Əsas Səhifə > Siyasət, Manşet > Paytaxt sakinləri Qorxmaz Hüseynova müraciət etdilər: “Dağ kəndlərini bir kənara qoyun, Bakıda su yoxdur”

Paytaxt sakinləri Qorxmaz Hüseynova müraciət etdilər: “Dağ kəndlərini bir kənara qoyun, Bakıda su yoxdur”


28-01-2015, 09:32
Paytaxt sakinləri Qorxmaz Hüseynova müraciət etdilər: “Dağ kəndlərini bir kənara qoyun, Bakıda su yoxdur”
DİA.AZ: - “Son illər Azərbaycan iqtisadiyyatının sürətli inkişafı infrastrukturun digər sahələrində olduğu kimi, içməli su təchizatı və kanalizasiya sahəsində də köklü dəyişikliklərə səbəb olmuşdur. Cənab Prezident, Sizin rəhbərliyinizlə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası regionların dinamik inkişafını sürətləndirmiş, bölgələri əhatə edən bütün layihələr Azərbaycan vətəndaşlarının həyat şəraitinin yüksəldilməsinə xidmət etmişdir”.

Qeyd edək ki, bu sözləri dünən Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov deyib.

Hər halda Qorxmaz müəllimin prezidentə ünvanladığı dünənki hesabat xarakterli çıxışına nəzər saldıqda aşkar şəkildə ortaya bəzi yalanlar da çıxmış olur. Onu da bildirək ki, möhtərəm “Azərsu” sədri ilk dəfə deyil ki, belə bir mötəbər ünvana yalan söyləyir.

Elə DİA.AZ olaraq bir neçə gün əvvəl informasiya verərək bildirmişdik ki, Qorxmaz Hüseynov “+82 Qərb” su anbarının ərazisində yeni salınan “Yasamal” parkı ilə bağlı da prezidentə yalan söyləmişdi. Açılışında prezidentin iştirak etdiyi bu park bir neçə gündən sonra qəzalı vəziyyətə düşdü və bu fakt “Azərsu” rəhbərliyi tərəfindən ciddi-cəhdlə gizlədildi.

İndi isə “Azərsu” şefi yenidən yalnız kağız üzərində olan işlərilə göz qamaşdırmağa çalışır. Faktlar isə bunun əksini söyləyir. Faktlara keçməzdən öncə Q.Hüseynovun dünənki mötəbər tədbirdə spylədiyi sitatlarını xatırlayaq. O deyib ki, 2004-2008 və 2009-2013-cü illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə böyük layihələr həyata keçirilmişdir və hazırda icra olunan Dövlət Proqramı çərçivəsində işlər davam etdirilir: “Ötən dövrdə dövlət investisiyaları və beynəlxalq maliyyə qurumları tərəfindən cəlb olunmuş kreditlər hesabına 40 şəhərdə içməli su və kanalizasiya layihələri icra olunmuş, artıq 12 şəhərdə işlər yekunlaşmış, digər 28 şəhərdə isə davam etdirilir. Görülmüş işlər nəticəsində bu şəhərlərdə 480 min nəfər içməli su ilə təmin olunmuşdur ki, onların da 175 mini ilk dəfə mərkəzləşdirilmiş qaydada su alanlardır”.

Bəli, möhtərəm Qorxmaz müəllim neçə-neçə yaşayış yerlərinin su ilə təmin olunması barədə hesabatlar verir. Təbii ki, prezidentin gözəl təşəbbüsü və siyasəti nəticəsində qeyd olunan bütün bu işlər üçün dövlət vəsaiti ayrılıb. Amma bu vəsaitlərin ünvanına xərclənməsini şübhəyə alan yetərincə faktları davamlı olaraq diqqətinizə çatdırmışıq.

Ümumiyyətlə, Qorxmaz Hüseynov bu gün ucqar kəndlərin belə içməli su ilə təminatından bəh-bəhlə danışsa da, fakt tamam əksini söyləyir. Çünki fakt odur ki, bu gün paytaxt Bakının özünün belə ciddi şəkildə içməli su problemi var. Və paytaxtın hansısa ucqar məntəqəsi yox, lap elə mərkəzi.

DİA.AZ-a müraciət edən Bakının Bayıl qəsəbəsinin sakinləri bildirir ki, davamlı şəkildə içməli su təminatlarında problem yaranır. Və bununla bağlı «Azərsu»ya etdikləri müraciətləri də qulaqardına vurulur.

Bayıl sakinlərinin söylədikləri: «Elə bu gün səhər saatlarından da suyumuz kəsilib. Qorxmaz Hüseynov isə dünənki tədbirdə prezidentə dağ kəndlərinin içməli su ilə təchiz olunmasından danışırdı. Dağ kəndlərini bir yana qoyun, cənab Qorxmaz Hüseynov, Bakının mərkəzinə də bir diqqət yetirin»…

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt