Əsas Səhifə > Siyasət, Manşet > Fars-molla rejimi rəsmi Bakıya qarşı “dindar məhbus” kampaniyasını davam etdirir

Fars-molla rejimi rəsmi Bakıya qarşı “dindar məhbus” kampaniyasını davam etdirir


7-06-2014, 11:51
Fars-molla rejimi rəsmi Bakıya qarşı “dindar məhbus” kampaniyasını davam etdirir
DİA.AZ: - Bir daha xatırladaq ki, prezident İlham Əliyevin İrana səfəri ərəfəsindən və səfərdən sonra belə bir təəssürat yarandı ki, artıq fars-molla rejiminin illərdir Azərbaycan dövlətinə və Azərbaycanın dövlət rəhbərliyinə qarşı apardığı mətbu kampaniya durdurulur. DİA.AZ bildirir ki, amma bu “atəşkəsin” ömrü çox qısa oldu. Belə ki, rəsmi Bakıya qarşı hazırda Azərbaycan həbsxanalarında saxlanılan iranyönümlü dindarlarla bağlı təzyiqlər edən və müxtəlif təbliğat kampaniyası aparan İran mətbuatı bu yöndəki fəaliyyətinin təsadüfi olmadığını da kampaniyanın davamlılığı ilə nümayiş etdirdi. Bununla həm də İran-Azərbaycan dostluğunun heç bir halda mümkün olmadığı bir daha təsdiqlənmiş oldu.

Əslində bu qabaqcadan da bəlli idi. Azərbaycanın necə ki, Ermənistanla dostluğu imkansızdır, eləcə də Ermənistana hər zaman dəstək verən və bu gün də Azərbaycan torpaqlarının böyük hissəsini işğalı altında saxlayan fars-molla rejimi ilə səmimi münasibətlərimizin olacağı inandırıcı deyil. Bunu tərəflərin hər biri gözəl anlayır.

Xüsusən də hövsələsiz İranın antiAzərbaycan ruhlu mediası. DİA.AZ olaraq “arannyus” portalında yer almış və rəsmi Bakını hədəfə alan bir kampaniya ilə bağlı məlumatı olduğu kimi diqqətinizə təqdim edirik:

“İslam İnsan Haqları Komitəsi- Azərbaycan Respublikasında həbs olunan islamçı məhbuslarla həmrəylik ongünlüyü münasibəti ilə dünən 2 iyunda Təbrizin Səttarxan mərkəzində konfrans keçirilmişdir.
“İslamda və beynəlxalq hüquqda azadlıq haqqı” mövzusunda keçirilən konfransda komitənin katibi cənab Kazimzadə qonaqları salamlayaraq konfransın keçirilməsində məqsədin Azərbaycanın islamçı məhbuslarına dəstəkdən ibarət olduğunu bildirdi. Sonra Azərbaycan Respublikasının tanınmış ruhanilərindən olan Höccətül-İslam Faiq Vəlioğlu ölkəsinin dini-ictimai vəziyyəti, eləcə də mənəvi və mədəni azadlıqlar haqda məlumat verdi. O, İslam İnsan Haqları Komitəsinin rəhbərliyinə, Ali Liderin Təbriz şəhərindəki səlahiyyətli nümayəndəsinə və konfrans iştirakçılarına təşəkkürünü bildirərək dedi:
“Biz müstəqillikdən sonra Qarabağ böhranı ilə üz-üzə qaldıq, 1 milyon 200 min nəfər öz yurd-yuvasından didərgin düşdü, evləri dağıdıldı, el-obaları xarabalığa çevrildi. Düşmən bizim əcdadlarımızın qəbirlərinə də rəhm etmədi, onların baş daşlarını çıxarıb satdı. Lakin biz inşallah, gənclərimizin səyi ilə mübarizə aparıb Qarabağı azad edəcəyik”.
Faiq Vəlizadə 25 may - 3 iyun ongünlüyünün Azərbaycan Respublikasında həbs olunmuş islamçı məhbuslarla həmrəylik ongünlüyü elan olunduğunu xatırladıb bunun azəri mübarizlərin anılması üçün münasib zaman olduğunu bildirdi. O dedi: “Bizim dərdimiz budur ki, dini və mənəvi azadlıqlarımız əlimizdən alınıb. Və bütün bunlar əcnəbi və müstəmləkəçi düşmənlərin ədavətli siyasətinin nəticəsidir. Öz bacılarının hicabını qorumaq üçün fəryad qoparan qeyrətli azəri gəncləri isə həbsxanalara göndərilir. Azərbaycan xalqının əksəriyyəti İslamı və Quranı istəyir, İslam təlimlərinə qarşı mübarizə xalq üçün bir problem və hətta faciədir. Müsəlman intizamlı, sağlam və cəmiyyətə faydalı olur, qanuna hörmətlə yanaşır. Lakin təəssüf ki, Azərbaycanda belə insanları təcrid edir, dövlət işlərindən uzaqlaşdırır, yaxud cibinə narkotik maddə yerləşdirib yalançı şahidlər vasitəsilə həbs edirlər”.
Tanınmış ruhani çıxışının davamında dedi: “Biz bu ongünlükdə həbsdə olan din qardaşlarımızı müdafiə etmək üçün ayağa qalxmışıq. Əslində oğru və rüşvətxorlar həbsxanalarda olmalıdır, amma biz Azərbaycanda bunun əksini müşahidə edirik. Lakin bir məsələni də deyim: Hicab və İslam məhbusları Azərbaycan həbsxanalarını gülüstana çevirmişlər. Bəzən nəzarətçi polislər də onlardan təsirlənirlər. Bəzi həbsxanalarda məscid tikmiş və ibadət edənlərin sayını artırmışlar”.
Höccətül-İslam Faiq Vəlioğlu sonda bir daha məzlumu müdafiənin çox böyük və müqəddəs iş olduğunu xatırladıb konfransın təşkilatçılarına müsəlman Azərbaycan xalqı adından minnətdarlığını bildirdi, islamçı məhbusların azadlığı üçün dua etdi.
Təbriz şəhərinin çoxlu elm adamlarının, jurnalist və hüquqşünasların qatıldığı konfransın sonunda bəzi iştirakçılar da öz fikirlərini bildirdilər, Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiklərini ifadə edib, islamçı məhbusları bu ölkənin müsəlman xalqının ucalıq simvolu adlandırdılar”.

Geri qayıt