Əsas Səhifə > Siyasət, Manşet > Hacı İbrahim Nehrəmlinin şirin nağılları İbrahimov qardaşlarının iqtisadi-siyasi ömrünü uzatmağa hesablanıb

Hacı İbrahim Nehrəmlinin şirin nağılları İbrahimov qardaşlarının iqtisadi-siyasi ömrünü uzatmağa hesablanıb


26-12-2014, 10:16
Hacı İbrahim Nehrəmlinin şirin nağılları İbrahimov qardaşlarının iqtisadi-siyasi ömrünü uzatmağa hesablanıb
DİA.AZ: - Bu günlərdə Amerikadan qayıdan “Avesta” konsernin prezidenti Hacı İbrahim Nehrəmli mətbuata tələsik bir tapşırıq verdi. Hər halda görüntüdə olanı bu idi. Qeyd edək ki, Hacı İbrahim okeanın o tayında olarkən belə bir xəbər yayıldı ki, neft böhranı ilə əlaqədar “Avesta” konserninin əsas iş icraçısı olduğu 100 milyard dollarlıq “Xəzər Adaları” layihəsinin də inşası dayandırılıb.

Bu xəbər isə Hacı İbrahimə yaxın media tərəfindən məhz konsern prezidentinin Amerikadan dönüşündən sonra “operativ” şəkildə təkzib olundu. Hətta bildirildi ki, nəinki iflas yoxdur, hətta Hacı İbrahim ABŞ-da özünə əlavə olaraq 2 ciddi partnyor da tapıb.

Təbii ki, “Avesta”dan belə də açıqlama gəlməli idi, təbii ki, yandaş media məhz bu şəkildə də davranmalı idi. Amma reallıq tamam fərqlidir və bu gün “Xəzər Adaları” layihəsinin inşasında çalışan fəhlələr də etiraf edirlər ki, hətta maaş problemi də yaranıb və vəziyyət o həddədir ki, keçən ay maaşlarını ala bilməyən fəhlələr bayram ərəfəsi də pul görməyəcəklər. Bunu da DİA.AZ-a fəhlələrdən biri xəbər verib.

Qeyd edək ki, süni yaradılmış 78 adanın üzərində yerləşəcək, 19 mikrorayondan ibarət olacaq "Xəzər adaları" 3350 hektar ərazini əhatə edir. Arxipelaqın ümumi sahəsi 30 kvadrat kilometr, uzunluğu 10, eni isə 6 kilometrdir. Bu rəqəmlərin nə demək olduğunu təsəvvür etmək üçün, hamıya yaxşı məlum olan Babək prospektinin uzunluğunun cəmi 4 kilometr olduğunu qeyd etmək kifayət edər.

Layihənin icraçısı "Avesta" konserni 3 il əvvəl bu işə başlayıb. Hal-hazırda yeni şəhərin girişi sayıla biləcək körpü, restoran kompleksi, 4 kilometrlik dənizkənarı bulvar və 4 əsas adadan 1-i tikilib. İndi isə özündə 40-50 əsas yaşayış binasını birləşdirəcək daha bir adanın tikintisi davam edir. Bu adada 100 min insanın yaşaması nəzərdə tutulur. Tikinti tam başa çatandan sonra şəhərdə daimi olaraq 800 min sakinin və əlavə olaraq 200 min turistin yaşaması nəzərdə tutulur. 2026-2030-cu illərdə şəhərin tikintisinin dördüncü mərhələsinin başa çatdırılması nəzərdə tutulur.

Şirkətdən verilən son açıqlamada qeyd olunur ki, artıq 2016-cı ildən adada məskunlaşma olacaq. Lakin DİA.AZ-a daxil olan informasiyalar tamam fərqli mənzərədən xəbər verir. Belə ki, bilgili qaynağın iddialarına görə, Amerikaya həqiqətən də ortaq tapmaq sevdası ilə gedən Hacı İbrahim okeanın o tayından necə getmişdisə, eləcə də qayıdıb. Yəni əliboş...

Hər halda, hazırki böhran dönəmində hansısa amerikalı pul-para sahibinin həm də ABŞ-ın maraq dairəsində olan bir siyasətə dəstək verən hər hansı bir addımı atacağı əvvəlindən inandırıcı görünmürdü. Və aydın olur ki, Nehrəmlinin ABŞ səfərində möcüzə baş verməyib. O zaman ortaya bir sual da çıxır: Nədən möhtərəm Hacı İbrahimin şirkəti “əlavə iki partnyor tapmışıq” şəklində açıqlama verir... Bizcə bu sualın cavabı sadədir...

Necə də olmalı idi ki? Bu layihənin süqutunun etirafı təkcə Hacı İbrahimin və qardaşlarının iqtisadi-siyasi fiaskosu olmayacaq, həm də sərt cəzalar belə gözləniləndir. Odur ki, cənab Nehrəmli hələlik manevrlərilə vəziyyətdən çıxmağa çalışır. Amma istənilən bir gizli işin üstünün açıldığı vaxtlar tez yetişir... Hətta 2030-cu ilə nəzərdə tutulsa belə...

Geri qayıt