Əsas Səhifə > Siyasət, Manşet > Ziya Məmmədovdan Abbas Abbasova müəmmalı telefon zəngi
Ziya Məmmədovdan Abbas Abbasova müəmmalı telefon zəngi25-07-2014, 10:02 |
Ötən ilki prezident seçkiləri ərəfəsində nəqliyyat naziri Ziya Məmmədovla Rusiyada yaşayan Azərbaycanın keçmiş baş nazir müavini Abbas Abbasov arasında sıx təmas mövcud olub. Hətta nəqliyyat naziri Abbasovla bir neçə dəfə telefon əlaqəsi də saxlayıb. Bu barədə "Unikal"a məlumatlı mənbədən bildirilib. Qeyd edək ki, Abbas Abbasov Rusiyada yaradılan Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATI) əsas memarlarından biri sayılırdı. Bu ittifaqın yaranma səbəbi isə onun vasitəsi ilə Moskvanın ölkəmizin iç işlərinə siyasi müdaxiləsi olaraq göstərilirdi. Məhz bu səbəbdən Ziya Məmmədovun həmin siyasi baxımdan gərgin aylarda, Abbas Abbasovun Rusiya hakimiyyətinin siyasi maraqları prizmasından çıxış etdiyi və iqtidar içindəki bəzi dairələrə davamlı tənqidi ismarıçlar göndərdiyi dövrdə birbaşa təmas qurması suallar yaradır. Bildirildiyinə görə, artıq nəqliyyat nazirinin sabiq baş nazir müavini ilə həmin təmasları deşifrə edilib və elə bu səbəbdən də hazırda Məmmədov hakimiyyət daxilində olduqca çətin anlar yaşayır. Burada daha bir maraqlı məqam isə Məmmədovla Abbasovun ayrı-ayrı vaxtlarda verdikləri açıqlamalarda üst-üstə düşən bir məqamdır. Belə ki, ötən ilin yayında Abbas Abbasov müsahibələrində onunla hakimiyyət arasında münasibətləri pozmağa çalışan qüvvələrin varlığından bəhs edirdi. Ziya Məmmədov isə bu yaxınlarda "Unikal" olaraq qəzetimizə açıqlamasında özü və yaxınları barədə mətbuata sızan kompromatlarda bəzi adamların maraqlı olduğunu demiş və heç bir konkret ünvan göstərməmişdi. Bu iki açıqlamadan belə başa düşmək olar ki, sabiq baş nazir müavini ilə nəqliyyat naziri özlərinin hədəfə gəlməsində iqtidardakı müəyyən çevrələrdən şübhələnirlər və o ehtimal da istisna deyil ki, əslində hər iki şəxsin gileyləndiyi çevrələr eyni dairələrdir. Hələ aylar əvvəl KİV-də belə iddialar dolaşırdı ki, RATİ-nin aparıcı simalarından biri "AST" şirkətlər qrupunun rəhbəri Telman İsmayılovdur və onunla Ziya Məmmədovun dostluq münasibətləri var. Eyni zamanda onların ortaq biznesinin olduğu da bildirilirdi. İddia edilirdi ki, Telman İsmayılovla dostluq Ziya Məmmədovla RATİ-nin sədri olmuş baş nazirin sabiq müavini Abbas Abbasov arasında da isti münasibətlər yaradıb. Sonradan isə Məmmədov artıq Abbasovla birbaşa təmaslara keçib, onunla telefon bağlantıları quraraq hansısa dialoqdan çəkinməyib. Bu arada daha bir ilginc iddia ondan ibarətdir ki, nəqliyyat nazirinin deputat qardaşı Elton Məmmədov Çeçenistanda biznes qurub. Onun bunu nazir qardaşından xəbərsiz etdiyini düşünmək sadəlöhvlük olardı. Hazırda Məmmədovlarla Çeçenistan prezidenti Ramzan Kadırov arasında yaxşı işgüzar münasibətlərin olduğu bildirilir. Ramzan Kadırovun isə Rusiya prezidenti Vladimir Putinlə hədsiz dərəcədə yaxınlığını bilməyən yoxdur. Kadırov Kremlin sahibinə hədsiz sədaqəti ilə bilinir və qeyd olunur ki, bu səbəbdən Putin ona yüksək etimad göstərir. Məmmədovların Çeçenistana sərmayə yatırmaları isə onların Kadırov vasitəsilə Putinlə yaxınlaşmaq cəhdlərinin təzahürü kimi dəyərləndirilir. Yeri gəlmişkən, maraqlıdır ki, məhz RATİ ilə bağlı proseslərin gücləndiyi vaxtda - ötən ilin mayında Çeçenistan Respublikasının Nəqliyyat və rabitə nazirliyi Bakı şəhəri ilə Qroznı arasına beynəlxalq avtobus reyslərinin açılması üzrə işlər apardığı barədə məlumat yaydı. Həmin vaxt ölkənin nəqliyyat və rabitə naziri Ramzan Çerxiqova bildirmişdi ki, əsas diqqət Çeçenistan Respublikasının nəqliyyat vasitələrinin keyfiyyətinin artırılmasına, xidmətin keyfiyyətinə və sərnişinlərin təhlükəsizliyinə yönəldilib. Bununla əlaqədar yeni "For Tranzit", "MAN" və "PAZ" markalı avtobuslar alınıb. Prosesin digər tərəfində bizim Nəqliyyat Nazirliyinin dayandığını söyləmək yəqin artıq olardı. Sonradan bu istiqamətdə hər hansı yenilik baş vermədi, belə güman etmək olar ki, bu, Məmmədovların "Çeçenistan açılımı"nın iflası ilə bağlıdır. Beləliklə, bütün bu iddialardan görünən budur ki, nəqliyyat nazirinin Kremllə və ona yaxın olan Abbas Abbasovla sıcaq ilişgilər qurmaq üçün kifayət qədər cəhdləri və səyləri olub. İstisna deyil ki, Məmmədovların özləri və biznesləri ətrafında son aylarda cərəyan edənlər də məhz belə səylərin və cəhdlərin deşifrə edilməsi ilə birbaşa bağlıdır. Onların ciddi şəkildə tənqid hədəfinə gətirilməsini yuxarıda diqqətinizə çatdırdığımız məqamlara görə cəzalandırma kimi də başa düşmək olar. Geri qayıt |