Əsas Səhifə > Siyasət, Manşet > Narazılıq var: “Azimport” vətəndaşın haqqını necə tapdayır
Narazılıq var: “Azimport” vətəndaşın haqqını necə tapdayır18-03-2015, 09:36 |
14 martda haqqin.az saytında “Azimport imperiyası Bakını zəbt etməkdə davam edir” başlıqlı məqalə dərc olunub. Məqalədə keçmiş müstəntiq, hazırda vəkil işləyən Ramiz Zeynalovun şikayətindən bəhs edilir. Vəkil bildirir ki: “Azimport şirkəti mənim evimi, ofisimi dağıdıb. 2008-ci ildə mən oğlumla fəhlə briqadası tutaraq həmin ərazidən illərlə yığılan zibilləri, tullantıları daşıyaraq oranı təmizlədik. Həmin ərazidə ağaclar əkdik. Bütün bunlar “Azimport”un baş direktorunun göstərişi ilə dağıdılıb. Mənim icra hakimiyyətindən sərəncamım var, bələdiyyənin qərarı var, Torpaq komitəsinin verdiyi sənədlər, mülkiyyət sənədi və s… bunlar “Azimport”un rəhbərliyini maraqlandırmadı. Bu ərazidə təkcə mənim deyil, digər şəxslərin də əmlakı dağıdılıb. 26 mağaza, 6 qaraj və digər şəxsi obyektlər darmadağın edildi. Və dağıdılan ərazidə 3 min kv.m-lik qeyri-yaşayış binası tikilib. Sənədlərdə tikinti iş icraçısının adına qeyd olunsa da, əslində oranın sahibi Azər Əskərov və Rəşad Məmmədovdur”. Ramiz Zeynalov qafqaznews.org-a bildirib ki: “Azimport mənim Zağulba qəsəbəsində, Arzu Mirzəyeva küçəsində yerləşən əmlakımı dağıdıb. Özgə əmlakını sökmək üçün məhkəmə qərarı olmalıdır. Ancaq şirkətin rəhbərliyi məhkəmə qərarı kimi şeylərə fikir vermir”. Vəkilin sözlərinə görə, şirkət onun əmlakını dağıtdığını etiraf eləmir. Biz deyilənlərin nə dərəcədə həqiqətə uyğun olduğunu araşdırmaq qərarına gəldik. Və “Azimport”un ofis meneceri Cahan Qənizadə sualımıza cavab verməkdən imtina elədi və bildirdi ki, sualınızı direktora çatdıraram, lazım bilsə cavab verər. Zağulba qəsəbəsinin də aid olduğu Buzovna bələdiyyəsinin vergi şöbəsinin müdiri Cəbrayıl Əbdüləzimov bildirdi ki, həqiqətən də Ramiz Zeynalova məxsus ofis və kafe “Azimport” tərəfindən dağıdılıb. Sözardı: Ötən ilin avqust ayında qafqaznews.org saytında “Azimport özgə əmlakını zəbt etdiyini etiraf edəcəkmi” başlıqlı məqalə dərc olunmuşdu. Məqalə Lalə Quluzadənin Səbail rayonu, Xanlar küçəsi, 1 ünvanda yerləşən qarajının qanunsuz sökülməsindən bəhs edirdi. Zərərçəkənin vəkili Bəxtiyar Hacıyev bildirirdi ki: “ Müştərisi olan Lalə Quluzadənin Səbail rayonu, Xanlar küçəsi, 1 ünvanda yerləşən qarajı qanunsuz olaraq sökülüb. Qonşuluqdakı qarajlar da sökülüb. Ancaq qarajları kimin sökdüyü məlum deyil. Sadəcə, tanımadığı bir şəxs qarajın sahibinə ona məxsus qarajın sökülməsi üçün 4000 manat pul təklif edib. Həmin şəxs heç bir rəsmi sənəd göstərməyib. Qarajın real qiyməti 20.000 manat olduğu üçün Lalə xanım razılaşmayıb.Və ötən ilin aprel ayında qaraj sahibinin icazəsi olmadan sökülüb.”. Qafqaznews.org saytı öz informasita xətti ilə söküntü işlərini “Azimport” şirkətinin apardığını öyrəndi. Və müxbirimiz “AZİMPORT” şirkətinə telefon açdı. Şirkətin Sara adlı (çox təəssüf ki, soyadını demədi) əməkdaşı bildirdi ki, əgər biz hər hansı söküntü, yaxud tikinti işi aparırıqsa, demək əlimizdə rəsmi sərəncam var. O, eyni zamanda bildirdi ki, mümkündür ki, sökülən qarajın ərazisində də işləri bizim şirkət aparır. Geri qayıt |