Əsas Səhifə > Siyasət, Manşet > Rövnəq Abdullayevin rəhbərliyi altında ilginc gəlişmələr - Daməd İmanov büdcə pulunu necə yeyir?

Rövnəq Abdullayevin rəhbərliyi altında ilginc gəlişmələr - Daməd İmanov büdcə pulunu necə yeyir?


6-01-2015, 14:42
Rövnəq Abdullayevin rəhbərliyi altında ilginc gəlişmələr - Daməd İmanov büdcə pulunu necə yeyir?
Redaksiyamıza daxil olmuş növbəti şikayət ərizəsində ARDNŞ Xəzər Dəniz Neft Donanması Abşeron Rayon Dəniz Neft Donanma İdarəsinin (ARDNDİ) rəhbərliyi ciddi qanun pozuntularında ittiham olunur. Paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsində yaşayan vətəndaş Xanlar Ağayev bu idarənin rəisi Daməd İmanov tərəfindən şərləndiyini və hüquqlarının kobud şəkildə pozulduğunu iddia edir. Öz ərizəsində Xanlar Ağayev bildirir ki, o, bir müddət əvvəl ARDNDİ-nin “Şimal-59” adlanan gəmisində işləyib. Lakin sonradan bizə məlum olmayan səbəblərdən X.Ağayev idarənin rəhbərliyi üçün arzuolunmaz əməkdaşa çevrilib.

Münasibətlərdə yaranan gərginlik nəhayət ki, 2011-ci ilin əvvəllərində pik həddə çatıb. 27.01.2011-ci il tarixində isə Xanlar Ağayev işdən azad olunub. Lakin şikayətçinin işdən çıxarılması proseduru da bir sıra xoşagəlməz, hətta demək olar ki, kriminal məqamlarla müşahidə olunub. Ərizədə göstərilir ki, Daməd İmanov “Şimal-59” gəmisinə müəyyən yollarla spirtli içki və partlayıcı maddə qoyulmasını təşkil edib. Sonra isə bütün bunlarda birbaşa Xanlar Ağayevi təqsirləndirərək onun işdən qovulmasına zəmin yaradıb. Lakin ARDNDİ-nin rəhbərliyi tərəfindən Xanlar Ağayevə qarşı görülən “tədbirlər” bununla da bitməyib.

Belə ki, “partlayıcı” əməliyyatından dərhal sonra idarənin rəhbərliyi tərəfindən saxta, böhtan xarakterli akt tərtib olunub. Həmin aktda isə X.Ağayevin guya ki, ARDNŞ Xəzər Dəniz Neft Donanmasının rəisi Mübariz Mədətova qarşı və hətta ölkə rəhbərliyinə qarşı təhqiramiz ifadələr işlətdiyi qeyd olunub. Əlbəttə ki, bütün bunlar hansı məqamdasa Daməd İmanovun “ayağını tapdalamış” Xanlar Ağayevin göxdən salınması və onun işdən qovulması üçün atılan addımlar olub. Bəs görəsən ARDNDİ-nin rəhbərliyini belə bir addım atmağa hansı məqamlar vadar edib? Öz ərizəsində Xanlar Ağayev bu məsələyə də müəyyən qədər aydınlıq gətirir. Ərizədə qeyd olunur ki, bu iki şəxs arasında artıq neçə müddətdir ki, ciddi narazılıqlar mövcud idi. Bunun əsas səbəbi isə Daməd İmanovun öz işində yol verdiyi müxtəlif maxinasiyalardan, donanmada yer almış mənimsəmələr və digər korrupsiya əməllərindən Xanlar Ağayevin xəbərdar olması və bu hallara qarşı mütəmadi olaraq öz etirazlarını ifadə etməsi olub. Vəziyyətin getdikcə gərginləşməsi Daməd İmanovu əlbəttə ki, narahat etməyə bilməzdi.

Vəziyyətdən çıxmağın isə iki yolu var idi. Bunlardan biri etiraz edən tərəfi ələ almaq, onu öz əməllərinə şərik edərək susdurmaq olub. Lakin Xanlar Ağayev bu kimi təhrik və təkliflərə uymayıb. Bundan sonra ARDNDİ-nin rəhbərliyinin gördüyü yeganə çıxış yolu kimi qarşı tərəfdən yaxa qurtarmaq qalıb ki, məhz bu məqsədlə də Daməd İmanov öz əməkdaşına qarşı şər və böhtan aksiyası həyata keçirib. İmzaladığı ərizədə Xanlar Ağayev əlində ARDNDİ-nin rəhbərliyinin törətdiyi bir çox ciddi qanun pozuntularını təsdiq edən rəsmi sənədlərin olduğunu bildirir və ittihamlarını sübuta yetirəcəyi bilmədiyi halda məsuliyyət daşımağa hazır olduğunu vurğulayır.

Digər tərəfdən isə Xanlar Ağayev artıq uzun müddətdir ki, yaranmış problemlə bağlı müxtəlif instansiyalara müraciət etdiyini, lakin hələ də həmin instansiyalar tərəfindən heç bir araşdırmaya başlanılmadığını bildirir. Buna görə də şikayətçi mətbuat vasitəsilə məsələnin ictimailəşdirmək və problemin həllində ölkə rəhbərliyindən kömək istəmək qərarına gəlmişdir. Eyni zamanda da Xanlar Ağayev qanunsuz olaraq işdən qovulmağı səbəbilə, ötən dörd il ərzində ona dəyən ümumi maddi ziyanın 50000 (əlli min) manatdan artıq bir məbləğ təşkil etdiyini və bu ziyanın da onun əmək haqqı və digər vəsaitlərini mənimsəmiş Daməd İmanov tərəfindən ödənilməli olduğunu iddia edir...

Geri qayıt