Əsas Səhifə > Siyasət, Manşet > İddia: Qorxmaz Hüseynov nurçularla birləşib fəhlələrə "atır"...

İddia: Qorxmaz Hüseynov nurçularla birləşib fəhlələrə "atır"...


6-03-2015, 09:37
İddia: Qorxmaz Hüseynov nurçularla birləşib fəhlələrə "atır"...
DİA.AZ: - Abşeron yarımadasındakı yüksəkliklərdən birində uzun illərdi ki, tikilən "Balaxanı" Su Anbarları Kompleksində problemlər heç bitib-tükənmir. Redaksiyamıza daxil olan məlumatda bu mühüm dövlət obyektində çalışan fəhlələrin əməkhaqqının artıq bir neçə aydır ki, verilməməsi səbəbindən ciddi narazılıq yarandığı bildirilir. Yadınızdadırsa, hələ bir neçə il öncə dövlət başçısı Balaxanı bərk məişət tullantıları zavodunun açılışında "Balaxanı" kompleksinin qısa zamanda hazır olacağı anonsunu vermişdi.Lakin, Paytaxt və ətraf qəsəbələrdə yaşayan təxminən, 1 milyon insanın içməli su probleminin həllinə yönəldilmiş bu mühüm layihə hələ də reallaşmayıb.

Bu "uzunömürlü" tikintinin xronologiyasına nəzər salaq. 2011-ci ilin dekabrında təməli qoyulan və 2013-cü ilin iyul ayında təhvil verilməli olan "Balaxanı" Su Anbarları Kompleksində işlər maliyyə problemləri üzündən bir müddət dayandırılmışdı. Baxmayaraq ki, "Azərsu" ASC rəsmiləri bəyan etmişdilər ki, obyekt 2013-cü ilin sonlarınadək təhvil veriləcək. Lakin kompleksdə bir il ərzində tikinti işləri demək olar ki, aparılmırdı. Buna səbəb kimi tikintiyə ayrılan təxminən milyonlarla manat vəsaitin mənimsənilməsi göstərilirdi. Əslində isə, bu məbləğin "Azərsu" ASC tərəfindən bir neçə banka faizə verildiyi deyilirdi. Nəhayət, ötən ilin ortalarından başlayaraq tikintidə yenidən canlanma müşahidə edildi. Podratçı təşkilat olan "Hidro-İnşaat Servis" MMC-nin rəhbərləri yenidən təcili qaydada tikintiyə işçi qüvvəsi cəlb etdilər.Tikinti işləri hazırda əsasən bir neçə sahə üzrə aparılır. Yəni nəzərdə tutlan 8 anbarın tikintisi ilə yanaşı, su kəmərlərinin də çəkilişi davam etdirilir. Təəssüf ki, nə tikintinin sürəti, nə də əməkhaqqı ödənişlərində yaranan problemlər vəziyyətin yaxın zamanlarda düzələcəyini vəd etmir. Əldə etdiyimiz məlumata görə, ötən il dekabrın ortalarından bəri tikintidə çalışan fəhlələrə və mühəndis-texniki işçilərə rəsmi olaraq bir qəpik də olsun əməkhaqqı verilməyib. Bu barədə "Azərsu" ASC-dəki məlumatlı mənbə DİA.AZ-a bildirdi ki, artıq bu səbəbdən tikintidə fəhlələrin bir hissəsi dağılışıb. Qalan fəhlələrin də işləməkdən imtina edəcəyindən ehtiyat edən podratçı təçkilatın rəhbərliyi əl-ayağa düşüb, təcili qaydada kiçik miqdarda qeyri-rəsmi "avans" ödəməli olub. Lakin böyük əksəriyyəti kirayədə yaşayan fəhlələrin bu məbləğin artırılması ilə bağlı tələbi hələ ki, yerinə yetirilməyib. Çıxılmaz vəsiyyətdə qalan "Hidro-İnşaat Servis" MMC-nin nümayəndələri mart ayının ortalarınadək əməkhaqqı probleminin tamamilə həll ediləcəyini artıq neçənci dəfədir ki, vəd ediblər. dia-az.site bildirir ki, "Balaxanı" Su Anbarları Kompleksinin tikintisi "Hidro-İnşaat Servis" MMC tərəfindən aparılır. 2011-ci ilin aprelində "qaçaraq" təşkil edilmiş şirkətin təsisçisi, Qorxmaz Hüseynovun qaynı Namiq Cəbrayılov, qanuni təmsilçisi isə Yavər Mereyevdir. Maraqlıdır ki, bu təcili təsisatlardan dərhal sonra, Nazirlər Kabinetinin mühüm bir qərarı qüvvəyə minib. Söhbət paytaxtın və regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində həyata keçirilən lahiyələrin reallaşması üçün sifarişçi təşkilatlara layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə imzalamaq səlahyyətinin verilməsindən gedir. Belə ki, "Azərsu" ASC Nazirlər Kabinetinə müraciət edərək Bakı şəhərinin və respublikanın regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar AR NK-nin 2011-ci il 16 iyun tarixli 156 s nömrəli sərəncamı ilə "Azərsu" ASC-nin nizamnamə kapitalının artırılması üçün ayrılan 100 milyon manat və 2011-ci ilin 10 avqust tarixli 239s nömrəli sərəncamının 2 nömrəli əlavəsində göstərilən obyektlər üzrə ayrılan 18 milyon 380 min manat məbləğində yerinə yetiriləcək işlərin birbaşa müqavilə əsasında icra edilməsinə icazə istəyib. Nazirlər Kabineti bu müraciətə baxıb və 2011-ci il üçün nəzərdə tutulmuş tikinti proqramının vacibliyini nəzərə alaraq müstəsna hal kimi bu işlərlə müvafiq sahədə təcrübəsi olan şirkətlərlə danışıqlar əsasında seçilən layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə bağlamasına sifarişçi təşkilatlara 22 avqust 2011-ci il tarixli 253s nömrəli qərarla icazə verib. Qərardan açıq-aydın göründüyü kimi, söhbət heç bir halda yeni təsis edilmiş şirkətlərdən getmir. Lakin "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov öz yaxın qohumlarının adına yeni təsis etdirdiyi şirkətlərlə işbirliyi qurmağa üstünlük verib. Düzdür, görüntü xatirinə bu işbirliyinin "gözünə" bir neçə xarici, o cümlədən türk şirkəti də qatılıb. Lakin elə bu günün özündə də "Azərsu" ASC-nin həyata keçirdiyi çoxmilyonluq infrastruktur layihələrini əsasən "Hidro-İnşaat Servis" MMC və "Hidro-Lotus" MMC gerçəkləşdirir. "Balaxanı" Su Anbarları Kompleksinin tikintisində baş verən biabırçılıqlara da elə bu "işbirliyinin" məntiqi nəticəsi kimi baxmaq lazımdır.

Geri qayıt