilədək Şamaxı rayon xalq məhkəməsinin hakimi, 1990-2000-ci illərdə isə Nəsimi rayon xalq məhkəməsinin sədr müavini vəzifəsində fəaliyyətini davam etdirmişdir. 2000-ci ildən 2007-ci ilədək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi olmuşdur. 2007-ci ildən Bakı Apellyasiya Məhkəməsinin sədri vəzifəsində çalışır. 2005-ci ildən Hakimlərin Seçki Komitəsinin sədridir. Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2008-ci il tarixli sərəncamı ilə «Vətənə xidmətə görə» ordeninin üçüncü dərəcəsi ilə təltif edilib. Geri qayıt |