Əsas Səhifə > Siyasət, Manşet > Rusiya xüsusi xidmət orqanları Azərbaycan diasporasının 2 üzvünü həbs edib
Rusiya xüsusi xidmət orqanları Azərbaycan diasporasının 2 üzvünü həbs edib1-09-2014, 11:16 |
DİA.AZ: - Rusiyanın hüquq-mühafizə orqanları Sankt-Peterburq şəhərində Azərbaycan diasporasının iki nüfuzlu simasını hələ keçən həftə həbs etsə də, hələlik bu məsələyə Azərbaycan dairələrindən heç bir reaksiya verilməyib. DİA.AZ bildirir ki, Rusiyanın Federal Təhlükəsizlik Bürosunun (FSB) əməkdaşları tərəfindən Sankt-Peterburq şəhərində 15 ilə yaxındır ki, məskunlaşan 3 azərbaycanlı - 44 yaşlı Azər Məmmədov, 55 yaşlı İlqar Quliyev və 45 yaşlı Elçin Şükürov həbs ediliblər. Onlar qeyri-leqal miqrant axınının təşkilində ittiham olunurlar və hətta onlara qarşı səslənən ittihamlarda Rusiyanın Krımı işğal etməsinin ardından Krımda qurulan yeni hökumətlə gizli əlaqələrin qurulması kimi ittiham xarakterli iddialar da yer alıb. Məlumatlarda bildirilir ki, həbs olunanlardan ikisi Rusiya vətəndaşlığını almaqla yanaşı, həm də Sankt-Peterburqdakı Azərbaycan diasporasının tanınmış simalarıdır. DİA.AZ-ın Rusiya KİV-lərindən əldə etdiyi informasiyaya görə, həbs olunanlar bir şəbəkə quraraq əsasən Azərbaycandan Rusiyada işləmək istəyənləri yerləşdirməklə məşğul imiş. Onlara qarşı səslənən ittihamlarda qeyd olunur ki, «Azərbaycan miqrant mafiyası» üzvləri Azərbaycandan gələn iş axtaranlara ilk əvvəl saxta Ukrayna pasportu verirmiş və bunun ardından həmin adamlar Krımda qeydiyyata salınaraq, ardından da Krımın işğalı səbəbindən asanlıqla Rusiya vətəndaşı edilirmiş. Məlumatlarda deyilir ki, bu yolla yüzlərlə azərbaycanlının Rusiya vətəndaşlığını alması ehtimalı var. Həbs olunanların evlərində, iş yerlərində və tez-tez toplaşdıqları «Starıye Druzya» restoranında aparılan axtarışlar zamanı onlarla azərbaycanlıya aid pasportlar da axtarılaraq götürülüb. Onu da bildirək ki, Rusiya mətbuatı bu hadisəni «Azərbaycanın miqrant biznes-mafiyasına ciddi zərbənin vurulması» kimi təqdim edib. Geri qayıt |