Əsas Səhifə > Siyasət, Manşet > Azərbaycan kimin yanında olmalıdır: Avropanın yoxsa, Avrasiya Birliyinin?

Azərbaycan kimin yanında olmalıdır: Avropanın yoxsa, Avrasiya Birliyinin?


3-07-2014, 11:09
Azərbaycan kimin yanında olmalıdır: Avropanın yoxsa, Avrasiya Birliyinin?
DİA.AZ: - Son günlər Qərbə aid müxtəlif institutlarla problemlər yaşayan rəsmi Bakının qarşısında Avropa və yaxud da Rusiya seçiminin edilməsi şərti ciddi tələb şəklində qoyulmaqdadır. DİA.AZ bildirir ki, dünənə qədər xarici siyasətində balanslaşdırılmış siyasətə üstünlük verən Azərbaycan dövlətinin ənənəvi pozisiyasından imtinası zərurətə çevrilib. Hətta rəsmi Bakı ilə gözəl münasibətlərdə olan Kreml belə bu gün Azərbaycan rəsmilərindən konkretləşdirilmiş mövqe tələb edirlər. Yəni kimin yanındayıq: Avropanın yanındayıq, yoxsa Rusiyanın yeni Avrasiya Birliyi, Gömrük İttifaqı projelərindəyik.

Təbii ki, rəsmi Bakı yenə də ənənəvi mövqelərinə üstünlük verdiyini nümayiş etdirməyə çalışır və balanslaşdırılmış siyasətindən imtina etmək fikrində olmadığını göstərir. Amma buna baxmayaraq, artıq bir çox sferalarda qəti şəkildə toqquşan Qərb və Rusiya kifayət qədər həlleidici faktora malik olan Azərbaycanın yekun cavabını tələb edirlər. Bu cavabın verilməsi isə təkcə Azərbaycan iqtidarı üçün deyil, Azərbaycan dövləti üçün də yetərincə əhəmiyyətə malikdir.

Nə etməli?

Təbii ki, Azərbaycanın hazırki situasiyada konkret mövqe nümayiş etdirməsi uğurlu hesab oluna bilməz. Doğrudur, bu gün Qərbmeyilli analitiklər, siyasi dairələr rəsmi Bakıdan Rusiyaya «yox» deyib, Avropaya inteqrasiyanı tərənnüm edirlər. Hətta bu günlərdə Gürcüstan, Ukrayna və Moldovanın Avropa Birliyi ilə saziş imzalamasını xatırladaraq, eyni şəkildə rəsmi Bakının da bu inteqrasiya prosesinə qoşulmasını vacib hesab edirlər.

Amma nə üçün? Bizə Avropa Birliyi bu gün yalnız bir qrup siyasi dairənin məhdud hüdudlu maraqlarının təminatından başqa nələrisə verə bilməz. Azərbaycan o ölkə deyil ki, Avropa Birliyi ilə geniş ticari əlaqələrə malik olsun ki, yekunda bu ittifaqa qoşulmadan iqtisadi baxımdan faydalansın. Bizə Avropa Birliyi ən yaxşı halda rahat halda birlik ölkələrində turist kimi gəzməyi asanlaşdıra bilər. Bunun arxasında azad turist səfərlərindən yaxşı nəsə yoxdur. Yox, əgər söhbət Avropanın demokratikləşmə prosesində Azərbaycana təsir edəcəyindən gedirsə, onsuz da illərdir bu proses davam edir. Bunun isə hansısa formada müsbət nəticəsini görməmişik.

