Əsas Səhifə > Siyasət, Manşet > Azərbaycanın Qarabağla bağlı hansı planları var?

Azərbaycanın Qarabağla bağlı hansı planları var?


5-08-2014, 11:42
Azərbaycanın Qarabağla bağlı hansı planları var?
DİA.AZ: - Son günlər cəbhə xəttindəki gərginlik Azərbaycan xalqı tərəfindən böyük həyəcanla izlənilir. Hər halda, kiminsə oğullarımızın tabutlarda evlərinə dönməsini rahatlıqla qarşılayacağını təxmin etmək çətindir.

Nə baş verir? İlk olaraq sual olunanı budur. Hələ də cəbhədə baş verənlərin dolğun təfsilatının çatdırılmaması bu yöndə kifayət qədər müəmmalara nədən olmaqla yanaşı, həm də müxtəlif şaiyələrə də yol açır. Və ən acınacaqlı olanı isə odur ki, naşı jurnalistika və üstəgəl düşmənin təbliğat maşını da yaranmış situasiyada kifayət qədər böyük maneələr yaradır.

Odur ki, bizlər istənilən bir informasiyanı əldə etdiyimiz zaman onu çiy formada ictimailəşdirməkdən uzaq qaçmaq zorunda qalırıq. Halbuki gün ərzində yüzlərlə məlumat əldə edirik.

DİA.AZ-a mötəbər mənbələrdən daxil olan informasiyada bildirilir ki, əslində bu gün cəbhə xəttində Azərbaycan dövlətinin milli maraqlarına zidd heç bir hadisə baş vermir və bu proseslər təbii ki, illərdir Qarabağın azadlığına təşnə kəsilmiş Azərbaycan xalqının ürəyincə olan bir nəticə ilə yekunlaşacaq.

Məlumatlı mənbənin bir qədər təhlil xarakterli fikirlərini diqqətinizə təqdim edirik: «Azərbaycan bu gün özünün xarici siyasətində hansısa iqtisadi marağı yox, məhz Qarabağ problemini prioritet kimi önə sürüb. Bunu hər kəs bilir və bütün beynəlxalq güclər dəfələrlə məhz bu məsələdən Azərbaycana qarşı manipulyasiya ediblər. Hər şey göz önündədir.

Artıq rəsmi Bakı hətta ənənəvi balanslaşdırılmış siyasətindən belə vaz keçməyə hazır olduğunu nümayiş etdirdi. Yəni Azərbaycanın 20 il ərzində problemin konservləşdirilməsində maraqlı olmadığını hər kəs gördü. Rəsmi Bakı diqqətlərə çatdırdı ki, hazırki vəziyyət yalnız ermənilərin maraqlarına xidmət edir. Qarabağ isə Azərbaycanın bir parçası olaraq ümumAzərbaycandakı proseslərdən kənarda qala bilməz. Hərtərəfli baxımdan. Həm inkişaf və həm də elə tənəzzül baxımından. Və gərə bu gün özünü Qarabağın yerli sakini hesab edən ermənilər bu şərtlərlə razılaşacaqlarsa, Azərbaycanın bərabərhüquqlü vətəndaşları kimi yaşamlarını sürdürə bilərlər.

Rəsmi Bakı bu prinsiplərini net şəkildə 20 il ərzində ifadə etsə də, bütün bu səmimi çabalar yalnız Azərbaycan dövlətini böyük güclərin buxovda saxlama cəhdi ilə müşaiyət olundu. Yəni Qarabağ problemindən Azərbaycanı nəzarətdə saxlaya bilmələri üçün istifadə etdilər. Bu gün isə rəsmi Bakı seçimini edib.

İstənilən halda Azərbaycan nə zamansa tərəf kimi çıxış etməli idi. Çünki bizim regionumuz elə bir mövqedədir ki, təcili seçimlər vacibdir. Artıq bunu elə seçimə vadar edən güclər də arzulayırlar. Təsəvvür edin, eyni zamanda həm Rusiya və həm də Qərb Azərbaycandan mövqe tələb edir. Azərbaycana isə özünün milli dövlətçilik maraqları vacibdir. Nəinki hansısa absurd dəyərlərin icrası… Azərbaycan kimlərinsə ideya poliqonu və kimlərinsə benzin çəlləyi rolunu oynamaq marağında deyil.

Bu gün Rusiya Azərbaycan üçün daha cazib təkliflərdə bulunursa, ən köhnə ədavətləri belə unutmaq zorundayıq. Əgər tarixi keçmişdəki pisliklərə qalsa, Azərbaycana zamanında işğalçı kimi girmiş ingilislərin də ermənilərə hansı şəkildə dəstək verdiyini xatırlamaq zorundayıq. Yəni tarixdə hər kəs bizimlə savaşa bilər. Vacib olanı bu gündür və bu gün hansısa keçmiş düşmənimizin bizə hərtərəfli baxımdan sərf edən dostluq əlindən imtina olunması heç də ağıllı siyasət la bilməzdi ki, rəsmi Bakı da bu ağılsızlığa getmədi.

Artıq Azərbaycan özünün Qarabağ torpaqlarının azadlığı uğrunda həm diplomatik və həm də hərbi müstəvidə ciddi addımlar atmaqdadır. Bunun nəticəsini uzaq gələcəkdə yox, yaxın günlərdə görəcəyik».


Geri qayıt