Əsas Səhifə > Siyasət / Manşet > “166 Cargo” şirkətinin VALYUTA HOQQABAZLIĞI...

“166 Cargo” şirkətinin VALYUTA HOQQABAZLIĞI...


Bu gün, 08:50

"Şikayətim “166 Cargo” şirkəti ilə bağlıdır". "DİA-AZ" xəbər verir ki, bunu "Müştəriyəm Şikayətim var" sosial qrupundakı paylaşımında İlahə Həsənova adlı istifadəçi qeyd edib.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "ABŞ-da yerləşən iHerb mağazasından ümumi dəyəri 106 AZN olan vitamin məhsulları sifariş etmişəm. Daha sonra Smart Customs tətbiqində sifarişimlə bağlı gömrükdə saxlanılma qeydi ilə qarşılaşdım.
Bu məsələ ilə bağlı Vergi Xidməti ilə əlaqə saxladım və mənə bildirildi ki, bəyan etdiyim məbləğ 106 AZN olsa da, cargo şirkəti həmin məbləği 106 USD olaraq qeyd edib. Yəni məbləğlər üst-üstə düşmədiyi üçün sifarişim saxlanılıb.
Bundan sonra 166 Cargo ilə əlaqə saxladım. Bu gün mənə bildirdilər ki, sifariş ABŞ-dan olduğu üçün məbləğ avtomatik olaraq USD ilə nəzərə alınıb. Lakin, şirkətin mobil tətbiqində bəyanat verdiyim zaman valyuta seçimi mövcud deyildi. Mən də təbii olaraq bu məsələyə etiraz etdim və qeyd etdim ki, müştəri olaraq mən haradan bilməliyəm yazdığım məbləğin hansı valyutada qəbul ediləcəyini?
Onlar cavab verdilər ki, “ABŞ-dan sifariş verdiyiniz üçün bu, aydındır”. Mən isə bildirdim ki, bu yanaşma doğru deyil — əgər mən iHerb mağazasında ödənişi AZN ilə etmişəmsə, o zaman siz də ya valyuta seçimi təklif etməlisiniz, ya da Azərbaycanda fəaliyyət göstərən bir şirkət olaraq AZN ilə xidmət göstərməlisiniz.
Təəssüf ki, bu müzakirə zamanı telefondakı operator xanım mənimlə kobud şəkildə danışdı və səs tonunu qaldıraraq üzərimə qışqırdı. Mən, həmçinin, Vergi Xidmətindən öyrəndim ki, məhsul gömrükdə saxlandığı üçün hava limanına gedərək şəxsi şəkildə götürməliyəm. Halbuki, mən məhsulun tam kargo haqqını ödəyərək ünvana çatdırılmasını sifariş etmişdim. Bu halda məsuliyyətin 166 Cargo şirkətinə aid olduğunu qeyd etsəm də, operator xanım bütün məsuliyyəti mənim üzərimə qoydu və şirkətin heç bir günahı olmadığını bildirdi.
Mən isə sadəcə Smart Customs sistemində fərqli valyuta seçiminin mümkün olduğunu vurğuladım və kargo şirkətinin də buna uyğun təkmilləşdirmə aparmalı olduğunu bildirdim.
Nəticə etibarilə, istehlakçı kimi hüquqlarımın pozulduğunu düşünürəm. Təkcə ödənişin geri qaytarılması deyil, hətta sadə bir üzr belə dilə gətirilmədi. Hesab edirəm ki, müştəriyə bu cür münasibət yolverilməzdir".

Geri qayıt