Həm də ortada bir «gözüçıxmış qardaş» nümunəsi - Türkiyə nümunəsi var. İllər ərzində Avropa Birliyi Türkiyəni «Avropa sevdası» adı altında otardı. Sonradan isə rəsmi Ankaraya net şəkildə bildirildi ki, müsəlman Türkiyə Avropa Birliyində təmsil oluna bilməz. Avropa Birliyinin maya ideyasını təşkil edən Xristian Tacirlər İttifaqı nəzəriyyəsi də hansısa müsəlman ölkəsinin bu birlikdə təmsilçiliyini istisna edir. Diqqət yetirin, hətta Avropanın rusiyameyilli Serbiyadan dava ilə qopardığı müsəlman Kosovo belə bu gün Avropa Birliyinin sərhədlərindən kənarda tutulur. Bu isə Azərbaycanın istənilən halda bu birliyə buraxılmayacağını, sadəcə gələn dəvətlərlə Azərbaycandan regionda istifadə niyyətini tam çılpaqlığı ilə ortaya qoymaqdadır.

Yəni Azərbaycan istəsə belə, Rusiyadan imtina etsə belə, Azərbaycanı kimsə Avropa Birliyi hüdudlarına almayacaq. Bu bir faktdır. Kimsə iddia edə bilməz ki, «Avropa Birliyinə gedirik» ideyası ilə Türkiyə dövlətinin ənənəvi dövlətçilik sütunlarını darmadağın edən qardaş ölkədən daha çox bizlər Avropa Birliyinə qoşulmağa layiqik… Kimsə bunu iddia edə bilməz. Hətta bu gün Türkiyənin Azərbaycandan fərqli olaraq Avropa ilə birbaşa sərhədləri də mövcuddur. Amma buna rəğmən məlum xristian nəzəriyyəsi səbəbindən rəsmi Ankara rədd cavabını bir-birinin ardından almaqdadır.

Azərbaycanın isə Avropa Birliyinə yaxınlaşma siyasətinə cəlb olunması isə sırf olaraq bu birlik ölkələri üçün vacib olan enerji təhlükəsizliyi məsələsində və həm də regionda Rusiyanın maraqlarının baltalanması istiqamətində ölkəmizdən faydalanma niyyətinə qulluq edir. Yəni bu da o deməkdir ki, Avropa bizi yalnız alət kimi görürük. Onların başqa planlarında yer almamışıq.

Avropa Birliyindən fərqli olaraq Azərbaycana alternativ ideya kimi təqdim olunan Avrasiya Birliyi kifayət qədər cəlbeidicidir. Və Avropa Birliyindən fərqli olaraq Azərbaycan Avrasiya Birliyinə qoşularsa, dividentlər, əlahiddəliklər əldə edə bilər.

Nədir bunlar? İlk növbədə Qarabağ probleminin Azərbaycanın maraqlarına uyğun həllində real irəliləyiş. Bunu hər kəs yaxşı dərk edir. Və bu gün hətta Ermənistan da yaxşı bilir ki, rəsmi Bakının Kremlə bir səmimi müsbət reaksiyası yetərlidir ki, Qarabağın açarları dövlətimizin cibində olsun. Bunu kimsə inkar edə bilməz. Həm də bu məqam inkar edilə bilməz ki, Avropa Birliyi yolunda Azərbaycan işğal olunmuş torpaqlarına bir santimetr də olsun, yaxınlaşa bilməyəcək. Yenə də məlum xristian təəssübkeşliyi…

Təbii ki, Azərbaycanın Avrasiya Birliyinə qoşulacağı və yaxud da meyillənəcəyi təqdirdə əldə edəcəyi müsbətlər tək Qarabağla məhdudlaşmır. Bu, geniş böir mövzudur. Yəni əsas olanı odur ki, Kreml bizi alətə çevirməyi düşünmür, sadəcə olaraq özünün ənənəvi imperialist siyasətindən yaranmış nostalgiyasına söykənərək Azərbaycanı bugünkü dünya şərtlərinə uyğun olaraq şirnikləndirici təkliflərlə yanında saxlamağa çalışır. Əks halda, biz Kremlin qəzəbini belə hiss edə bilərik…

Nə etməli? Təbii ki, son qərar bu gün Azərbaycan dövlətini idarə edənlərindir.

DİA.AZ Analitik Qrupu
Geri qayıt