Əsas Səhifə > Siyasət, Manşet > Prezidentin Ehtiyat Fondunun vəsaitləri necə “yeyilir"?

Prezidentin Ehtiyat Fondunun vəsaitləri necə “yeyilir"?


17-02-2015, 09:10
Prezidentin Ehtiyat Fondunun vəsaitləri necə “yeyilir"?
...Prezident İlham Əliyevin Azərbaycan ədəbi və qramatik dil xüsusiyyətlərinə olduqca dəyər verən və hörmət gətirən bir ifadəsi var, heç vaxt yadımdan çıxmır: “Azərbaycanın səbri tükənməz deyil!”.
Keçək mətləbə: bəli, Prezident bunu Qarabağ probleminə həsr olunmuş bütün rəsmi çıxışlarında, özü də Beynəlxalq tədbirlərdə... dəfələrlə söyləyib. Və onu da xatırlayıram ki, ölkə başçısı eyni məzmun və mahiyyətli qənaətini həm də neftlə bağlı söyləyib. Özü də dəfələrlə... Bu o vaxtlar idi ki, Bakıda artıq çoxsaylı sosial və sənaye təyinatlı layihələrinə start verilmişdi.
Prezident səxavət kisəsinin ağzını Bakının və regionların inkişafı yolunda açıq saxlamışdı. Amma dövlət başçısı hardan biləydi ki, onun etibar etdiyi bəzi məmurlar bu səxavət kisəsinə ağzıaçıq, tamahlı və iştahlı baxacaqlar... Və Prezident iki dəfə ardıcıl olaraq müxtəlif dövrlər üçün “Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nı qəbul etdi. Sonra özünün, yəni Prezidentin Ehtiyat Fondundan bu Proqramın icrası üçün milyardlar ayırdı... Təkrar deməyə və məbləğləri xırdalamağa qətiyyən zərurət görmürəm. Amma onu deməyi özümə borc bilirəm ki, bəzi məmurlar elə bilirdi ki, artıq neft tükənən deyil. Onlar həmin vaxtlar Prezidentin “Tükənməz” ifadəsinin mənasını yəqinki bilmirdilər və zənnimcə, bəziləri hələ də bilmir... Və ona görə də həmin pullara “Neft tükənən deyil!” kimi baxırdılar...
İndi isə həmin məmurlar prezidentin qələmindən çıxacaq sərəncamlarına ağzıaçıq və həyəcan içində baxırlar: “Bu gün kimi ixtisara salacaqlar, kimi bağlayacaqlar?” və sair.

Prezidentin Ehtiyat Fondundan İcra Hakimiyyətlərinə ayrılan milyonlar...

Yenə də rəqəmləri sadalayıb vaxt almaq istəmirəm, amma təxmini bilirsiniz ki, Prezidentin Ehtiyat fondundan il ərzində rayonların sosial-iqtisadi inkişafı üçün İcra Hakimiyyətlərinə ayırdığı pul vəsaitləri yüz milyonları ötürdü... Və bu vəsait ilbəil artırdı. İcra başçıları isə Prezidentin Ehtiyat Fondundan ayrılan neft pullarını bərbəzəyə, gül-çiçəyə... sərf etməklə əməllicə kef çəkirdilər. Çünki belə puldan kim qaçar, əziyyət çəkmədən, rayon büdcəsini zora salmadan vəsait gəlməkdədir...

İcra başçıları niyə bizim qaçqın və məcburi köçkünlər kimi ələbaxım, “hazıra nazir” öyrədilib?

