Əsas Səhifə > Siyasət, Manşet > Saatlıda bütün üzvləri əlil olan ailə Allahın ümidinə buraxılıb
Saatlıda bütün üzvləri əlil olan ailə Allahın ümidinə buraxılıb5-07-2014, 10:48 |
Azərbaycanın iqtisadi qüdrəti artdıqca əhalinin həyat səviyyəsi yüksəlir, yaşayış tərzi yaxşılaşır. Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər də təqdirəlayiqdir. Ancaq gəlin etiraf edək ki, hələ də çətin vəziyyətdə, uçuq-sökük evlərdə ağır vəziyyətdə yaşayan ailələr də var. Bu ailələrin sosial durumu hamının ürəyini ağrıdır. Belə ailələrin maddi imkanlarının aşağı səviyyədə olması, gəlirlərinin və əmək qabiliyyətlərinin olmaması onların ömürlərinin sonuna qədər ağır və dözülməz şəraitdə yaşamasnı qaçılmaz edib. Ümid isə yalnız xeyirxah insanlara, getdikcə qürətlənən dövlətimizə, ölkə başçısının humanistliyindən bəhrələnən yerli icra hakimiyyəti orqanlarına qalıb. Azərbaycan Prezidentinin humanizim prinsiplərinə sadiqliyi acınacaqlı və dözülməz şəraitdə yaşayan aztəminatlı ailələrə böyük ümidlər verir. Qalır bircə yerli icra hakimiyyəti orqanlarının həmin ailələrə diqqət və qayğı göstərmələri. Belə ailələrdən biri də Saatlı rayonunun Qıraqlı kəndində yaşayan, üzlərinin hamısının əlil olduğu Zeynalovlar ailəsidir. Ailənin başçısı Zeynalov Afiq Sabir oğlu I qrup əlildir. Onun böyük qızı 6 yaşlı Səlimə və 5 yaşlı oğlu Asim də I qrup əlildirlər. Uşaqların anası Zeynalova Ağabacı İsrayıl qızı isə III qrup əlildir. Əlillik dərəcəsini təsdiqləyən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının müvafiq qərarı da var. Ailə üzvlərinin sağlamlıq vəziyyəti təsdiqləyir ki, Zeynalovlar ailəsi özlərinə heç vaxt təzə ev tikə bilməyəcəklər. Çünki bu ailə yalnız əlilliyə görə aldıqları pensiya ilə dolanır. Hazırda yaşadıqları ev isə çox pis vəziyyətdədir. Güclü külək əssə, onların yaşadıqları ev yerlə-yeksan olacaq. Ümid qalır yalnız belə ailələrə həmişə arxa-dayaq olan dövlətimizə. Bizdə olan məlumata görə Saatlı Rayon İcra Hakimiyyətinin rəhbərliyi də bütün üzvləri əlil olan bu ailənin uçuq-sökük evdə yaşamasından xəbərdardır. Ancaq nədənsə Zeynalovlar ailəsi üçün münasib bir ev tikdirmək hələ də naməlum səbəblərə görə uzadılır. Bu ailənin dözülməz və ağır şəraitdə yaşamasını görən hər bir azərbaycanlının ürəyi ağrıyar. Ancaq ürəyin ağrıması əsas deyil. Əsas odur ki, bu ailəyə təcili kömək lazımdır. Yəqin ki, Saatlı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi hamılıqla əlil olan Zeynalovlar ailəsinə 2 otaqlı evin tikintisi ilə maraqlanacaq, ağır və dözülməz şəraitdə yaşayan ailə təhlükəli vəziyyətdən və acınacaqlı durumdan azad olunacaq. Geri qayıt |