Əsas Səhifə > Siyasət, Manşet > Təhlükə: Şəkər xəstələri üçün satılan dietik məhsullar zərərlidir

Təhlükə: Şəkər xəstələri üçün satılan dietik məhsullar zərərlidir


9-01-2015, 11:19
Təhlükə: Şəkər xəstələri üçün satılan dietik məhsullar zərərlidir
Mağazaların əksəriyyəti şəkərdən əziyyət çəkənlər üçün dietik ərzaq məhsulları satsa da, burada satılanlar heç də həmişə orqanizm üçün xeyirli olmur. Əksinə, şəkər xəstələri daha çox əziyyət çəkirlər, hətta bu səbəbdən komaya da düşürlər. Amma çox vaxt fərqində olnurlar ki, əslində dietik hesab edib aldıqları ərzaq məhsulu əslində şəkər və digər kimyəvi qatışıqlarla zəngindir. Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanovanın sözlərinə görə, diabet üçün nəzərdə tutulan ərzaq məhsulları xəstələr üçün əməlli-başlı problem yaradır: “Xəstələr elə başa düşürlər ki, əgər məhsulun üzərində şəkərli diabet üçün yazılıbsa, bu ərzaqlardan istədikləri kimi istifadə edə bilərlər. Hazırda satılan pəhriz çörəkləri ilə bağlı problemlər var. Çünki bu çörəklərin tərkibində şəkərin artmasına səbəb ola biləcək maddələr var.”

Həkim onu da vurğuladı ki, hazırda tərkibində şəkər olan məhsullar həm apteklərdə, həmçinin də mağazalarda şəkər xəstələri üçün hazırlanmış məhsullarla birgə, eyni vitrində satılır. Bu məsələlərlə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etsələr də, bunun nəticəsi olmayıb: “Elə məhsullar var ki, diabeti olan insanlar bu məhsullardan qətiyyən istifadə etməməlidir. Məsələn, "Sladkiy saxar”adlı məhsulun arxasında şəkər xəstələri üçün tövsiyə olunduğunu əks etdirən qeyd öz əksini tapıb. Qəndin 100 qramında 99,6 qram şəkər olsa da, bu məhsul hazırda Azərbaycanda şəkərli diabet xəstələri üçün hazırlanmış məhsullarla eyni vitrində satılır. Bu isə şəkər xəstələri üçün çox təhlükəlidir. Çünki, sözügedən qənd, çörəkdən də artıq və sürətlə qanda şəkərin miqdarını artırır. Bu bir biznesdir deyə, heç kim bu məhsulu satışdan çıxarmır. Təəssüflər olsun ki, bu məsələyə heç kim baxmır.”

Y. Sultanova bu problemin meyvə şirələri ilə bağlı olduğuna da diqqət çəkdi: “Şəkərli xəstələrin meyvə şirələri qəbul etməsinin də əleyhinəyəm. Mağazalarda diabet xəstələri üçün nəzərdə tutulan şirələr də satılır. Bu məhsulu istehsal edən müəssisəyə də rəsmi şəkildə müraciət etmişəm. Müraciətimə rəsmi olaraq heç bir cavab almamışam. Meyvə şirəsi şəkəri sürətlə qaldırır. Əgər xəstəyə təbii şirə olmazsa, deməli şəkər əvəzedicisi qatılmışı da olmaz.”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bu sahədə vəziyyətin acınacaqlı olduğunu bildirdi: “Bu cür dükanlarda heç də şəkərin səviyyəsinin azaldılmasına təsir edən mallar satılmır. Bəzən də bu malların vaxtı keçmiş olur. Bu sahədə böyük problemlər var. Hər bir dükan qazanca görə dietik məhsul satmaq üçün hissə ayırsa da, bu məhsulların heç birinin tibbi monitorinqi aparılmır. Bununla da şəkər xəstəsi olan əhalini aldadırlar. Hacıqabulda bizim şöbənin nümayəndəsi belə keyfiyyətsiz məhsulların satıldığı mağazadan hətta vaxtı keçmiş qarabaşaq və kisel almışdı. Təəssüf ki, bu sahədə özbaşınalıqdır. Ona görə də şəkər xəstələri özləri diqqətli olmalıdırlar. Məhsulların üzərində göstərilən dietik sözlərinin yazılmasına da inanmasınlar.”

Geri qayıt