Bəs rayonların özünün büdcəsinə yığılan vəsaitlər hanı? Allaha min şükür ki, indi demək olar hər bir rayonda gəlir gətirən sənaye və digər sahələr üzrə müəssisələr fəaliyyət göstərir, sahibkarlıq inkişaf edir... Bu obyektlər də neft pullarının sayəsində tikilib, rayonlara-başçılara ərməğan edilib... Bəs onların büdcəyə ödəmələri, həmçinin digər mənbələrdən ayrılan gəlirlər hara qeyb olurdu ki, hələ bir Prezidentin Ehtiyat Fondundan da az qala hər ay bir neçə rayona yardım verilirdi? İcra başçıları niyə bizim qaçqın və məcburi köçkünlər kimi ələbaxım öyrədilib???
Yeri gəlmişkən, kiçik bir araşdırma apardısm... Hamımız üçün maraqlı faktlar və qəribə mənzərə üzə çıxdı. Məsələn, elə rayonlar var ki, 2013, həmçinin 2014-cü ildə Prezidentin Ehtiyat Fondundan hər il yardım alıb, bəziləri isə hətta ildə iki-üç dəfə bu yardımdan bəhrələnib. Xeyir ola? Yardım, özü də birdəfəlik yardım ondan ötrüdür ki, həmin rayonun sosial-iqtisadi inkişafı yolunda ən zəruri işlər başa çatdırılsın. Yaxşı, 2013-cü ildə yardım aldılar və kəm-kəsirlərini düzəltdilər. Bəs növbəti ildə nəyə görə yardım alırlar? Məgər rayonlarımız dotasiya ilə işləyir?
Mən hələ Dövlət büdcəsindən ardıcıl olaraq illər üzrə “Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”na müvafiq olaraq hər bir rayonun, hətta qaz, su və kanalizasiya, elektrik, yol infrastruktru... yolunda rayonlarda milyardlar xərclənib neçə illərdir. Bəs bu görülən işlər də bəs deyil? Nə olub, bostan urasıdır??? Yoxsa, Dövlət Büdcəsinin dili-ağzı yoxdur deyə, onunla belə acgözlüklə daavranmaq lazımdır?

Bakı meriyasının pulsildi vərdişi...

Neftin qiymətinin dünya bazarında məlum regional münaqişələr fonunda süni olaraq aşağı düşməsindən Azərbaycanın zərər görməsini indi hamı görür... Amma iqtisadçı mütəxəssislərimiz və ölkə iqtisadiyyatının taleyinə və büdcə pullarımıza cavabdehlər bunu çoxdan görməli idilər. Hətta görmək çox azdır, bunun qarşısını almalı idilər ki, məsələn, iş o yerə çatmışdı ki, büdcədən ayrılan pulu silmək üçün Bakı meriyası binaların fasadını belə silib-”şlifovka”layırdı... Abutalıbova bu da kar eləmədi, keçdi “Stalinka”ları söküb yerində qəttəzə göydələnlər tikdirməyə... Yadınıza bir neçəsini salıram: “Elmlər Akademiyası” metro-stansiyasının qarşısında əvvəlcə alimlərin yaşadığı bir binanı “qəzalı” kimi sənədləşdirib sökdülər, sonra 6-7 beşmərtəbəni yerlə yeksan etdilər, indi yerində, sağlıqlarına qismət, böyük bir elitar-çox bahalı kompleks tikilib.

Bakıda kimin gözü haranı tuturdusa, dərhal neft pullarına dirsəklənib oranı sökdürüb
göydələn ucaltmaqla məşğul idi...

Bundan başqa, Heydər Əliyev prospektində, indiki H.Əliyev Mərkəzinə paralel 5-6 “Stalinka”nı, Azərbaycan Müəllimlər İnstitutunun qarşısında (“Gənclik”də) 6-7 “Stalinka”nı yerlə yeksan edib bir tərəfində yeni qəttəzə binalar, bir hissəsində isə yayda kölgəsində dayanmaq üçün bir ağacı, çətiri belə olmayan park salınıb.
Bu hələ harasıdır, “Papanin”də sökülən yüzlərə “samastroyka”lar, Sovetskidəki minlərlə evlər... Haranı deyək? Bakıda kimin gözü haranı tuturdusa, dərhal neft pullarına dirsəklənib oranı sökdürüb göydələn ucaltmaqla məşğul idi...
Yaxşı məşğuliyyətdir... İndi o halal pullara təsərrüfatsızcasına əl bulaşdıranların komitəsi, institutu, obyekti... bağlanır. Məgər Sovetskini indi bəzi binaların fasadını süni plitələrlə bəzəkləyib abıra mindirdikləri kimi, ayrıca bir şəhərciyə çevirmək olmazdımı? İçəri şəhər kimi, buranı da Bakının Sovet dönəmini xatırladan bir tarixi yaddaş-canlı muzey kimi bərpa edib saxlamaq olardı və minlərlə evin dağıdılıb ərazini indiki xarabalığa çevirməyinə də zərurət olmazdı, milyardlar isə bu dağıntıların altında qalmazdı.
Bəli, düz başa düşdünüz, neftimizin milyardlarla manat pulu indi həmin dağıntıların altında qalıb, ölüb gedib.
Ölkə başçısı ötən ay Zığ gölünün qurudulması və ətrafının bərpası üçün hansısa şirkətə 20 milyon manat ayırdı... Bu il üçün isə ölkəmizdə əkin sahələrinin suvarılması üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 19,5 milyon (on doqquz milyon beş yüz min) manat, Naxçıvan Muxtar Respublikasına isə eyni təyinatla 2,0 (iki) milyon manat ayrıldı.
Anlamaq olmur, yaxşı, suvarma suyu üçün neçə illər əvvəl həmin ASC-yə ardıcıl olaraq eyni təyinat üçün milyonlar ayrılıb. Bəs bu işlər düzəlməyib ki?! Hansı rayonda subartezian quyularının təmiri pulsuz aparılır? Nasosun birini 800-1000 manata satır aidiyyəti rayon idarələrinin rəisləri... Bunu da Prezident yerində yoxlatmalıdır???

Prezidentin Ehtiyat
Fondunun vəsaitləri də tükənməz deyil!

Faktlar təsdiq edir ki, məmurlarımız hələ də bilmirlər ki, Prezidentin Ehtiyat Fondunun vəsaitləri də tükənməz deyil! Diqqətə çatdırım ki, məsələn, 2013-cü ildə Prezidentin Ehtiyat Fondu dövlət büdcəsinin gəlirlərinin 2 faizi həcmində, yaxud 367 milyon manat olub. Həmin rəqəm 2014-cü ildə 1,9 faizi, yaxud 343 mln. manat təşkil edib. Digər illər üzrə cərgələsək, məsələn, 2006-cı ildə isə Prezidentin Ehtiyat Fondundan 75 milyon manat, 2007-də 114 milyon, 2008-də 154 milyon, 2009-da 178,8 milyon manat və s. xərclənib. Bunlar rəsmi rəqəmlərdir. Prezident ölkənin çiçəklənməsi yolunda səxavət göstərir, büdcədən formalaşan Fondun vəsaitlərindən bu inkişafa yardım edir. Amma rayonlar düzəlmir ki, düzəlmir. Yeri gəlmişkən, Prezident son bir ildə Hacıqabulun sosial-iqtisadi inkişafı üçün neçə milyon pul ayırıb. Bu günlərdə rayon mərkəzində bir yas mərasimində iştirak edirdim. Palçıq və gölməçələrin əlindən meyidi qəbirstanlığa apara bilmirdilər. Özü də rayonun düz mərkəzində. Buna nə ad vermək olar?

Büdcəni əmən icra hakimiyyətləri...

Prezident.az saytından götürdüyüm bu rəqəmlər isə daha diqqəti çəkəndir. Fondun pullarını yeyənlər arasında rayonlar sanki bir-biri ilə bəhsə girib. Məsələn, ötən il Fondun vəsaitlərindən üst-üstə 69 halda şəhər və rayonlara nə az, nə çox-205,6 milyon manat pul verilib.Budur, bu da həmin İcra Hakimiyyətləri: Yardımlı 2 milyon (7 yanvar), Mingəçevir 2 (8 yanvar), Daşkəsən 2 (10 yanvar), Şirvan 2 (11 yanvar), Şamaxı 6 (18 yanvar), Quba 5 (1 fevral), Qazax 6,9 (18 fevral), Zaqatala 5,5 (19 fevral), Yardımlı 5 (21 fevral), Qax 3 (22 fevral), Qəbələ 4,9 (1 mart), Naxçıvan MR-in Babək rayonu 6,3 (5 mart), Xaçmaz 3,7 (27 mart), Xəzər 2 (29 mart), Bakı Şəhər İcra Hakimiyyəti 5 (3 aprel), Gəncə 1 (3 aprel), Sumqayıt 1 (3 aprel), Abşeron 2 (5 aprel), Xudat 500 min (9 aprel), Sabirabad 1 (12 aprel), Hacıqabul 2 (17 aprel), Mingəçevir 7 (18 aprel), Binəqədi 2 (22 aprel), Quba 3 (31 may), Gəncə 4 (5 iyun), Qaradağ 2 (13 iyun), Samux 1 (14 iyun), Sabunçu 2 (18 iyun), Goranboy 1 (19 iyun), Suraxanı 2 (20 iyun), Horadiz şəhəri 6 (27 iyun), Şirvan 2 (1 iyul), Tovuz 2 (6 iyul), Qazax 2 (8 iyul), Ağstafa 2 (9 iyul), Oğuz 1 (10 iyul), Yevlax 3 (11 iyul), Sabirabad 6 (12 iyul), Astara 3,3 (15 iyul), Saatlı 3,5 (16 iyul), Göyçay 2,2 (17 iyul), Siyəzən 2 (20 iyul), Xaçmaz 2 (23 iyul), Şabran 2 (25 iyul), Ağdaş 4 (26 iyul), Lənkəran 2,5 (29 iyul), Goranboy 3 (30 iyul), Tərtər 3,2 (31 iyul), Abşeron 3 (1 avqust), Gəncə 2,6 (2 avqust), Cəlilabad 2 (5 avqust), Kürdəmir 2 (8 avqust), Biləsuvar 2 (10 avqust), Beyləqan 2 (12 avqust), İsmayıllı 2 (15 avqust), Qəbələ 2 (17 avqust), Oğuz 2 (19 avqust), Şəki 4,5 (20 avqust), Qax 2 (21 avqust), Balakən 4 (22 avqust), Zaqatala 2 (23 avqust), Ağdaş 2 (24 avqust), Sabirabad 2 (30 avqust), Saatlı 2 (31 avqust), Ağcabədi 7 (2 sentyabr), Salyan 3 (6 sentyabr), Biləsuvar 5 (7 sentyabr), Cəlilabad 4 (9 sentyabr), Yardımlı 4 (10 sentyabr) milyon manat ayrılıb (Diqqət edilsə, təkcə Yardımlıya ildə 3 dəfə, cəmi 11 milyon manat pul ayrılıb).
Sonra da İcra başçıları sinələrinə döyüb AzTV-də müsahibə verirlər ki, rayonda filan abadlıq işi görmüşük!
Prezidentin ayırdığı pul vəsaiti ilə öyünməyə nə var, oğul odur rayonun büdcəsindən bu işi görsün. Yadımdan çıxmamış, təkrar soruşuram: bəs bu rayonların qazancı hanı??? Rayonları elə bil büdcəmizin dotasiyasına təhkim etmişik ki, sağmal inək kimi nə qədər istəyirsiniz əmin!!!

“Eşşəyə minmək bir ayıb,
düşmək isə iki ayıb”

İndi isə başlamışıq kəmərləri bərkitməyə. “Eşşəyə minmək bir ayıb, düşmək isə iki ayıb” atalar məsələni niyə unutmuşuq? Erməni mətbuatına yaxşıca mövzu vermişik.
Dünən bir şirkətin məsul işçisi mənə zəng edib deyir ki, bəlkə sən biləsən, ağlın nə kəsir, bizim şirkəti də ləğv edə bilərlər?
Artıq indi vaxtilə büdcə vəsaitlərinə divan tutan bəzi məmurlar axşam AzTV-dən təzə ləğv sərəncamını hansısa bir faciə-zəlzələ kimi gözləyirlər. Halbuki vaxtında bu barədə düşünmək və Allahın bəxşiş-hədiyyə kimi bizə verdiyi neftdən gələn pulların qədrini bilməli idik. Bilmədik. Ona görə də məmurlarımız da Prezidentin Ehtiyat Fondundan bəxşiş-hədiyyə kimi ayrılan milyonların qədrini bilmədilər. Amma hələ də gec deyil...
Asif Mərzili
\\ tezadlar.az \\
Geri qayıt