Əsas Səhifə > Siyasət, Manşet > Məmur qohumunun restoranı sakinləri çilədən çıxarıb

Məmur qohumunun restoranı sakinləri çilədən çıxarıb


19-06-2014, 10:23
Məmur qohumunun restoranı sakinləri çilədən çıxarıb
Xətai rayonu, Xocalı küçəsi 14 ünvanında yerləşən binanın sakinlərindən Qafqaz Xəbər Agentliyinin
(qafqaznews.az) redaksiyasına şikayət məktubu daxil olub. Məktubda deyilir ki, həmin ünvanda yerləşən binanın birinci mərtəbəsində təxminən bir ilə yaxındır ki, “ Wasabi” adlı restoran fəaliyyət göstərir. Qafqaz Xəbər Agentliyinin apardığı araşdırma nəticəsində məlum olub ki, restoranın yerləşdiyi obyektin sahibi Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevin oğlu Elnur Vəliyevdir. Onu da qeyd edək ki, Elnur Vəliyev əvvəl Səbail RPİ-də baş əməliyyat müvəkkili vəzifəsində işləyib. Sonradan o, Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə rəis təyin olunub və bir neçə il öncə yeni il ərəfəsində “Yaxt klub”da baş verən atışma məcarasından sonra rəis vəzifəsindən azad olunaraq yenidən köhnə vəzifəsinə qayıtmışdır. Sonra isə Suraxanı RPİ-nin 31-ci Polis Böləməsinə rəis müavini təyin olunub və bir müddət sonra DİO-dan xaric olunub. Və həmin vaxtdan Türkiyədə böyük biznes quraraq öz biznes fəaliyyətini Azərbaycanda genişləndirməyə başlayıb.
Və “İnoksan” şirkətinin sahibi əslən Gəncədən olan iş adamı Telman Hənifəyev həmən restoranın yerləşdiyi obyekti Elnur Vəliyevdən icarəyə götürüb.
Obyekt icarəyə götürüləndən sonra isə orada “Wasabi” adlı restoran fəaliyyətə başlayıb. Qonşuların bildirdirdiyinə görə obyektə axşam saat 23:00-dan səhərədək hay-küylü musiqi çalınır və şəhərin işsiz-gücsüz adamları həmən obyektdə eyş-işrətlə məşğul olaraq bina sakinlərinin istirahətini pozurlar.

Binanın sakinləri dəfələrlə Xətai rayonunda ictimai asayişi qorumalı olan polis işçilərinə müraciət etsə də restoran öz fəaliyyətini olduğu kimi də davam etdirir.
Hətta bir neçə dəfə qonşular restoranın sahibi Telmam Hənifəyevə şikayət edəndə restoranda canfəşanlıq edən “gözəlçə”lərlə sakinlər arasında münaqişə baş verib.
Telman Hənifəyev barədə çox mətləbləri açıb-ağartmaq olar. Ancaq ümüd edirik ki, Telman Hənifəyev öz restoranında dəyişiklik edəcək və gecələr binanın sakinlərinin ictimai asayişini daha pozmayacaq.
Biz bir mətbuat vasitəsi olaraq vətəndaşların istirahət hüququnu tanıyırıq, ancaq bu, başqalarının istirahətini pozmaq hesabına olmamalıdır.
Yazı dərc olunarkən redaksiyamıza məlumat daxil oldu ki, restoranın müdriyyəti binanın sakinlərinə bildirib ki, bundan sonra hər gün deyil, həftədə iki gün səhərəcən sizin yuxunuza soğan doğrayacağıq.
Son məlumata görə binanın sakinləri komendantın vasitəsilə Telman Hənifəyevlə əlaqə saxlayaraq öz iradlarını bildiriblər, restorandakı hay-küydən səhərədək yata bilmədiklərini söyləyiblər. Telman Hənifəyevsə bildirb ki, külli miqdarda icarə haqqı verirəm, əgər səhərədək restoranı işlətməsəm icarə haqqını verə bilmərəm.
P.S. Yeri gəlmişkən, onu da qeyd edək ki, araşdırma zamanı məlum oldu ki, Gəncə Şəhər icra başçısının qardaşı oğlunun daha bir bahalı obyekti H.Əliyev Mərkəzinin yaxınlığında yerləşən “ELVET” ət restoranıdır. Görünür, Elnur Türkiyədəki “NÜSRET” ət məhsulları şəbəkəsinin brendini Bakıda “xoda” salmaq istəyir.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt